KƏNAN VƏKİLOV
BDU-nun "Beynəlxalq münasibətlər və iqtisadiyyat" fakültəsinin dekan müavini,
iqtisadiyyat üzrə fəlsəfə doktoru, "BDU-100" media mükafatı laureatı
Toplumun ali kamillik göstəricisi dövlətdə birləşmək, liderin müstəsna tarixi xidməti dövlət yaratmaqdır. Hər bir xalqın tarixində onun müstəqil dövlətini yaratmaq kimi əzəmətli vəzifəni öz üzərinə götürmüş ümummilli liderlər olub.
Dövlət müstəqilliyini uzun illər itirmiş Azərbaycanın XX əsrin sonlarında istiqlalına qovuşduqdan sonra milli dövlətçiliyini bərpa edərək müstəqil dövlətini yaratmaq missiyasını tarixin hökmü ilə Heydər Əliyev yerinə yetirməli oldu. Xalqımızın indiki nəsilləri müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlara görə Heydər Əliyevə minnətdar olduğunu gizlətmir. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, ümummilli lider adını qazanmışdır.
Heydər Əliyevin xalqımızın qəlbində əsrlər boyu yaşamış müstəqillik ideyaları ilə qovuşması, heç şübhəsiz, əhəmiyyətli təkamül mərhələsi keçərək XX əsrin son onilliklərində Azərbaycanın milli yüksəlişinin məfkurə əsası kimi özünü büruzə vermişdir. Bunun əyani misalını sovet rejiminin ən sərt çağlarında Azərbaycana rəhbərlik edən Heydər Əliyevin milli ruhun inkişafına təkan verən cəsarətli addımlarında görmək o qədər çətin deyil. Əvvəla, Heydər Əliyev ona xas olan müdrikliklə dərk edirdi ki, siyasi müstəqillikdən məhrum olmuş xalqın milli ruhunu dirçəltməyin ən etibarlı yolu onun iqtisadiyyatının inkişafından keçir. Məhz bunun sayəsində xalqın özünə inamı arta bilər ki, bu da öz növbəsində milli ruhu yüksəltmək, milli oyanışı gücləndirmək və millətin özünü ifadə etmək arzusunu daha dərindən alovlandırmaq qüdrətinə malikdir. Bu mənada, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikanın sıçrayışlı iqtisadi yüksəlişinin xalqımızın müstəqillik məfkurəsinin möhkəmlənməsində əvəzsiz rol oynadığını ayrıca vurğulamamaq ən azından ədalətsizlik olardı.
Digər tərəfdən, unudulmamalıdır ki, Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi illərində respublikanın inkişafı universal səciyyə daşımış, yüksəliş həyatın heç bir sahəsindən yan keçməmişdir. Başqa sözlə, iqtisadi inkişafla yanaşı, milli ruhu yüksəltməyə birbaşa təkan verən mədəni və mənəvi intibah meyilləri də aydınca müşahidə edilmişdir ki, bu da atılan addımların milli - məfkurə məna tutumuna malik olduğuna heç bir şübhə yeri qoymur. İqtisadi inkişafın formalaşdırdığı milli özünəinam hissləri mədəni-mənəvi yüksəlişin yaratdığı milli özünüdərk və özünüifadə istəkləri ilə tamamlanaraq əslində müstəqillik məfkurəsinin gündən-günə möhkəmlənən nüvəsini əmələ gətirirdi. 1977-ci ilin Konstitusiyasında SSRİ-nin əyalətlərindən biri olan Azərbaycanda Azərbaycan dilinin dövlət dili elan edilməsi yuxarıda irəli sürülən tezisi təsdiqləmək gücündə ola biləcək çoxsaylı dəlillərin ən bariz nümunəsi sayıla bilər.
Heydər Əliyevin 1982-ci ildə SSRİ kimi nəhəng dövlətin ali rəhbərliyində təmsil olunmasının milli qürur və iftixar hissi yaradan amil kimi milli məfkurəvi rol oynamasını da diqqətdən kənarda saxlamaq düzgün olmazdı. Xalqın liderinin onun hüdudlarından kənarda tanınması və etiraf olunması qədər məfkurəyə və milli düşüncəyə emosional səviyyədə müsbət təsir göstərən digər amil təsəvvür etmək çətindir. Ümummilli lider Heydər Əliyevin dünyanın iki super dövlətindən birinin rəhbərlərindən olması gerçəkliyini dərk etmək özü-özlüyündə milli-birləşdirici amil kimi məfkurə daşıyıcısı rolunu yerinə yetirirdi.
