SON XƏBƏRLƏR
Suriyalı uşaqlar "zəhərli stress" vəziyyətindədir

2, 3 milyon uşağın Suriyanı tərk etdiyi və altı yaşadək ən azı 3 milyon uşağın müharibədən başqa heç nə görmədiyi bildirilir.

Suriyalı uşaqlar "zəhərli stress" vəziyyətindədir

Müharibənin dəhşətlərinin uzun müddətli təsirinə görə milyonlarla suriyalı uşaq "zəhərli stress" vəziyyətində yaşayır, Save the Children humanitar təşkilatı deyir.

Tezliklə təcili yardım göstərilməsə, uşaqların bir nəslinə zərər qaçılmaz ola bilər, təşkilat əlavə edir.
Yeni hesabata görə, müharibənin stressi bir çox uşaqlar arasında gecə sidiyi saxlaya bilməmə, özünə zərər, intihar cəhdləri və aqressiv davranışın artması ilə nəticələnib.

Tapıntılar Suriyada aparılmış yüzlərlə müsahibələrə əsaslanır.

Save the Children təşkilatı bildirir ki, bu araşdırma 2011-ci ildə başlayan və 300,000 nəfərdən çox insanın ölümünə səbəb olan müharibə fonunda Suriyada uşaqların psixi sağlamlıq və firavanlığı ilə bağlı ən böyük təhqidatdır.

"Görünməz yaralar" adlı hesabat "Suriyada qalan uşaqlar arasında dəhşətli psixi sağlamlıq böhranını" göstərir.

Save the Children təşkilatı təhqiqatın bir hissəsi olaraq Suriyanın 14 qubernatorluğundan yeddisində müxtəlif yaşlı uşaqlar, valideynlər, tərbiyəçilər, sosial işçilər, yardım işçiləri və müəllimlər də daxil olmaqla 450 nəfərdən çox insanla danışıb,

Hesabatda 2, 3 milyon uşağın Suriyanı tərk etdiyi və altı yaşadək ən azı 3 milyon uşağın müharibədən başqa heç nə görmədiyi bildirilir.

Zəhərli stress beyin, yaxud digər orqanların inkişafını poza bilər, həmçinin, yetkin yaşda narkomaniya və psixiatriya xəstəliklərinin riskini artırır, Harvard Universitetində uşaq hüquqlarının müdafiəsi və psixi sağlamlıq üzrə mütəxəssis Alexandra Chen deyib.

Təhqiqat Save the Children təşkilatı və onun yerli tərəfdaş qruplarının işləyə bildiyi ərazilərdə aparılıb. Onların bildirdiyinə görə, bu əsasən müxalifətin nəzarətində olan ərazilərdir.

Lakin hesabatda əlavə edilir ki, Save the Children təşkilatının fəaliyyət göstərə bilmədiyi hökumət və ya özünü İslam Dövləti adlandıran qruplaşmanın (İD) nəzarəti altında olan rayonlarda da uşaqlar "çox güman ki, travmatik hadisələr yaşayır".

Yardım qrupu deyir ki, bədbin nəticələrə baxmayaraq, sübutlar dəstəyin göstərilməsi üçün hələ də gec olmadığını göstərir.

Onların sözlərinə görə, psixi sağlamlıq və psixoloji dəstək proqramları uğur nümayiş etdirir və beynəlxalq ictimaiyyətin dəstəyi ilə bu proqramların Suriya üzərindən "fəallaşdırılmasına" ehtiyac var (BBC)




[email protected]