Heydər Əliyev azərbaycançılıq ideyasını həyata keçirmiş bir dövlət xadimi olaraq Azərbaycan tarixində yaşayır

Heydər Əliyev azərbaycançılıq ideyasını həyata keçirmiş bir dövlət xadimi olaraq Azərbaycan tarixində yaşayır 

Niyaməddin Məmmədov 

Lənkəran şəhər, Zövlə kənd Bələdiyyəsinin sədri,

"İlin fəal bələdiyyə sədri”, "Vətənpərvər bələdiyyə sədri”

media mükafatları laureatı


Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərindən ümumən dünyada çox böyük hadisələr baş verdi. Mən düşünürəm ki, bu hadisələri belə səciyyələndirmək olar ki, dünyada milli azadlıq hərəkatlarının artıq aşkar şəkildə getməsi və imperiyaların dağılması prosesi getdi. O cümlədən, dünyanın ən böyük imperiyası olan sovetlər birliyində də bu istiqamətdə hadisələr cərəyan etdi. Ümumiyyətlə, sovetlər birliyinin dağılması sırf zəruri proses idi. Bunu da şərtləndirən müxtəlif səbəblər vardı. Əvvəla, sovetlər birliyi "xalqlar həbsxanası” adlanırdı. Və bu həbsxana həm siyasi, həm də sözün geniş mənasında polis nəzarətilə ciddi mühafizə olunurdu. Amma əsrin ortalarından başlayaraq tədricən sovetlər birliyinin rəhbərləri də görürdülər ki, bu birlik dağılmaq üzrədir. Baxmayaraq ki, müəyyən inersiyalarla bu birlik yaşadılırdı. Hətta bu birliyin dağılmaması üçün həm xaricdən, həm də daxildən ciddi təzyiqlər vardı. Amma bu təzyiqlər get-gedə öz gücünü itirirdi. Sovetlər birliyinin dağılacağını birliyin rəhbərləri bəlkə də daha yaxşı proqnozlaşdırırdı. Heydər Əliyev də belə bir dövrdə dövlət təhlükəsizlik orqanlarında çalışırdı və görürdü ki, sovetlər birliyi daxilindəki millətlərin düşüncələri nədən ibarətdir. Yaxşı bilirdi ki, birlik artıq xeyli dərəcədə öz möhkəmliyini itirirdi. Ona görə də, gənc yaşlarından istedadlı, tarixi yaxşı bilən, tarixi prosesləri düzgün dəyərləndirmə qabiliyyətinə malik bir insan olaraq diqqəti daha çox xalqın milli xüsusiyyətlərinə və onların müdafiəsinə verirdi. Biz bəzən Azərbaycanın Heydər Əliyevi deyirik. Amma Heydər Əliyev o qədər genişmiqyaslı fəaliyyət göstərirdi ki, bu fəaliyyətində də o qədər uğurlu nəticələr əldə etmişdi ki, istər-istəməz Azərbaycanın özü Heydər Əliyevin Azərbaycanına çevrilmişdi. O dövrdə Azərbaycanın tarixi, milli ənənələrinin, dəyərlərinin bərpası ilə bağlı müxtəlif iddialar olmuşdu. Və şübhəsiz ki, bu iddialar cəzalandırılmışdı. Məsələn, Mirzə İbrahimov və onu dəstəkləyən müəyyən adamlar iddia qaldırmışdılar ki, Azərbaycanda dövlət dili sözün həqiqi mənasında Azərbaycan dili elan olunsun, dövlət idarələrində rus dili yox, Azərbaycan dili işlənsin. Amma qeyri-taktiki şəkildə məsələ qaldırılmışdı. Baxmayaraq ki, Mirzə İbrahimov da sovetlər birliyinin orqanizmini yaxşı bilirdi. Amma o bir yazıçı, ziyalı fəaliyyəti səviyyəsindən yuxarı qalxa bilmədi. Ona görə də, bu hərəkətlər cəzalandırıldı.

