Ağır xəstəlikdən əziyyət çəkən aşıq Azərdən xəbər var

Uzun müddətdən bəridir ki, ağır xəstəlikdən Türkiyədə müalicə alan tanınmış sənətçi, aşıq Azər Xanlaroğlunun səhhətindəki problemlər aradan qaldırılmaq üzrədir. Yaxın günlərdə müalicəsinin başa çatacağı gözlənilir. Sağlamlığında yaranan problemlərdən yana bir müddət sənətindən uzaq durmaq məcburiyyətində qalan A.Xanlaroğlu yenidən böyük şövq və həvəslə sazına sarılaraq bir-birindən bənzərsiz ifalarını təqdim etməklə öz pərəstişkarlarını sevindirmək niyyətindədir.

Ağır xəstəlikdən əziyyət çəkən aşıq Azərdən xəbər var

İctimaifikir.az bildirir ki, bu barədə Azər Xanlaroğlunun özü məlumat verib. Elə müalicə aldığı İstanbul şəhərində yeni bir layihəyə başıladıqlarını bildirən aşığın sözlərinə görə, bu işə böyük həvəslə girişiblər. Ünlü türk ozanı Maksut Koca Fəryadinin oğlunun çalışdığı səsyazma studiyasında yeni mahnıların və ifaların yazılışına start verilib.

Azər Xanlaroğlu yeni layihəsində həmyerlimiz, istedadlı gənc müğənni Rəşad Altunsəslə birgə çalışacaq.

Qeyd edək ki, R.Altunsəs Türkiyədə keçirilən mahnı yarışmasında qardaş ölkə tamaşaçılarının böyük coşqusu ilə qarşılanıb. Yarışmada ikinci yerə layiq görülən Rəşad Altunsəs, öz gözəl ifasıyla hətta hətta məşhur İbrahim Tatlısəsi də heyrətləndirməyi bacarıb.

 

Azər Xanlaroğlu yeni layihə çərçivəsində Rəşad Altunsəslə birgə həm Azərbaycan, həm də türk mahnılarını yeni aranjemanda, özü də fərqli üslubda lentə aldırıb, tamaşaçıların ixtiyarına təqdim edəcək. Bu işdə onları həm də tanınmış türk musiqiçiləri müşayət edəcək. Bundan başqa, aşığın ifasında yeni saz havaları da səsləndiriləcək. Bir sözlə, aşıq Azər Xanlaroğlunu yaxın günlərdə qaynar yaradıcı mühit əhatə edəcək.

Səhhəti ilə bağlı son yeniliklərdən də bəhs edən aşıq A.Xanlaroğlu, hələ iyunun 15-ə qədər İstanbulda qalacağını bildirdi. Çünki müalicəsi təqvimin bu günündə başa çatmalıdı. Onun Bakıya qayıdışı da yalnız bundan sonra baş tutacaq.




[email protected]