Bugünümüzü düzgün dəyərləndirmək, Heydər Əliyev yolunun dövlətimizə, xalqımıza qazandırdığı uğurların miqyasının genişliyini dərk etmək üçün müstəqillik tariximizin ayrı-ayrı dövrlərinə nəzər salmağa böyük zərurət var. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qaldı. Həmin dövrdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı "olum, ya ölüm" dilemması qarşısında qoymuşdu. Digər tərəfdən də silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Ölkədə yaşanan xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması, torpaqlarımızın itirilməsi xalqımızın sabaha ümidlərini itirdi, insanlar vəziyyətdən çıxmağın yollarını axtarmağa başladılar. Belə çətin günlərdə xalqımızın xilaskar kimi üz tutduğu yeganə ünvan ulu öndər Heydər Əliyev oldu. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir.
Əlbəttə, müstəqillik tariximizin ilk illərini düzgün təhlil edərək bugünkü uğurlarımızın Heydər Əliyevin adı ilə bağlı olduğunu böyük inamla qeyd edirik. Möhtərəm Prezidentimiz İlham Əliyev daim bu çağırışı edir ki, müstəqillik tariximizi tarixi paralellər fonunda təhlil etməli, o günlər haqqında tam təsəvvürə malik olmayan gənc nəsil nəyin bahasına müstəqilliyimizi qoruyub saxlaya bildiyimizi bilməlidir.
Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər çətindir. Bugünkü uğurlarımız üçün kimə borclu olduğumuzu gənc nəsil bilməlidir. Bu, inkaredilməz həqiqətdir ki, əgər ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ulu Öndər hər bir ölkənin inkişafında sabitliyin əsas rol oynadığını önə çəkərək ölkəmizi xaosdan, anarxiyadan xilas etdi. Bu tarixi paralel daim xalqımız tərəfindən aparılır ki, ümummilli lider Heydər Əliyev necə hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın geridə qalmış ölkəsindən ən qabaqcıl ölkəsinə çevirdi, eləcə də 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin müstəqilliyimizin ilk illərinin tərəddüdlərinə son qoyuldu, Azərbaycan qısa müddətdə investisiyalar məkanına çevrildi.
Heydər Əliyev siyasətinin uğurlarının miqyası o qədər genişdir ki, bir yazıda əhatə etmək qeyri-mümkündür. Bunların ümumiləşdirilmiş ifadəsi bu gün Azərbaycanın adının tarixə qalib ölkə, Prezident İlham Əliyevin qalib Sərkərdə, xalqımızın məğrur, yenilməz xalq, ordumuzun rəşadətli ordu kimi yazılmasıdır. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır. Cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımızın Liderinə sevgisi sonsuzdur.
Hacıyeva Nigar Duroğlan qızı
Z.T.Yusifov adına 194 nömrəli tam orta məktəbin
ingilis dilimüəllimi, "Zəfər" media mükafatı laureatı
[email protected]