Sadalanan tezisləri cəm edərək tam əminliklə söyləmək mümkündür ki, bir yandan Heydər Əliyevin XX əsrin son onilliklərində Azərbaycanın intibahı yolundakı xidmətləri, digər tərəfdən isə milli lider kimi birmənalı olaraq bütün xalq tərəfindən qəbul edilməsi milli azadlıq məfkurəsinin yeni mərhələdə formalaşmasında həlledici rol oynamış oldu. Məhz bunun sayəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda azadlıq hərəkatı SSRİ-nin digər respublikaları ilə müqayisədə daha böyük vüsət ala bilmişdi. Azadlıq hərəkatının çox müxtəlif -istər rəsmi, istər qeyri-rəsmi səviyyələrdə, artıq o zaman istefada olan Heydər Əliyevin adı ilə əlaqələndirilməsi də öz növbəsində irəli sürdüyümüz fikrin təsdiqinə xidmət edən parametrlərə sahib olduğunu göstərir. Onu da vurğulamağa dəyər ki, Heydər Əliyev fenomenini geniş vüsət almış azadlıq hərəkatından ayırmaq cəhdləri nəticə etibarı ilə bu təşəbbüs tərəfdarlarında təsəlli yaradacaq sonluğa gətirib çıxarmadı. Etiraf etmək lazımdır ki, Heydər Əliyevin adı və şəxsiyyəti azadlıq hərəkatını həvəsə gətirən və ona əlavə güc verən fenomen kimi qətiyyətlə qəbul olunurdu.
Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan müstəqil dövlət kimi özünü elan etdikdən sonra ilk aylarda daha aydın hiss olunmaqda idi. Müstəqil Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, tez-tez təkrarlanan hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, yaranmış daxili böhrandan faydalanan erməni təcavüzünün getdikcə daha çox Azərbaycan torpaqlarını əhatə etməsi, ölkənin xaricdən təcrid olunması və əslində, təklənməsi Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi.
Getdikcə daha artıq insan bu ideyanın təsiri altına düşür və dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töfvələr verən Heydər Əliyev qazanılmış müstəqilliyin müstəqil dövlətə çevrilməsinin yeganə təminatı ola bilər. Məhz onun sayəsində müstəqillik ideyaları həqiqi gerçəkliyə çevrilə, qazanılmış dövlət müstəqilliyi geriyə dönməzlik imunitetinə sahib çıxa bilər. Qətiyyətlə iddia etmək olar ki, XX əsrin 90-cı illərinin başlıca siyasi gerçəkliyi olan bu həqiqətin dərk edilməsi çağdaş tariximizə əslində müstəqillik məfkurəsində şəxsiyyət fenomeninin təntənəsi, sözün həqiqi mənasında, Heydər Əliyevə qayıdış və əlbəttə, Heydər Əliyevin tarixi qayıdışının təməlinin qoyulması kimi daxil olub. Azərbaycan müstəqillik məfkurəsini şəxsiyyət fenomeni ilə tamamlamaq üçün Heydər Əliyevə qayıdışa, qazanılmış müstəqilliyi geriyədönməz milli sərvətə - müstəqil dövlətə çevirmək üçün isə Heydər Əliyevin qayıdışına möhtac idi.
Azərbaycanın müstəqilliyin bərpası ərəfəsində və ilk illərində ciddi təhlükələr məngənəsində yaşamağa məhkum olması, son həddə çatmış siyasi qeyri-sabitlik, sürətli iqtisadi tənəzzül, erməni təcavüzünün coğrafiyasının genişlənməsi və bütün bunların qaçılmaz nəticəsi kimi əhalini bürüyən bədbinlik hisslərinin getdikcə güclənməsi cəmiyyətin dövlət qurucusu anlamında başadüşülən güclü şəxsiyyətə ehtiyacını artıran ən möhtəşəm arqumentlər idi. Ötən əsrin 90-cı illərinin ictimai ovqatının dövlət qurucusu olan güclü lider ideyası üzərində kökləndiyini sübuta yetirmək üçün kifayət qədər dəlillərin gətirilməsi mümkündür. Müdrik, təcrübəli və qüdrətli şəxsiyyət olmadan ölkəni əhatə etmiş total böhranın aradan qaldırıla biləcəyinə heç kimdə ümid qalmamışdı. Bir növ, güclü şəxsiyyət Azərbaycanın nicatı kimi qavranılırdı və bu mənada qüdrətli lider ideyası o dövrün siyasi gerçəkliyinin əsas aparıcı qüvvəsinə çevrilmişdi.
