Muradova Elnarə Müzəffər qızı
ADPU-nun Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti
Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət, üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə, həmçinin regionda yeni reallıqlar yarandı.
Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə Prezident İlham Əliyev xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
Qarabağ münaqişəsi tarixə qovuşdu, bölgədə yeni reallıqlar yarandı. Azərbaycan dövlətinin gücü sayəsində bu yerlərə həyat yenidən qayıdır. Prezident İlham Əliyev müharibədə olduğu kimi, quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdıb, azad olunmuş ərazilərə yaxın üç ildə 140 min insanın köçürülməsi nəzərdə tutulur.
Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik Lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı.
Əsrə bərabər son 20 il bənzəri olmayan uğur salnaməsi kimi qəbul edilə bilər. Bu gün işğaldan azad olunmuş ərazilərdə inkişaf və quruculuq prosesinə bütün dünya şahiddir. 30 ildir xarabaya çevrilmiş bu ərazilərdə indi ən müasir şərtlərə uyğun şəhərlər və kəndlər salınır. Ölkəmiz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. Artıq bu şəraiti və abadlıq-quruculuq işlərini biz Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda müşahidə edəcəyik. Bütün bunlar həm də Qafqazda sabitlik və inkişafın təməlidir ki, bunun da tək müəllifi Prezident İlham Əliyevdir. Vətən uğrunda savaşda qalib Sərkərdə kimi tarixə adını yazdıran, diplomatiya meydanında mükəmməl siyasətçi kimi özünü təsdiqləmiş İlham Əliyev həm də inkişaf və quruculuq memarı olaraq dövlət rəhbəri kimi dünyanın diqqət mərkəzindədir.
Xalqımız öz lideri ilə qürur duyur və onunla qüdrətli Azərbaycanın xoşbəxtliyini yaşayır! Sevinən isə Vətəndir!
Qarşıdan gələn prezident seçkilərində xalqımız yenə öz Qalib Sərkərdəsini dəstəkləyəcək, dövlətimizin inkişafı naminə fəaliyyətində yaxından dəstəyini göstərəcəklər. Uğur sizinlədir, cənab Ali Baş Komandan!
26.01.2024
[email protected]