20 Yanvar – qanlı və şanlı tariximiz

20 Yanvar – qanlı və şanlı tariximiz

Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan 
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru, 
dosent, "Qabaqcıl təhsil işçisi" döş nişanı, "Azərbaycan Qadını” media medalı mükafatları laureatı
 
 
Azərbaycan xalqının milli yaddaşına "Qara Yanvar”, "Qanlı Yanvar” və ya sadəcə "20 Yanvar” faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 34 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasina divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi haqqında məlumat əhaliyə elan olunanadək hərbçilər gecə ərzində Bakıda 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə - yanvarın 20-də və sonrakı günlər şəhərdə daha 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda da – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda 8 nəfər dinc sakin qətlə yetirilmişdir.
    Həmin hadisələrdən bizi cəmi 34 illik qısa bir tarix ayırır. Bu qısa tarix çərçivəsində ölkəmiz müstəqillik qazanmış, xalqımız özünün müstəqil dövlətini qurmuş və böyük inkişaf yolu keçərək dünya ölkələri sırasında özünəməxsus şərəfli yer tutmuşdur. Bu müddətdə amansız qətliam nəticəsində dünyasını dəyişən oğul və qızlarımızın xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuş, hər il insanlar kütləvi şəkildə Şəhidlər xiyabanına axın edərək azadlıq və müstəqillik yolunda canını fəda etmiş qəhrəman şəhidlərimizi ehtiramla yad etmişdir. Azərbaycan xalqının 20 Yanvar şəhidlərinə göstərdiyi belə diqqət və ehtiram, şübhəsiz, onun mübariz və qəhrəman ruhunun, milli heysiyyətinin təzahürüdür, ancaq onu da etiraf etmək lazımdır ki, bu məsələdə dövlətimizin apardığı ədalətli və düzgün siyasətin rolu da danılmazdır. Azərbaycan dövləti 1993-cü ildən başlayaraq 20 Yanvar hadisəsinə, onun tarixi və ictimai-siyasi mahiyyətinə daim xüsusi önəm vermiş, Yanvar şəhidlərinin xatirəsini uca tutmaqla onların xüsusi statusunu diqqətdə saxlamış, şəhidlərin ailələrinə və yaxınlarına həmişə qayğı göstərmişdir.
    20 Yanvar hadisələrinə düzgün və obyektiv hüquqi-siyasi qiymət verilməsi də məhz ulu öndər Heydər Əliyevin xidmətidir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı bəyan etdi ki, İttifaq dövləti 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz etmişdir. Milli azadlıq hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin, görkəmli siyasət və dövlət adamının dayanması Azərbaycan cəmiyyətində qısa zaman kəsiyində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu.
   Ümummilli lider Heydər Əliyev xalqın arzusu və tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etməyə qayıtdıqdan cəmi bir neçə ay sonra, 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında çıxış edən Ulu Öndər Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq, bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. 1994-cü il yanvar ayının 5-də ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim olunan 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi haqqında sənəd həmin ilin mart ayında Prezidentin özü tərəfindən təsdiqlənərək, Azərbaycan xalqının öz haqqını tələb edə bildiyini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacardığını bir daha sübut etmiş oldu. 1994-cü il mart ayının 29-da ümummilli lider Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.



[email protected]