Son illər geniş yayılmış plastik əməliyyat növlərindən biri də yanaqda zənəxdan yaradılmasıdır. Bir çoxları gözəllik naminə istəyir ki, yanaqlarında zənəxdanı olsun. Məhz buna görə həkimə müraciət edənlərin sayı artır.
Məsələ ilə bağlı paytaxtda yerləşən klinikalardan biri hətta qiymət də müəyyənləşdirib: bir yanaqda əməliyyat 200 manatdır. Hər iki yanağını yardırarsansa, qiymətdə güzəşt olunur.
Bəs sözügedən əməliyyatın əks təsirləri varmı?
İctimaifikir.az xəbər verir ki, sözügedən plastik əməliyyatla bağlı axar.az-a danışan Bioloji Təbabət Klinikasının kosmetoloqu Kəmalə Bəşirova yanaqda zənəxdan yaradılmasının zərərli bir plastik əməliyyat olduğunu bildirib:
"Bu əməliyyat zamanı yanağın piyləri daxildən götürülür. Həkimlər nə qədər yanaqda zənəxdan yaradılmasının zərərli olmadığını desələr də, əslində, belə deyil. Adətən belə əməliyyatların əks təsiri yaşlandıqda üzə çıxmağa başlayır. Yanaqdakı xüsusi yağlar cərrahi üsulla götürülür və üzü arıqladırlar. Lakin yaşlandıqca üz eybəcərləşməyə başlayır".
Kəmalə xanım xanımları bu əməliyyatdan uzaq durmağa çağırıb. O qeyd edib ki, müəyyən müddətdən sonra dəridəki dəyişikliklərə görə süni yaradılan zənəxdan öz formasını itirir, bu da xoşagəlməz görüntüyə səbəb olur.