Azərbaycanın müasir tarixinin ən böhranlı mərhələsi hesab edilən XX əsrin 90-cı illərinin əvvəllərində ictimai düşüncə səviyyəsində güclü lider ideyasının birmənalı şəkildə Heydər Əliyev şəxsiyyəti ilə əlaqələndirilməsi o dövrün gerçəkliyinin digər, yuxarıda qeyd olunan məfkurə prinsipindən daha populyar ideyası olaraq qavranılırdı. Başqa cür ifadə etməli olsaq, etiraf etmək lazımdır ki, haqqında söhbət açdığımız güclü şəxsiyyət ideyası əslində ümidlərin Heydər Əliyevlə bağlanmasına ideoloji baza yaratmaq məqsədi güdürdü. Ən başlıcası isə bu, bütünlüklə cəmiyyəti, onun hər bir təbəqəsini həm əhatə edən, həm də birləşdirən məfkurə rolunu oynayırdı.
Heydər Əliyevin möhtəşəm tarixi qayıdışı zərurətinin nəzəri-ideoloji əsası özünün ifadəsini məhz yuxarıda haqqında söhbət açdığımız güclü şəxsiyyət ideyasında tapır. Heç şübhə yoxdur ki, Azərbaycanın XX əsr tarixinin ən ecazkar hadisələrindən olan məşhur tarixi qayıdış ümummilli ictimai düşüncə səviyyəsində dərk edilən zərurət olduğundan, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilk növbədə xilaskarlıq missiyası ilə yüklənmişdir. Xalq Heydər Əliyevin qayıdışına xilaskarlıq missiyası kimi yanaşdığından, Heydər Əliyevə də xilaskar kimi baxırdı.
Azərbaycanın müasir tarixinin real təhlükələrin altında, sözün həqiqi mənasında, əzildiyi bir vaxtda ictimai düşüncədə xilaskar ümummilli lider Heydər Əliyev obrazının formalaşmasının təsadüfi olmadığını əsaslandırmaq bəlkə də artıqdır. Əslində, Heydər Əliyevin məlum tarixi proseslərin müasiri olması faktı kifayət edirdi ki, xalq öz taleyinin xilas edilməsini ona həvalə etsin.
Qeyd etməyə dəyər ki, Heydər Əliyev ən təhlükəli anlarında Azərbaycan xalqının öz taleyini ona etibar etməkdə yanılmadığını möhtəşəm qayıdışın elə ilk aylarında sübuta yetirə bildi. Qısa bir zaman kəsiyində ölkəni bir neçə il ərzində taqətdən salan hərc-mərcliyə qətiyyətlə son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, hərtərfli böhran cilovlandı, erməni təcavüzünün Azərbaycanın dərinliklərinə irəliləməsinin qarşısı alındı.
Heydər Əliyevin xilaskarlıq missiyasının fəlsəfəsinə xas olan fərqləndirici cəhətlərdən birinin haqqında da fikir mübadiləsi aparılmasına ehtiyac duyulmaqdadır. Heydər Əliyev şəxsiyyətinin əzəməti və miqyası onun tarixi qayıdışının mənasını yalnız xilaskarlıq missiyası ilə məhdudlaşdırmağı qeyri-mümkün edir. Əslində, o, Azərbaycanın düçar olduğu vəziyyətdən xilasını geniş planda ölkədə nəinki yeni siyasi, həm də iqtisadi və mənəvi situasiyanın yaradılmasında görürdü. Başqa sözlə, Heydər Əliyev özünün xilaskarlıq missiyası dedikdə elə genişmiqyaslı, sistemli və ardıcıl həyata keçirilən islahatları başa düşürdü ki, bunları həyata keçirərək Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz olduğunu, müstəqil Azərbaycan dövlətinin qurulduğunu bəyan etmək mümkün olsun. Buna görə müstəqil Azərbaycan dövləti quruculuğunun əsasını təşkil edən çoxsahəli və ardıcıl layihələrin təntənəsi həm də Heydər Əliyevin xilaskarlıq missiyasının gerçəkləşməsi kimi qavranılır. Yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması həm də Azərbaycanın müstəqil dövlətçiliyini möhkəmləndirən əsasların yaradılması demək idi.