 

Amma Ulu öndərimiz bu məsələnin reallaşmasına nail oldu. Ümummilli liderimiz hələ Sovet dövründə milli məsələlərin həllinə, xalqımızın adət-ənənələrinin, milli-mədəni dəyərlərinin bərpasına nail olurdu. Maraqlıdır, O, bu qədər obyektiv çətinliklərə baxmayaraq, bunlara necə nail olurdu?

images (12).jpgHeydər Əliyev Azərbaycan dilinin dövlət idarələrində işlənməsi, milli dəyərlərimizin lazımi şəkildə təqdim olunmasını bəlkə də Mirzə İbrahimovdan çox istəyirdi, amma bununla yanaşı, O, çox yaxşı bilirdi ki, qiyamçılıq bu məsələdə özünü doğrultmayan bir addım olacaq. Və beləliklə, O, tədricən, sovetlər birliyinin tərkibində olan Azərbaycanın mövqeyini gücləndirməklə bu prosesləri tədricən və müvəffəqiyyətlə həyata keçirməyə nail oldu. Heydər Əliyevin seçdiyi taktika bu məqsədlərə xidmət edirdi: Azərbaycanın iqtisadiyyatını, onun imperiya daxilindəki mövqeyini gücləndirməklə, Azərbaycan keçici qırmızı bayraqlar almalı, Azərbaycan sovetlər birliyi səviyyəsində tanınmalıdır ki, bu tanınma Azərbaycanı dünyaya çıxardan faktora çevrilsin. Heydər Əliyev böyük dövlət xadimi olduğuna və milli maraqları müdafiə etməyin texnologiyalarını yaxşı bildiyinə görə, 1960-cı illərin sonu, 1970-ci illərdə milli inkişaf meyillərinin geniş miqyasda yayılmasına nail oldu. Bir mühüm məsələ də ondan ibarət idi ki, Ulu öndər Azərbaycanı sovetlər birliyində tanınan bir respublikaya çevirdi. Azərbaycanın sovetlər birliyində tanınması, yüksəlməsi, eyni zamanda, Azərbaycan şəxsiyyətinin yüksəlməsi demək idi. Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın tanınmış ədəbiyyat xadimlərinə, dövlət adamlarına, ictimai xadimlərə xüsusi nüfuz qazandırıldı. Həmçinin, təkcə o dövrdə yaşayanlar deyil, daha əvvəlki tarixlərdə yaşamış şəxsiyyətlərə xüsusi nüfuz qazandırıldı, onlarla böyük milli tarixi şəxsiyyətlərə abidə ucaldıldı. Bu o demək idi ki, sənin əcdadın, sənin dədə-baban bunlardır. Bir var ki, milli düşüncə təkcə ziyalılarda, ictimai xadimlərdə olsun, bir də var ki, milli düşüncə kütləviləşdirilsin. Heydər Əliyev bunu həyata keçirdi. Ona görə də, sovetlər birliyinin tərkibində türk-müsəlman respublikalar içərisində ən öndə gedən, müstəqillik hissiyyatları ən güclü olan respublika Azərbaycan idi.

Onu da qeyd etmək lazımdır ki, artıq 1960-cı illərdən başlayaraq, SSRİ-də milli məsələlərə münasibətdə müəyyən yumşalmalar var idi. Artıq hiss olunurdu ki, müxtəlif xalqlar, respublikalar özünəməxsusluqlarını israrla təlqin edirdilər. Əlbəttə, bu, hələ o demək deyildi ki, respublikalar müstəqillik almışdılar. Amma bununla yanaşı, hər halda bu müstəqillik maraqları özünü göstərirdi. Məsələn, Azərbaycanda Novruz bayramının yenidən qeyd olunmasına çalışılması, Azərbaycan dilinin dövlət idarələrində işlənilməsi haqqında Fərmanın verilməsi kimi irəliləyişlər müşahidə olunurdu.

