İran ABŞ Prezidentinin iddialarını təkzib edib
İran rəsmisi çərşənbə günü Tehranın Amerikaya zərbə endirə biləcək raketlər hazırladığı barədə ABŞ Prezidenti Donald Trampın iddialarını təkzib edib.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, ABŞ lideri çərşənbə axşamı günü Konqresdə xalqa müraciətində Tehranı “pis nüvə ambisiyalarında” günahlandırıb. O iddia edib ki, İran artıq Avropanı və ABŞ-nin xaricdəki hərbi bazalarını təhdid edə biləcək raketlər hazırlayıb və tezliklə Amerika Birləşmiş Ştatlarına çatacaq raketlər əldə etmək üzərində işləyir.
ABŞ Prezidentinin iddialarını şərh edən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai çərşənbə günü Trampın adını çəkmədən bu iddiaları təkzib edib. O, “X” platformasında qeyd edib: “İranın nüvə proqramı, ballistik raketləri və yanvar ayındakı iğtişaşlar zamanı baş verən itkilərlə bağlı iddialar “böyük yalanların” təkrarıdır”.
İranın xarici işlər naziri Abbas Əraqçi Donald Trampın çıxışından bir neçə saat əvvəl hərbi toqquşmanın qarşısını almaq üçün razılaşmanın əldə edilə biləcəyini bəyan edib. O, sosial media paylaşımında bildirib ki, qarşılıqlı narahatlıqları aradan qaldıran və qarşılıqlı maraqları təmin edən misli görünməmiş bir razılaşma əldə etmək üçün tarixi fürsət var. “Razılaşma əlçatandır, ancaq yalnız diplomatiyaya üstünlük verildiyi təqdirdə mümkündür”, - deyə iranlı nazir vurğulayıb.
Əraqçi İranın heç bir halda nüvə silahı hazırlamayacağına söz verib, lakin ölkənin dinc nüvə texnologiyasından istifadə etmək hüququnda israr edib.
[email protected]