İspaniya turist sayı ilə bağlı yeni rekorda hazırlaşır

https://azertag.az/files/2024/2/1200x630/17226092674529023476_1200x630.jpg

İspaniyada 2024-cü ilin birinci yarısında xarici turistlərin sayı 13 faiz artıb ki, bu da istirahət sənayesinin bəzi populyar turizm istiqamətlərinə təsirindən artan narazılığa baxmayaraq, ölkəyə gələn ziyarətçilərin sayına görə növbəti rekorddur.
İspaniya Milli Statistika İnstitutunun (INE) məlumatına görə, iyunun sonuna qədər altı ay ərzində İspaniyaya 42,5 milyon xarici turist gəlib, eyni zamanda təkcə iyun ayında turistlərin sayı 12 faiz artaraq 9 milyon nəfərə çatıb.
Beləliklə, 2024-cü il dünyanın ən çox ziyarət edilən ikinci ölkəsi olan İspaniya üçün daha bir rekord il olacağını vəd edir. Bu, ölkənin keçənilki maksimum - 85 milyon turist həddini keçəcəyi ehtimalını söyləməyə əsas verir.
Lakin Mayorka, Barselona və Kanar adaları da daxil olmaqla məşhur istirahət yerlərində yaşayan bəzi ispanlar turist axınından və bunun mənzil qiymətlərinə təsirindən narahatlıq keçirirlər, bu da yerli əhalinin etiraz aksiyaları keçirməsinə səbəb olur.
İyul ayında Barselonada anti-turizm kampaniyasının kiçik fəallar qrupu turistlərə qarşı şüarlar səsləndirərək əcnəbi qonaqları su tapançaları ilə “atəş”ə tutublar. Bu nümayiş bütün dünya mətbuatının diqqətini cəlb edib.
Turistlər iyun ayında İspaniyaya 12,3 milyard avro xərcləyib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 17 faiz çoxdur. Bu, iqtisadi artıma töhfə verib, lakin eyni zamanda turizm və yerli maraqlar arasında düzgün tarazlığı tapmağa çalışan hökumət üçün çətinlik yaradıb.
İspaniyada münasib qiymətə mənzil çatışmazlığı qismən Airbnb və Booking.com kimi platformalarda tətil dövründə mənzil icarəsinin kəskin artması ilə izah olunur.



[email protected]