images (6)Heydər Əliyev bütün gücünü toplayaraq dövlət quruculuğundan daha çox xalq, millət quruculuğu işinə diqqət yetirirdi. Yəni, O bilirdi ki, mütəşəkilli olan bir millət dövlətsiz ola bilməz, gec-tez o, özünəməxsus dövlətini quracaq. Məhz 1980-ci illərin sonlarında xalq hərəkatı baş qaldırarkən hamı bilirdi ki, bu xalq Heydər Əliyevin sayəsində mütəşəkkillik tapıb və ancaq bu iradə bu mütəşəkkilliyi idarə etmək bacarığına malikdir. Çünki Heydər Əliyevin xalq, millət quruculuğundakı xidmətləri artıq müəyyən bir tarixə malik idi. Və bu tarix bütün dəqiqliyi ilə göstərirdi ki, bu təmənnasız bir tarix idi. Yəni, Heydər Əliyevin fəaliyyəti, içdən, daxildən gələn, xalqın mütəşəkkillik enerjisini özündə ifadə edən bir fəaliyyət idi və burda heç bir konyuktura yox idi. Amma təbiidir ki, müəyyən məqamlar oldu ki, bu məqamlarda bəzən tarixi şəxsiyyət obyektiv səbəblərdən hadisələrin mərkəzində ola bilmir. Burada hər dövrün öz konyukturasının böyük rolu olur.

1991-ci ildə Azərbaycan dövləti öz müstəqilliyini elan etdi. Amma bu, ölkəmizə çox baha başa gəldi. Bunun səbəbləri nə idi və niyə Azərbaycan digər Sovet respublikaları ilə müqayisədə bu yolu daha çətin keçdi?

Burada bir neçə səbəb göstərmək lazımdır. Birincisi, elə əvvəllər də, xüsusən, XIX əsrin sonu, XX əsrdən başlayaraq regionda Azərbaycana irticaçı maraq həmişə böyük olub. Çünki Azərbaycan xalqı Cənubi Qafqazın aparıcı xalqıdır və proseslərdə həmişə fəallıq göstərib. Azərbaycanın coğrafiyasına həmişə müxtəlif iddialar olub. Bu iddialar da regionda yaşayan müxtəlif xalqlar vasitəsilə irəli sürülüb. Təbii ki, burada da aparıcı işi Moskva görüb ki, regionda Rusiyanı qoruyacaq xristian mühiti yaratsınlar. İkincisi, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycanda siyasi qüvvələr arasında ortaq mövqenin olmaması, nəticə etibarilə prosesləri daha da gərginləşdirmişdi. Eyni zamanda, Heydər Əliyev kimi, Ümummilli liderimiz adını qazanmış böyük şəxsiyyətin də fəaliyyəti məhdudlaşdırılmışdı. Ona görə də, istər-istəməz eyni gücə sahib olan çoxlu sayda qüvvələr toqquşmalı oldu. Xüsusi nüfuzu olan bir qüvvə yox idi ki, siyasətin məqbul bildiyi hər hansı bir formula ilə Azərbaycanda mərkəzləşmə yaratsın. Üçüncü səbəb isə o idi ki, sovetlər birliyinin dağılma ərəfəsində Moskva heç bir respublikanı əlindən buraxmamaq üçün müxtəlif təxribatlara əl atırdı. Moskvanın son müqaviməti Azərbaycanda daha çox tətbiq olundu. Çünki Moskva üçün Azərbaycan daha böyük strateji əhəmiyyətə malik idi. Yəni, sadalanan bu səbəblər Azərbaycanın bu prosesləri daha böyük itkilərlə başa vurmasına səbəb oldu. Bir də ölkəyə rəhbərlik edən siyasətçilərin bir faktor kimi rolunu düzgün qiymətləndirmək lazımdır. Belə bir məqamda, təbiidir ki, Heydər Əliyev Azərbaycanda dərhal hakimiyyətə gələ bilməzdi. Çünki o zamanlar Azərbaycanda gedən proseslər tam dağıdıcı, mərkəzdənqaçma əhval ruhiyyəli idi. Burada əsl lideri etiraf etmək psixoloji cəhətdən müşkülə çevrilmişdi. Və yenicə azadlıq, müstəqillik əldə olunmasından irəli gələn bir eyforiya da var idi. Bu həyəcanda hər kəs nə qopardacaqsa, onun barəsində düşünürdü. Ona görə də, ölkənin təsərrüfatına, idarəçilik sisteminə, təhsilinə, mədəniyyətinə böyük ziyan vuruldu, ölkənin ziyalıları cəmiyyətin ən çox təhqir olunan hissəsi idi. Elm adamları, yazıçılar, incəsənət xadimləri ən pis vəziyyətə düşdülər. Amma dağıdıcılıq da uzun zaman davam edə bilməz. Çünki bu elə bir proses idi ki, nə vaxtsa yekunlaşmalı idi. Dağılan şey də nə vaxtsa qurtarır, tükənir. Artıq bölünməli, dağılmalı nəsə qalmayanda, cəmiyyətin özünə lider axtarışları, onu idarə edə biləcək gücü axtarmaq meyilləri başladı. Hamının diqqəti artıq öz fəaliyyəti ilə xalqın lideri olduğunu, bu gücə sahib olduğunu sübuta yetirmiş Heydər Əliyevə yönəldi.

