“Ərəb baharı” Suriyadan Türkiyəyə, oradan da İrana keçməli idi” - ekspert

“Ərəb baharı” ssenaristlərinin əsas hədəflərinin iflası barədə maraqlı açıqlamalar

Ərəb ölkələrində gedən müharibələr, milyonlarla miqrant problemi və bu problemin Avropanın özünə də artıq ciddi problemlər yaratması Qərbin 6 il öncə başlatdığı “Ərəb baharı” proyektinin fəsadları sayılmalıdır. Artıq bu proyektin sərsəm, iflasa uğramış proyekt olduğunu söyləmək mümkündür.

Məsələ haqda danışan politoloq Elçin Mirzəbəyli bildirdi ki, “Ərəb baharı” layihəsi əslində İraq müharibəsindən sonra Yaxın Şərqə, Fars körfəzi və Aralıq dənizi hövzəsinə müdaxilənin növbəti və müəyyən qədər modern mərhələsi hesab olunmalıdır: “İraq müharibəsinin başladılması üçün irəli sürülən iddialar öz təsdiqini tapmadığından bölgəyə fərqli formada müdaxilə üçün yeni bəhanələr lazım idi. 2008-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində demokratlar seçki təbliğatlarını məhz bu amil üzərində qurmuşdular. Seçki kampaniyasında Barak Obama qoşunların İraqdan çıxarılacağı vədini vermişdi. Lakin bu, ABŞ-ın bölgəni tərk etməsi anlamına gəlmirdi və belə bir məqsəd də yox idi. Çünki Birləşmiş Ştatların strateji maraqları bölgənin tam nəzarətə götürülməsini tələb edirdi. Demokratlar ABŞ-ın strateji maraqlarını təmin etmək üçün öz ənənəvi strategiyaları üzrə hərəkət etməyə başladılar. Əgər respublikaçılar dəstək verdikləri avtoritar hakimiyyətlərlə əməkdaşlığı qorumaqla bölgədə ABŞ-ın təsir imkanlarını qoruyub saxlamağa çalışırdılarsa, demokratlar bunun əksini düşünürdülər və hesab edirdilər ki, bölgədəki avtoritar rejimlər nəzarətdən çıxa, yaxud alternativ güc mərkəzləri ilə əməkdaşlığa üstünlük verə bilərlər. Obama hakimiyyətə gələndə Liviyada, Misirdə və digər bölgə dövlətlərində mərkəzdənqaçma meyllərinin təzahürləri hiss olunurdu.

Image result for Arap Baharı

Şübhəsiz ki, “Ərəb baharı”nın başladılmasını və iflasını bütövlükdə bu yanaşmaların üzərində qurmaq doğru olmazdı. Səbəblər çoxdur. Bu gün bir çox şərhçilər hesab edirlər ki, Birləşmiş Ştatların məqsədi dünya düzənini dəyişməkdən, ABŞ-ın vahid dünya gücü statusunu qorumaq və genişləndirmək üçün bu prosesə qarşı çıxa biləcək gücləri neytrallaşdırmaqdan ibarətdir. Bu baxımdan, uzunmüddətli münaqişələr, qarşıdurmalar üçün ən münbit bir bölgədən başlamaq lazım idi. “Ərəb baharı”nın ideoloqları başlatdıqları proseslərin zəncirvari reaksiya verəcəyini öncədən düşünmüşdülər".

Ekspert qeyd etdi ki, prosesin başladılması üçün Tunisin seçilməsi təsadüfi deyildi: “Bunun üçün baza hazırlanmışdı. ABŞ demokratları artıq uzun illər idi ki, Avropanın müvafiq institutları vasitəsilə Tunisdə öz nüfuz müvəkkillərinin sayını artırmağa nail olmuşdular. Proses domino effekti verməyə başladı, Tunisdə, Misirdə və Yəməndə dövlət çevrilişi baş verdi, Liviya və Suriyada vətəndaş müharibəsi vüsət aldı, Bəhreyn, Əlcəzair, İordaniya və Mərakeşdə kütləvi iğtişaşlar bu ölkələrin siyasi hakimiyyətlərini silkələdi. Proses çox güman ki, Suriyadan, Türkiyəyə, oradan da İrana doğru hərəkət etməliydi. Lakin Suriyada xüsusilə də Rusiyanın müdaxiləsindən sonra vəziyyət dəyişdi. Bölgənin aparıcı dövlətləri prosesə daha ciddi müqavimət göstərməyə başladılar. Hətta Türkiyənin də mövqelərində də dəyişiklik baş verdi və ssenari müəllifləri bu il 15 iyulda Ərdoğan hakimiyyətini devirməyə, yaxud bu ölkəni xaosa sürükləməklə zəncirvari reaksiyanı davam etdirməyə cəhd göstərdilər. Türk xalqının dirənişi və Rusiyanın nümayiş etdirdiyi, bəlkə ”Ərəb baharı" layihəsinin müəllifləri üçün gözlənilməz olan mövqe proseslərin gedişatına öz həlledici təsirini göstərdi. Lakin bu, hələ layihəyə müqavimət göstərən ölkələrin prosesi tamamilə dayandırdıqları anlamına gəlmir. Olduqca mürəkkəb bir vəziyyət yaranıb və hadisələrin hansı xətt üzrə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkün deyil".

Image result for Arap Baharı

E.Mirzəbəylinin sözlərinə görə, əgər biz düşünsək ki, ABŞ-ın və müttəfiqlərinin məqsədi bölgəyə demokratiya gətirməkdən ibarət idi, o zaman əlbəttə, birmənalı şəkildə “Ərəb baharı”nın iflasa uğradığını deyə bilərik: “Ona qalardısa, proses ABŞ-ın yaxından əməkdaşlıq və himayə etdiyi monarxiya rejimlərindən başlamalıydı. Tunus də, Misir də, Suriya da, Yəmən də respublika modelli ölkələr idi. Yəni bu ölkələr şəriət qaydaları ilə deyil, dünyəvi qanunlarla idarə olunurdu. Məqsəd bölgəni xaosa sürükləmək idi və bu proses təəssüf ki, yekunlaşmayıb”.

Image result for Arap Baharı

O ki qaldı miqrant axınına, ekspert Avropa ölkələrinin bunu hesablayıb-hesablamadıqlarını deyə bilmədiyini söylədi: “Ama ABŞ 100 faiz hesablamışdı. Birləşmiş Ştatlar artıq uzun illərdir ki, Avropa ölkələrini, xüsusilə də NATO üzrə müttəfiqlərini hərbi büdcələrini, Avratlantik Alyansa olan ödənişlərini artırmağa və ən azından ödəməyə çağırırdı. Yəni Vaşinqton daha öz pulu ilə avropalıları qorumaq istəmirdi. Avropalılar isə nə onları qoruyana pul ödəmək istəyirdilər, nə də özlərini qorumaq. Çünki real təhlükə hiss etmirdilər. Avropa İttifaqı ölkələrinin əsasən solçulardan ibarət hakimiyyətləri seçki kampaniyalarında daha çox sosial vədlər verir və bu vədləri yerinə yetirməyə çalışırdılar. Miqrant axını, terror, Rusiyanın timsalında təqdim olunan təhdid obyekti və s. isə Avropadakı əhval-ruhiyyəyə ciddi təsir göstərdi və təhlükəsizlik amili sosial problemlərin həllindən önə çıxdı. İndi bir sıra Avropa ölkələrində millətçi siyasi qrupların mövqeləri möhkəmlənir və təhlükəsizlik məsələləri ön planda dayanır”.


[email protected]