Tağıyeva Samirə Cəmil - Cahid qızı
ADPU Riyaziyyatin ibtidai kursunun
tədrisi texnologiyası kafedrassnın dosenti
Tanrı verən ömrü hər kəs bir cür, kimi özü üçün, kimi doğmaları və əzizləri üçün, kimi isə milləti, xalqı, Vətəni və dövləti üçün yaşayır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü, bütövlükdə, millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etmişdir. Millətini canından artıq sevən ulu öndərə olan sonsuz xalq məhəbbətinin sirri də məhz elə budur. Viktor Hüqo demişdir: “Əsl insanın vəzifəsinin yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir”.Tükənməz millət sevgisinin nəticəsidir ki, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı, ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli nəhəng siyasətçi – Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir.
1923-cü il mayın 10-da dünyaya gələn Heydər Əliyev hələ uşaq vaxtlarından fitri istedadı, bacarığı, təhsilə olan marağı, davranışı, yeniyetmə dövründən isə nəzəri bilikləri, aydın nitqi, cəsarəti ilə həmyaşıdlarından seçilməklə bərabər, həyata baxışı, milli-mənəvi dəyərlərə bağlılığı, vətənpərvərliyi və digər qeyri-adi müsbət cəhətləri ilə diqqət cəlb edirdi.Eyni zamanda, o, istiqanlılığı, səmimiliyi, mehribanlığı, dürüstlüyü, dəqiqliyi və digər məziyyətləri ilə onu tanıyan hər bir kəsin rəğbətini qazanırdı. Bütün bu yüksək insani keyfiyyətlər Heydər Əliyevi elə gənc yaşlarından kamil insan, dəyərlivətəndaş, ziyalı, bir sözlə, əsl şəxsiyyət kimi formalaşdırır və onun cəmiyyətdəki rolu getdikcə daha da artırdı. Cavan olmasına rəğmən, həyatın gərdişini dərindən dərk edən Heydər Əliyev 1944-cü ildə bir çox insanın arzusunda olduğu, fəqət hər insanın müvəffəq ola bilmədiyi, yalnız hərtərəfli püxtələşmiş şəxslərin əldə edə biləcəyi uğura imza atmaqla dövlət təhlükəsizliyi orqanlarına qulluğa qəbul olunur və dəyərli ömrünün 25 ilini həmin orqanda ləyaqətlə xidmət keçir.Zəngin elmi, geniş dünyagörüşü, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, peşə biliklərini mükəmməl qavraması, təşəbbüskarlığı, mübarizliyi, fenomenal yaddaşı, işə vicdanlı münasibəti, nümunəvi xidməti, prinsipiallığı və mahir idarəçilik qabiliyyəti Heydər Əliyevin uğurlarının davamlılığını şərtləndirir, müxtəlif mükafatlarla təltif olunan, eləcə də ardıcıl olaraq vəzifədə irəli çəkilən ulu öndər 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəlir və elə həminildə də ona general-mayor ali hərbi rütbəsi verilir. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə ilk dəfə olaraq azərbaycanlının təyin edilməsi, bu orqanın tarixində yeni bir mərhələnin başlanğıcı idi.Heydər Əliyevin bu vəzifəyə gəlişi hər şeydən əvvəl Azərbaycan SSR DTK-nın uğuru idi, çünki artıq bu orqana səriştəli, təcrübəli və peşəkar əks-kəşfiyyatçı, təhlükəsizlik sisteminin daxili iş mexanizmini, əməliyyat heyətinin qarşısında duran vəzifələri dərindən bilən, ən başlıcası isə xalqının milli maraqlarının təminatçısı olan azərbaycanlı rəhbərlik etməyə başladı. Sirr deyil ki, XX əsrin 20-30-cu illərində qeyri millətlərin antiazərbaycan mövqeli nümayəndələrinin və ermənilərin kök saldığı,xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş dövlət təhlükəsizlik orqanlarının millətimizin düşmənlərindən təmizlənməsi və milliləşdirilməsi kimi son dərəcə çətin və şərəfli