Sarsılmaz istiqlal və istiqbalın başlanğıcı
Məmmədova Günəş Hümmət qızı
"Diamed" klinikasının həkim-pediatrı
Ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən birini də Azərbaycanın təhlükəsiz gələcəyinə təminat, müstəqilliyinə zəmanət verən ordu quruculuğu təşkil edirdi.Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə bu sahədə yaranmış tənəzzül, ulu öndərin birinci dəfə hakimiyyətə gəlişindən sonra aradan qaldırıldı. Azərbaycanda SSRİ müdafiə sənayesinin on bir böyük zavodunun tikilməsi, bu zavodlarda o dövrün ən müasir texnologiyalarının tətbiq olunması Azərbaycan Respublikasının müdafiə sənayesi istehsalında keyfiyyətli məhsulların həcmini dəfələrlə artırırdı ki, bu da müstəqilliyə doğru gedən yolda vacib amillərdən idi.Bununla yanaşı, milli hərbi kadrların hazırlanması prosesi də vüsət aldı. Müxtəlif sahələrdə, o cümlədən, hərbi sahədə ixtisaslı milli mütəxəssislərin hazırlanması istiqamətində Heydər Əliyevin gördüyü böyük işlər bu müdrik şəxsiyyətin uzaqgörənliyinin parlaq sübutu idi.Ordu qururculuğunda keyfiyyətli hərbi təhsilin formalaşdırılmasının və ixtisaslı gənc hərbi kadrların hazırlanmasının son dərəcə strateji əhəmiyyətli məsələ olduğunu hər zaman vurğulayan ulu öndər, bu sahəni də daim diqqət mərkəzindəsaxlayırdı. Qeyd olunan məsələnin vacibliyini nəzərə alan ümummilli lider Heydər Əliyev hələ sovetlər dönəmində, SSRİ-nin iflas təhlükəsi heç kimin ağılına gəlmədiyi bir vaxtda milli kadrların, xüsusilə peşəkar hərbçilərin hazırlanması istiqamətində misilsiz işlər görürdü. Belə ki, o, azərbaycanlı gənclərin hərtərəfli formalaşması üçün onların ali təhsil, o cümlədən, xaricdə təhsil almalarına xüsusi önəm verməklə yüzlərlə şəxsin müxtəlif dövlətlərin ali təhsil müəsissələrində, həmçinin ali hərbi məktəblərində təhsil almaları istiqamətində əməli tədbirlər həyata keçirirdi.Bununla da, ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başladı və bu sahədə də milliləşdirmə prosesi sürətləndi. Digər istiqamət isə ölkə daxilində milli təhsil müəsissələrinin təkmilləşdirilməsi və yeni təhsil ocaqlarının yaradılması idi.Bakıda hərbi məktəbin açılmasına mərkəzi hakimiyyətdən icazə almaq çox çətin olsa da, ulu öndər buna nail oldu və məhz onun əzmi sayəsində 19 iyul 1971-ci il tarixdə Silahlı Qüvvələrin peşəkar milli hərbçi heyəti ilə komplektləşdirilməsində müstəsnaəhəmiyyəti olan Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Sözügedən hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sahəsinə marağın daha da güclənməsinə böyük təkan verdi.
Ulu öndər Heydər Əliyev növbəti dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da köklü islahatlar həyata keçirildi.Silahlı Qüvvələrin beynəlxalq əlaqələrinin genişləndirilməsini də hər zaman diqqətində saxlayan Ali Baş Komandan Heydər Əliyev, onu müasirləşdirmək üçün sovet hərb sistemini dəyişib, NATO standartlarını tətbiq etməyin zəruriliyini, Şimali Atlantika Alyansının isə beynəlxalq münasibətlər sistemində yeri və rolunu nəzərə alaraq, ölkəmizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması barədə qətiyyətli qərar verdi və 4 may 1994-cü ildə Brüsseldə təşkilatın çərçivə sazişini imzaladı. Bundan sonra, digər ölkələrin qanunvericiliyindən və təcrübəsindən bəhrələnilməklə, eləcə də hərb tariximizə əsaslanılmaqla mükəmməl hərbi qanunvericilik bazası yaradılması prosesi başladı, həyata keçirilən mühüm tədbirlər sayəsində çağırış və səfərbərlik işi də xeyli təkmilləşdirildi, həmçininhərbi hissələrdə intizam möhkəmləndi və qanunun aliliyi prinsipi bərqərar oldu. Bununla da, görülən işlər qısa zamanda öz bəhrəsini verdi və Azərbaycanın qüdrətli ordusu formalaşmağa başladı.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu sahəsində həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazasımöhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə zənginləşdirilmiş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılmış, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ənyüksək səviyyədə yerinə yetirməyə qadir və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır. Təsadüfi deyildir ki, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı son hesabatda Gürcüstan 85-ci, Ermənistan 96-cı sırada qərarlaşdığı halda, ordumuz 52-ci yeri tutmuşdur. Bu isə Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusu olduğunu bir daha təsdiq etmişdir.Hərbi qulluqçuların xidmət şəraitinin müasirləşdirilməsi, əsgərlərin məişət işlərindən azad edilməsi, yüksək tələblərə cavab verən əsgər yataqxanalarının istifadəyə verilməsi, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, həmçinin onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli birdaha sübut edir ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli peşəyə həsr edən hərbi qulluqçular eyni zamanda hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.Bütün bunların nəticəsində, Silahlı Qüvvələrdə nizam-intizam daha da möhkəmlənmiş və son dövrlər hərbi qulluqçular tərəfindən törədilən cinayətlərin, o cümlədən, hərbi xidmət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmış, fərarilik, həmçinin hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayətlərinin kökü isə demək olar ki, kəsilmişdir.
Böyük iftixar hissi ilə vurğulamalıyıq ki, ordumuz öz gücünü və qüdrətini 2016-cı ilin “aprel” və 2018-ci ilin “may” döyüşlərində bir daha sübut etdi.Hər iki döyüş əməliyyatlarında Azərbaycan hərbçilərinin göstərdiyi peşəkarlıq və qəhrəmanlıq ordumuzun yüksək döyüş ruhunu və qabiliyyətini, torpaqlarımızı azad etməyə hər an qadir olduğunu və qələbə əzmini əyani nümayiş etdirdi.Bütün bu uğurlar Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasətinin və qətiyyətinin, dövlətimizin qüdrətinin, ordumuzun gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsidir. Ulu öndər deyirdi: “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.”
Göründüyü kimi, hələ sağlığında canlı əfsanəyə çevrilmiş nəhəng dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan əmin əllərdədir və ulu öndərin ideyalarını hər zaman rəhbər tutan Prezident İlhamƏliyevin həyata keçirdiyi mükəmməl siyasət sayəsində dayanıqlı inkişaf edərək daha da qüdrətlənir.
Bütün bunlar qəti əminlik yaradır ki, nə qədər Azərbaycan xalqı və dövləti var dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siması qədirbilən insanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zaman xüsusi ehtiramla anılacaqdır.
20.04.2025
[email protected]