Son 20 ildə Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Bu sahədə normativ hüquqi baza müasir dövrün tələblərinə uyğun və dünyada mövcud müsbət təcrübəyə əsaslanaraq təkmilləşdirilmiş, gənclərə xidmət göstərən, müasir standartlara cavab verən infrastrukturun yaradılması və inkişaf etdirilməsi təmin olunmuşdur.
Bu dövr ərzində 32 "Gənclər evi" sosial xidmət müəssisəsi tikilmiş, ölkənin bütün inzibati ərazi vahidlərində Gənclərin İnkişaf və Karyera Mərkəzi nümayəndəliklərinin fəaliyyəti təşkil olunmuş, 30 Olimpiya İdman Kompleksi və onlarla digər idman qurğusu gənclərin və idman həvəskarlarının istifadəsinə verilmişdir. İdmana, idmançılara göstərilən diqqət və qayğı sayəsində təkcə Olimpiya medalçılarının sayı 47 nəfər olmuşdur.
Gənclərin məşğulluğu, biznes fəaliyyətinin təşkili və karyera quruculuğuna xüsusi diqqət yetirilmişdir. Azərbaycanın və dünyanın aparıcı universitetlərində müxtəlif sahələrdə dövlət vəsaiti hesabına təhsil almış gənclərimiz Azərbaycan dövlətinin davamlı inkişafına öz töhfələrini verirlər.
İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə "Yüksəliş" müsabiqəsi təsis edilmişdir və hər il müntəzəm olaraq keçirilir.
Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində əldə edilmiş nailiyyətlər Vətən müharibəsində şanlı Zəfərimizi şərtləndirən əsas amillərdən biri olmuşdur.
Dövlətin xüsusi diqqəti nəticəsində könüllülük gənclərin həyat tərzinə çevrilmiş və institusionallaşdırılmışdır. Bu gün Azərbaycanda könüllülük hərəkatına qoşulmuş yüz minlərlə gənc cəmiyyətə təmənnasız xidmət göstərir.
Ölkənin işğal olunmuş ərazilərinin azad olunması və suveren hüquqlarımızın bərpası keçən 3 il ərzində məhz İlham Əliyevin siyasəti və adı ilə bağlıdır: "Baxmayaraq ki, bu gün torpaqlarımız işğaldan azad edilib, dövlət sərhədlərimizə nəzarət öz əlimizdədir, amma proses hələ bitməyib. Müxtəlif xarici təsirlər, bəzən təhdidlər, sülh müqaviləsinin bağlanmaması hələ də narahatlıq və böyük nigaranlıq yaradır. Belə vəziyyətdə başlanılan və uğurla aparılan bir siyasətin yekununa varması üçün mütləq stabillik və davamlılıq, o cümlədən bu prosesi aparan Ali Baş Komandan İlham Əliyevin öz vəzifəsini icra etməsi ən məqsədəuyğun hal olardı.
Azərbaycan dövlətinin maraqlarını, ərazi bütövlüyünün bərpası işinin sülh müqaviləsi ilə yekunlaşmasını, aparılan siyasətin davamlılığını, suverenliyimizin möhkəmlənməsini, bu tarixi uğurun və şansın mütləq qələbə ilə sonlandırılmasını dəstəkləyən xalqımız 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində hazırkı Prezident, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edirik.