1993-cu ildən sonra Azərbaycanda hər şey dəyişdi. İstər siyasi, istər iqtisadi, istərsə də sosial sferalarda böyük inqilabi dəyişikliklər yarandı. Amma istərdik sizə daha yaxın olan bir sahədə müşahidə olunmuş dəyişikliklər, qəbul olunmuş böyük qərarlar haqqında danışaq.

Həmin dövrdə müəyyən adamlar Azərbaycan xalqının Ümummilli lideri haqqında çirkin təbliğat aparılırdı. Ona qarşı ən müxtəlif iddialar səsləndirməkdə idilər. Deyirdilər ki, o kommunist olub, sovet respublikalarından birinə rəhbərlik edib. Hətta belə bir konyuktur iddia irəli sürürdülər ki, guya Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın demokratikləşməsi istiqamətində gedən prosesin qarşısını alacaq. Amma bütün hallarda onlar Heydər Əliyevin böyük şəxsiyyət olması reallığını inkar edə bilmirdilər. Hətta ən inkarçı adam belə, bilirdi ki, Heydər Əliyev böyük şəxsiyyət idi. Amma heç kəs deyə bilməzdi ki, Heydər Əliyev ölkədən hansısa neqativ hallar üçün istifadə edib, çünki Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyət göstərdiyi dövrlərdə ancaq quruculuq işləri ilə məşğul olub. Ona görə də, Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycan artıq müstəqil dövlətdir və həm daxili, həm də xarici siyasətdə müstəqil hərəkət etməlidir. Amma Heydər Əliyev onu da yaxşı bilirdi ki, yeni tarix əvvəlki tarixin davamıdır. Yəni, xalq kökündən dəyişilməyib, Azərbaycana başqa xalq gətirilməyib, əvvəlki xalq tarixə çevrilməyib. Və bu xalqı da Heydər Əliyev yaxşı tanıyırdı. Ona görə də, Heydər Əliyev üçün yeni dövr nə qədər yeni olsa da, O, əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Bilirsiniz ki, Onun gördüyü böyük işlər, planlar, istiqamətlər var idi və bu proqramlar, tamamilə inkar olunardısa, istər-istəməz xalqı bir yerə toplamaq, yeni dövlət quruculuğu proqramı həyata keçirmək, iqtisadiyyatı dirçəltmək, cəmiyyəti, onun milli – mənəvi gücünü toplamaq mümkün olmazdı. Ənənə davam etməli idi. Heydər Əliyev əvvəlcədən bir azərbaycançı idi. Amma artıq azərbaycançılığın önündə yeni üfüqlər açılmışdı. Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində yaransa da, onu həyata keçirmək mümkün olmamışdı. Gözəl ideyalar hər bir xalqın tarixində olub. Böyük siyasi xadi, dövlət adamı ona deyirlər ki, həmin ideyaları həyata keçirsin. İdeya irəli sürmək kiçik bir iş deyil. Amma ən böyük iş ideyanı həyata keçirməkdir. Heydər Əliyev azərbaycançılıq ideyasını həyata keçirmiş bir dövlət xadimi olaraq Azərbaycan tarixində yaşayır. 




[email protected]