Erməni politoloqlar dünyanı Azərbaycana təzyiq göstərməyə çağırdılar

Dağlıq Qarabağ zonasında yaranan gərginlik düşmən ölkədə gündəmin bütün məsələlərini, hətta qarşıdan gələn parlament seçkiləri ətrafında gedən müzakirələri də arxa plana atıb.

İctimaifikir.az cəbhədə baş verən hadisələrlə bağlı olaraq Ermənistan mətbuatına istinadən erməni politoloqlarının rəy və fikirlərini oxuculara təqdim edir.
Erməni ekspertlərinin fikirlərindən belə anlaşılır ki, onlar Azərbaycanla başlaya biləcək yeni savaşın Ermənistan üçün doğuracağı fəlakətləri sezə biliblər.
Bu səbəbdən erməni politoloqlar və fikir adamları israrla maraqlı dövlətləri Bakını danışıqlar masası ətrafında əyləşməyə məcbur etməyə çağırırlar.

Politoloq Ruben Mehrabyanın iddiasına görə, Azərbaycan cəbhədə vəziyyətin gərginləşdirməkdə Rusiyaya bel bağlayır. Onun fikrincə, Bakı Rusiyanın dəstəyi sayəsində danışıqlar prosesini tormozlayır.

"Rusiyanın dəstəyi olmadan Azərbaycan dünya birliyinin münaqişənin hərbi yolla həlli olmadığı barədə rəyinə qarşı çıxmazdı.

Rusiya bu fikrə qarşı çıxmadığını üzdə göstərsə də, altdan Azərbaycanı qızışdırmaqda davam edir. Rusiyaya "nə sülh, nə də müharibə” situasiyası çox sərf edir. 
Çünki danışıqların olmaması onu tərəfləri şantaj etməyə və onlara təzyiq göstərməsinə şərait yaradır. Bundan başqa, Rusiya tərəflərə silah satmaq yolu ilə külli miqdarda gəlir əldə edir.

"Azərbaycanı danışıqlar masasına gətirmək olduqca vacibdir. Bakı sülhü pozması halında beynəlxalq sanksiyalara və izolyasiyaya məruz qalacağını dərk etməlidir”, - Mehrabyan qeyd edib.

Ermənistanın Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyana görə, danışıqların bərpası Azərbaycanın mövqeyindən, onun Minsk qrupunun təkliflərini qəbul etməsindən asılıdır.

Erməni politoloqun rəyincə, Bakı problemin hərbi yolla həllinə ümidini itirdiyi andan danışıqlar masasına əyləşə bilər.
Minasyan beynəlxalq birliyin Azərbaycana müzakirələrə gəlməsi üçün təzyiq göstərəcəyinə inanmadığını bildirib. Onun fikrincə, beynəlxalq aləmdə həlli tapılmayan ziddiyyətlər bu məsələdə konsensusa gəlməyə mane olur.

"Aydın məsələdir ki, ATƏT-in Minsk qrupunun BMT Təhlükəsizlik Şurasının daimi üzvləri sayılan həmsədr dövlətlərinin əllərində bunun üçün real və güclü rıçaqlar var. Lakin onların buna siyasi istəkləri yoxdur. Beynəlxalq birlik hətta Azərbaycanı ATƏT-in Ermənistandakı missiyasını davam etdirməsi üçün razı gətirə bilmədi”, - Minasyan qeyd edib.

Ermənistanın Qlobazliazasiya və regional əməkdaşlıq mərkəzinin direktoru, politoloq Stepan Qriqoryan da Qarabağ problemi ilə əlaqədar danışıqların bərpa edilməsi üçün perspektiv görmədiyini bildirib.

Onun fikrincə, Azərbaycan Dağlıq Qarabağ məsələsində siyasətində ayrı yol izləyərək mövcud status-kvonu dəyişdirmək üçün əlindən gələni edəcək.
"Azərbaycanın danışıqlar masasına qayıtması münaqişənin Madrid prinsipləri çəriçivəsində həlli variantlarının müzakirəsi, beləliklə də mövcud status-kvonun möhkəmləndirilməsi deməkdir. Bu isə Bakını dəyişdirmək istədiyi şeydir”,- politoloq fikrini qüvvətləndirib.

Sergey Qriqoryana görə, Bakı Ermənistan qarşısında problemin yalnız ərazilərin azad edilməsindən sonra müzakirə edəcəyi ilə bağlı ultimatum qoyub. 

Politoloq Azərbaycanın Ermənistana qarşı təkcə cəbhədə deyil, həm də diplomatik arenada və mülki sektorda da savaş açtığını bildirir.

"ATƏT-in İrəvan ofisinin mandatının blok edilməsi, beynəlxalq strukturlarda özünə sərfəli qətnamələrin qəbul olunması cəhdləri, Lapşin hekayəsi - bunlar hamısı Azərbaycanın taktikasının dəyişdiyini göstərir”.

Qriqoryanın düşüncəsinə əsasən, Azərbaycanı müzakirə masasına oturtmaqdan ötrü ATƏT-in Minsk qrupu ünvansız bəyanatlar verməkdən vaz keçməlidir. 
"Ünvansız bəyanatlar Bakıda cəzasızlıq duyğusunu yarada bilər”, -Qriqoryan qeyd edib.




[email protected]