Ötən gün prezident İlham Əliyev teatr xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə fəxri ad alanlar siyahısında "O səs Türkiyə”nin səhnəsində səsləndirdiyi "Ayrılıq” mahnısı ilə Türkiyəyə və Azərbaycana səs salan, Murat Bozu duelə çağırması ilə diqqətləri üzərinə çəkən opera ifaçısı İlham Nəzərov da var. O, "Əməkdar artist" adına layiq görülüb.
Musavat.com sənətçinin fikirlərini öyrənmək üçün onunla əlaqə saxlayıb. İ. Nəzərov bildirib ki, fəxri ada layiq görüldüyü üçün ölkə başçısına minnətdardır:
"Xəbəri dünən axşam saatlarında mənə verdilər. Fəxri ad aldığım üçün fərəh hissi duyuram. Əziyyətimin qiymətləndirilməsi mənə stimul verir. Bundan sonra da həvəslə, yorulmadan çalışmağa davam edəcəyəm. Çünki dövlətimin qayğısı və dəstəyini həmişəki kimi hiss edirəm. Ölkə başçımıza minnətdaram".