İmanquliyeva Mehri Tofiq qızı
Xəzər rayonu, Elçin Şəmiyev adına 149 nömrəli
tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Hərənin bir ömür payı var. Kiminin mənalı, kiminin adi. Ulu öndər Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşadı. Qısa zaman kəsiyində Ulu öndər xalqının əsrlər boyunca uğrunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi. Bizi ən yüksək məqama - müstəqilliyə qovuşdurdu. Dünyanın döşünə döyən xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi. Heydər Əliyev xəyalları belə çin etmək qüdrətinə yiyələndiyini dəfələrlə ortaya qoydu. İnsanın Vətənin timsalına çevrilməsi dünyada nadir hadisələrdəndir. Məhz Heydər Əliyev də planetin bu əlçatmaz mərtəbəyə yüksələn tək-tək şəxsiyyətlərindən biri oldu.
1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında günəş doğdu. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçildi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına xalqının taleyinə tam yiyə durmaq iqtidarına yetişən soydaşımız yüksəldi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcını qoydu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider hələ Sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı.
Məhz Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm addımlardır... Ümumilikdə, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin ən intensiv inkişaf mərhələsinə təkan verdi. 2003-cü ildən bəri ötən zaman kəsiyi də ümummilli liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev istər övlad, istərsə də bir millətin təmsilçisi, sərkərdəsi kimi Heydər Əliyev ucalığının təcəssümüdür. O da ən ümdə xəyalları gerçəkliyə çevirən dövlət başçısı, millətinin həqiqi lideridir.
Məhz Heydər Əliyev siyasi kursuna əsaslanan, yaradıcı şəkildə zamanın nəbzinə uyğun yeni keyfiyyətə köklənən, maksimum milli mənafeyə söykənən dövlət siyasəti hesabına dünyanın sükanından möhkəm-möhkəm yapışan, dünən bizlərə yarımkönül münasibət bəsləyən millətlər indi bütün varlıqları ilə Azərbaycana əl uzadır, strateji dostluq andı içirlər. Ölkəmiz zəngin iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, tükənməz mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir.
Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadır, ümmandır. Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdır. O dağınsa zirvəsi çox ucadır, ucadan da uca... Bu da danılmaz həqiqətdir ki, həmin uca zirvədən boylanan günəşin – Heydər Əliyev dühasının nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim işıq saçacaq.
P.S. Mehri müəllimə "Heydər Əliyev-100" mediia medalına layiq görülmüşdür. Bu münasibətlə Mehri müəlliməni təbrik edir, ona uğurlar arzu edirik.
[email protected]