Ölkəmizə yönəlmiş müxtəlif təzyiq və təhlükələrin dəf edilərək birdəfəlik neytrallaşmasında Heydər Əliyev dühasının məhsulu olan neft strategiyasının müstəsna rol oynadığını xüsusi qeyd etməyə ehtiyac var. Məhz onun sayəsində Azərbaycan uğurlu tarazlaşmış xarici siyasət yeritmək manevri qazana bilər, iqtisadiyyatını dirçəltmək, genişmiqyaslı sosial layihələri həyata keçirmək üçün güclü dəstək əldə edə bilərdi. Heç şübhəsiz ki, ölkəmizin regionda lider dövlətə çevrilməsi, dünyanın ən dinamik iqtisadiyyatına malik olan ölkə adını şərəflə dörd il dalbadal daşıması, Azərbaycanın beynəlxalq aləmdə rolunun və əhəmiyyətinin hissolunan dərəcədə artması və digər çoxsaylı uğurlarımız Heydər Əliyevin neft strategiyası ilə birbaşa bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və xalqımızın taleyində neft strategiyasının nə qədər böyük əhəmiyyət daşıdığı Azərbaycan Resbublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının III qurultayındakı nitqində lakonik şəkildə belə ifadə etmişdir: "Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində ölkəmizə milyardlarla dollar xarici sərmayə gətirilibdir. Əgər 1994-cü ildə, o çətin şəraitdə "Əsrin müqaviləsi" imzalanmasaydı, ondan sonrakı dövr ərzində bütün infrastruktur layihələri həyata keçirilməsəydi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanmasaydı, bu gün Azərbaycanda iqtisadi inkişafdan, ümumiyyətlə, söhbət gedə bilməzdi. Azərbaycanın bir çox sahəsi məhz "Əsrin müqaviləsi"ndən sonra inkişaf etməyə başladı. Bu müqavilə bir növ bütün iqtisadi inkişaf üçün möhkəm təkan verdi. Azərbaycanın qarşısında duran sosial məsələlər daha da uğurla həll olunmağa başladı".
Heydər Əliyevin xilaskarlıq missiyasının həyata keçirilməsində müstəqil dövlət quruculuğunda istifadə olunan qüdrətli vasitələr sırasında azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərin gücləndirilməsi həlledici rol oynayır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin başının üstünü almış təhlükələr və total böhran separatçı meyillərlə müşayiət olunmaqla daha da dərinləşərək əslində Azərbaycanı real parçalanmaq həddinə çatdırmışdı. Ölkə üçün üzləşdiyi təhdidlərin ən təhlükəlisi olan separatizmin dəf edilməsi ifrat dərəcədə zəifləmiş mərkəzi hakimiyyət şəraitində yalnız ümumi birləşdirici ideya əsasında mümkün idi. Və təbiidir ki, belə bir ideya yalnız Heydər Əliyevin zəkasının nəticəsi kimi meydana gələ bilərdi.
Azərbaycançılıq məfkurəsinin Heydər Əliyevin tarixi qayıdışının Azərbaycan gerçəkliyinə gətirdiyi ən dəyərli və gərəkli ideya olduğunu vurğulamaq əslində bir daha onun böyüklüyünü etiraf etməkdir. Azərbaycandakı dayanıqlı sabitlik, milli birlik və həmrəylik sözün həqiqi mənasında həm də Heydər Əliyevin azərbaycançılıq baxışlarına minnətdar olmalıdır.
Beləliklə, Heydər Əliyevin 1993-cü ilin həyəcanlı anlarında möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası qüdrətli, müstəqilliyinin əbədi, dönməz və sarsılmaz olması heç kimdə şübhə doğurmayan Azərbaycan dövlətinin qurulması ilə nəticələndi. Heydər Əliyevin adı tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu, müstəqil Azərbaycan dövləti isə Heydər Əliyevin şah əsəri olaraq qəbul edildi. Müstəqil Azərbaycan bu gün Heydər Əliyev siyasətinə istinad edərək qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, dahi azərbaycanlıya məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir.