Dini ekspert: "İslamda orucu xurma və ya zeytunla açın deyə, bir göstəriş yoxdur”
Professor Canan Karatayın "Orucunuzu xurma yox, zeytunla açın” deməsi bir sıra insanlar tərəfindən xoş qarşılanmayıb. Ramazan süfrələrinin tacı olan xurmanın yüksək nisbətdə şəkər ehtiva etdiyini söyləyən Karatay "Xurma yeyərək şəkərinizi qaldırmayın. Qaraciyəriniz yağlıdırsa, təzyiqiniz yüksəkdirsə, şəkər xəstəsinizsə, kilo vermək istəyirsinizsə, xurmadan uzaq durun” söyləyib.
Ancaq onun bu açıqlaması bir sıra din xadimləri tərəfindən narazılıqla qarşılanıb. Azərbaycanda da Ramazan boyu oruc tutan insanlar iftarlarını xurma ilə açırlar. Karatayın orucu xurma yox, məhz zeytunla açın deməsi bir sıra insanların beynində suallar yaradıb. Bəs niyə məhz zeytun?
Hər kəsə məlumdur ki, xurma Quranda adıçəkilən 3 meyvədən biridir. Xurma ərəb dünyası üçün "səhra çörəyi” simvoludur. Məhəmməd peyğəmbər s.ə.s. ilk Ramazanın ilk iftarını xurma ilə açdı və bunu tövsiyə etdi: "Mümkün olduğu qədər sübh yeməyində xurma yeyin”.
Dini ekspert Kənan Rövşənoğlu İslamda orucu xurma ilə və ya zeytunla açın deyə bir göstərişin olmadığını dedi: "Oruc tutmaq və bəlli zamanda iftar açmaq göstərişi var. Eyni zamanda sünnədə iftarı xurma ilə, eləcə də başqa qidalarla açmaqla bağlı məlumatlar var. Xurma tərkibində zəngin vitaminlər olması, həzmə uyğun olması səbəbindən bir qayda olaraq iftarı su və xurma ilə açırlar. Bu da normaldır. Sünnədə iftarın su və ya südlə açılması haqda da nümunələr var. Önəmli olan oruc tutmaqdır. Eləcə də zeytun da faydalı bitkidir, haqqında Quranda da bəhs olunur”.
Azərbaycanda da son günlər xurma oliqarxına qarşı "təxribat” gedir. Belə ki, sosial şəbəkələrdə və xəbər portallarında xurmalarda xəstəlik olması ilə bağlı bir sıra xəbərlər dolaşır. Təbii ki, bu iddialar Ramazan ayının başlamasına sayılı günlər qaldığı bir ərəfədə narahatlıq yaradıb. Hətta xurmalarda guya xəstəlik olması ilə bağlı vatsapp-dan xəbərdarlıq SMS-i də insanlar arasında yayılıb. Guya SMS-də yazılanlar Səhiyyə Nazirliyinin xəbərdarlığıdır. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bunun yalan xəbər olduğunu və Səhiyyə Nazirliyinin bu barədə heç bir məlumat yaymadığını bildirdi.
Görünür ki, bu, xurma biznesini vurmaq üçün atılmış bir addımdır. Mağazalara və bazarlara diqqət etsək, müxtəlif çeşidli xurma satışının artdığını da müşahidə edərik. Təbii ki, bu da Ramazan ayının gəlişinə az bir vaxtın qalması ilə əlaqədardır. Biz də Azərbaycanda satılan xurmaların haradan gətirildiyi və qiymətini öyrənmək üçün bir neçə marketə baş çəkdik. Apardığımız müşahidələrdə məlum oldu ki, ölkəmizə İran, Tunis və İsraildən xurma gətirilir. Onların qiyməti də müxtəlifdir. Belə ki, Mədinə xurması 16 manat 90 qəpik, tumsuz xurma 6 manat 90 qəpik, Tunis xurması 15 manat 72 qəpik, İran xurması 7 manat 50 qəpik, şokoladlı xurma 10 manat, sarı xurma isə 6 manat 90 qəpiyə satılırdı. İsraildən gətirilən xurmalar isə 30 manata satılırdı. Satıcılar alıcıların daha çox İran xurması aldıqlarını deyirdi. Ramazan ayında xurma satışının daha çox olduğunu deyən satıcı adi günlərdə də xurma alıcılarının kifayət qədər olduğunu bildirdi. Yayılan iddialarda bazarlarda satılan xurmalarda xəstəlik olduğu qeyd edilir. Ona görə də 8-ci kilometr bazarına baş çəkib oradakı xurmalarla da maraqlandıq. Kilosu 6 manatdan başlayan xurmalar alıcılar tərəfindən məmnuniyyətlə alınırdı. Satıcılara xurmalarda xəstəlik olduğuna dair xəbərlər yayıldığını dedikdə onlar bundan xəbərsiz olduqlarını bildirdilər. Satıcı Ənvər Malikov bu cür xəbərlərin yalan olduğunu dedi: "Ramazan ayı gəlir deyə indi də bu cür şayiə uydurublar. Biz bu xurmaları İrandan gətiririk. Heç bir xəstəliyi yoxdur. Xurmaya baxanda da bu bilinir. Xurmadan alıb gəlib hansısa şikayəti olan olmayıb”.
Söhbətləşdiyimiz alıcılar da yayılan şayiələrdən xəbərdar olduqlarının ancaq buna inanmadıqlarını deyirdilər.
Mütəxəssislər yaxşı xurma seçməyin bir neçə yolu olduğunu qeyd edirlər. Belə ki, yaxşı yetişmiş xurma tünd qəhvəyi rəngdə olur. Xurmanın rəngi açıqdırsa, bu o deməkdir ki, xurma yaxşı yetişməyib. Belə xurmanı almayın. Xurmanın üzərində ləkələr olmamalıdır. Xurma bərk olmamalıdır, lakin çox yumşaq da olmamalıdır. Yaxşı xurmanın rəngi parlaq deyil, mat olmalıdır. Xurmanın qabığında çatlar varsa, qabığı soyulursa, bu o deməkdir ki, xurma sobalarda qurudulub. Belə xurmanı almayın. Xurma yapışqan, yağlı olmamalıdır. Meyvələr bir-birinə yapışıbsa, bu yaxşı xurma sayılmır. Çəyirdəkli xurma daha yaxşı sayılır. Yeməzdən əvvəl xurmanı mütləq yumaq lazımdır. Xurmanı soyuducuda saxlayın.
Ölkəmizdə satılan xurmaların nəzarətdən keçib-keçməməsi məsələsinə gəlincə isə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xurmalara nəzarət olsa da, bu nəzarətin istənilən səviyyədə, mükəmməl olmadığını bildirdi: "Əgər mükəmməl olsaydı, ölkə prezidenti ölkədə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə fərman verməzdi. Ölkədə qidalarla bağlı çox böyük problem var. Bütün məhsullar, o cümlədən də xurmalar lazımi səviyyədə nəzarətdən keçirilmir. Üstəlik, laboratoriyalarda yoxdur”.
Günel MANAFLI
Fotolar müəllifindir