missiyaya ilk dəfə hələ sovet rejiminin ən qüdrətli vaxtlarında məhz Heydər Əliyev başlamışdır. Milli kökə və yaddaşa bağlı olan ümummilli lider 50-ci ildən başladığı azərbaycanlılaşdırma prosesini yeni səlahiyyətləri çərçivəsində daha da inkişaf etdirdi.Məhz onun səyi nəticəsində təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı xeyli artdı. Bununla da, Heydər Əliyev milli əhval-ruhiyyəli və vətənpərvər ziyalı kadrları Dövlət Təhlükəsizlik Komitəsinə qulluğa qəbul etdirməklə, həm onları layiq olduqları işlə təmin edir, həm orqanı milliləşdirir, həm də əsassız təqiblərə və repressiyalara məruz qalmış xalqımızın qeyrətli övladlarını onlara qarşı gözlənilən təhdidlərdən qorumaqla növbəti təhlükələrin qarşısını alırdı. Həmçinin gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasına zəmin yaradırdı. Beləliklə, Heydər Əliyevin DTK-da rəhbər vəzifələrdə çalışdığı müddətdə milli şüurun oyanması istiqamətində əməli addımlar atılmaqla milliləşmə prosesinin əsası qoyuldu.Eyni zamanda, repressiyalara məruz qalan azərbaycanlıların reabilitasiyasına şərait yaradıldı, repressiya qurbanlarının ailə üzvlərinə olan ögey münasibət aradan qaldırıldı və onlar müvafiq işlərlə təmin olundu.Azərbaycanın milli ziyalıları və dissidentlər imperiyanın növbəti təzyiqlərindən yaxa qurtardı. Göründüyü kimi, təhlükəsizlik orqanlarında işlədiyi dövrdə də ulu öndərin Vətən və xalq qarşısındakı xidmətləri müstəsna əhəmiyyət kəsb etmişdir. Qeyd etmək lazımdır ki, təhlükəsizlik orqanlarında işlədiyi müddətdə tale onu bir neçə sınağa, o cümlədən şəxsi həyatı ilə bağlı da çətin sınağa çəkmişdir. Bütün sınaqlardan yüksək məharətlə “üzü ağ” çıxan müdrik insan bu sınaqdan da “alnı açıq” çıxmışdır.Ailənin milli-mənəvi dəyərlər sistemində xüsusi əhəmiyyət kəsb etdiyini və dövlətdəki mühüm rolunu hər zaman vurğulayan, həmçinin onu cəmiyyətin özəyi, ülvi və müqəddəs hisslərin təcəssümü, xalqın mənəvi kamillik səviyyəsinin, milli genefondun saflığının qorunmasının əsas vasitələrindən biri kimi qiymətləndirən, eyni zamanda, təhlükəsizlik orqanlarında ləyaqətlə qulluq keçməklə işinə çox bağlı olan Heydər Əliyev dilemma qarşısında qalmışdır.Məhəbbəti uğrunda əzmlə mübarizə aparmaqla sevgisinə qovuşmaq, qəlbinə yaxın bir insanla ailə həyatı qurmaq, ən əsası, əhdinə sadiq olmaq üçün çalışdığı Dövlət Təhlükəsizlik Orqanlarının rəhbərliyinin mövqeyinə qarşı çıxmaqdan, buna görə hətta tutduğu vəzifəni itirməklə gələcək karyerasını təhlükəyə atmaqdan belə çəkinməyən cəsarətli insan öz haqlı inadından dönmədi və onun Zərifə xanım ilə ailə qurmasına heç kim və heç nə mane ola bilmədi. Bununla da o, mənəviyyat tariximizdə gələcək nəsillərə örnək ola biləcək məhəbbət dastanı yarada bildi. Buna görə də, Heydər Əliyevin möhkəm mənəvi təməl və ülvi niyyətlər, saf hisslər üzərində yaratdığı ailə modelinə bu gün Azərbaycanda yeni qurulan ailələr böyük rəğbətlə istinad edir. Yeri gəlmişkən, mərhum akademik Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, zəngin mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı misilsiz xidmətləri xüsusi vurğulanmalıdır.Zərifə xanımın tibbi, elmi və pedaqoji fəaliyyəti, saf və təvazökar insan kimi yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir ziyalı, həkim və müəllim üçün mənəviyyat məktəbi, kamillik nümunəsidir.