Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapıb
Vətəni sevmək vətən üçün hər fədakarlığa hazır olmaq deməkdir. Vətən sevgisi bir ölkənin gələcəyi üçün çalışmaq, ana dilini, doğma yurdunun tarixini dərindən bilmək və o tarixə, o dilə hörmət etmək deməkdir. Əsrlərdən bəri tarixin cəlladcasına bir millətin, xalqın köksünə vurduğu yaraların sağalması üçün o millətin göstərdiyi qeyrət, bu yaralardan qopan sızıltıların kəsilməsi üçün edilən cəhdlər vətən sevgisi ilə bağlıdır. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman oğullarımızı hər an xatırlamağımız və döyüşlərə hazır olmağınız vətənpərvərliyimizin bir parçasıdır. Vətən hörmət, sevgi, düzlük və qayğı tələb edir. Bu tələbə əməl etmək hər bir vətəndaşın borcudur.
Ana torpaq bizim cismimizin mayasıdır. Tanrının yaratdığı bu torpaq nemətlərini səxavətlə insanlara paylayır. Vətən məfhumu təkcə bir coğrafi anlyış kimi qəbul edilməməlidir. Bu sözü işlətdiyimiz zaman füsunkar yurdumuz, eyni zamanda, din, dil, mənəvi dəyərlər, şərəf və xoşbəxtlik də anlaşılmalıdır. Bütün bunlar isə gənclərimizin vətənpərvərliyinə sirayət edən amillərdir.
Ermənilərin viran qoyduğu doğma torpaqlarımız "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində gerçəkləşdirilən bərpa və quruculuq işləri sayəsində xeyli dirçəlib. Prezident İlham Əliyev mayın 28-də Laçına qayıdan əhali ilə görüşdə aparılan quruculuq işlərindən bəhs edib. "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun", - deyə dövlət başçısı bildirib. Doğrudan da Laçının müasir siması şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin böyük zövq və yüksək keyfiyyətlə aparıldığını təsdiq edir.
Bu bir daha sübut edir ki, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıdışı dövlət siyasətinin prioritetlərindəndir. Ona görə də Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə icra edilən Böyük qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində işlər intensiv şəkildə həyata keçirilir, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş şəhər və kəndlərimizə qayıdışı sürətlə icra olunur.
Laçın rayonu nəhəng bərpa-yenidənqurma işlərindən və məskunlaşma mərhələsindən sonra təkcə Şərqi Zəngəzurun deyil, bütövlükdə Azərbaycanın iqtisadi inkişafına xüsusi töhfə verən bölgələrimizdən birinə çevriləcək. Bütövlükdə, 10 mindən çox vətəndaşımızın yaxın illərdə Laçın rayonuna qayıdacağı proqnozlaşdırılır. Ona görə də rayon sakinləri üçün keyfiyyətli həyat şəraiti yaratmaqdan ötrü fasiləsiz addımlar atılır. Görülən böyük işlərin nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərə köç edən digər soydaşlarımız kimi, bu gün laçınlılar da yurda qayıdışın sevincini yaşayır, Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edirlər.
Sürətlə dirçələn Qarabağ və Şərqi Zəngəzur dövlətimizin, xalqımızın quruculuq əzminin bariz nümunəsinə çevrilib. Görünən odur ki, Vətən müharibəsi zamanı göstərilən milli birlik postmünaqişə dövrünün quruculuq və abadlıq mərhələsinə daşınıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, indi qurub-yaratmaq vaxtıdır: "Bugünkü Laçın şəhərinin siması, - halbuki qeyd edirəm, bu, sadəcə olaraq, birinci mərhələdir, - göstərir ki, biz qurub-yaradan xalqıq və göstərir ki, bu torpaq bizimdir".
Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızın azadlığa qovuşması arzusu ilə yaşayan Azərbaycan xalqının bu gün də nümayiş etdirdiyi milli birlik doğma yurdlarımıza yeni nəfəs gətirir. Biz tezliklə nəinki laçınlıların, eləcə də Qarabağ və Şərqi Zəngəzur həsrəti ilə yaşayan bütün soydaşlarımızın simasında doğma yurda dönüşün sevincini görəcəyik. Vandallığa məruz qalmış ərazilərimiz bərpa olunduqca bütün keçmiş məcburi köçkünlər öz doğma evlərinə geri qayıdacaqlar.

Turə Qasımova
Abşeron rayonu Ə.Qadaşov adına
Perekeşkül tam orta məktəbin direktoru,
"İlin direktoru” media mükafatı laureatı
[email protected]