Xocalı faciəsini unutmuruq

 Xocalı faciəsini unutmuruq
Novruzova Nazəni Aslan qızı
ADPU-nun kimya üzrə fəlsəfə doktoru, dosent,
"ADPU-100”, "Dəmir yumruq”, "Heydər Əliyev-99”, "Şuşa -270",
"H.Əliyev-100" media mükafatları laureatı, redaksiya heyətinin fəxri üzvü
 
Qan qanla, tarix tarixlə həm yuyulur, həm təzələnir. Qanımız çox axıdıldı, tariximiz qara yazıldı. Ağır illərdən keçdik, ağla gəlməyən məşəqqətlər yaşadıq. Savaşdıq, amma hər dəfə də əzildik, ağır yaralar aldıq. Arxalı köpək qurd basar deyiblər, biz təkcə köpəklərlə savaşmadıq, köpəklərin arxasındakılarla da savaşdıq. Ona görə də, istədiyimiz nəticəni ala bilmirdik. Ona görə də, hər dəfə yeni bir yara alırdıq. Yara var canda olur, yara var yaddaşda, həm canımızdan, həm yaddaşımızdan qanımız axdı. Zaman keçdikcə bəzi yaralarımız qaysaq bağladı, ağrısı səngidi, amma yara var ki, ağrısı canda səngisə də, yaddaşımızda hər zaman qan verəcək, hər il qaysağı qopacaq və o tarix yaddaşlarda yenidən yaşanacaq. XX əsrdə çox belə hadisələr gəlib başımıza, hamısı da eyni əllərlə icra olunub. Amma yaşadığımız o müsibətlərdən elələri var ki, onları unutmaq fəlakətdir, qeyrətsizlikdir, növbəti faciələrə qapı açmaqdır, 1918-ci il mart qırğınları, 1990-cı il 20 yanvar hadisələri və 1992-ci il Xocalı soyqırımı kimi.
"Tarix hadisələrin təkrarından ibarətdir" deyənlərə qarşı Mehmet Akif Ərsoyun,
"Tarixi təkərrür deyə tərif ediyorlar,
Heç ibrət alınsaydı, təkərrürmü olurdu?!”
- düsturu dayanır və çox da haqlı səslənir. Əgər tarixdən ibrət alınsa, tarixi həqiqətlər nəzərə alınaraq addımlar atılsa, hər kəs dostunu da, düşmənini də yaxşı tanıyar, kimə güvənməli, kimdən qorunmalı olduğunu bilər, bir dəfə başına gəlmiş fəlakəti bir daha yaşamaz.
 
O gecəyə gedən yol

Tarix boyu ən amansız deyilən müharibələrdə qocalara, uşaqlara, qadınlara toxunulmadı, İkinci Dünya Müharibəsində Volqa çayına qədər irəliləyən almanların hansısa kənddə dinc əhalini kütləvi şəkildə qırdığı qeydə alınmayıb, amma 200 ildir ki, yersiz gəldi, yerli qaç prinsipi ilə bizə yağı kəsilmiş erməni nəinki cana qıyır, hələ üstəlik ağacları da kəsir, heyvanları da tələf edir, evləri də yandırır. Bir vaxtlar ermənilərin dinc əhalinin kürəyinə qaynayan samovar bağlaması söhbəti adama nağıl kimi gəlirdi, amma Xocalıda yaşananlar onların necə zalım, zalım olduqları qədər də qorxaq, ikiüzlü olduqlarını göstərir.
Xocalı soyqırımına qədər Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildi. Xocalı soyqırımından bir neçə gün əvvəl - 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı. Xocalı isə başqa bir dəhşəti yaşadı, tarixdə mislinə az rast gəlinən, sözlə ifadə edilməsi mümkün olmayan bir faciə yaşandı bu şəhərdə.
1905-06-cı illərdə baş verən müharibələrdə ermənilər minlərlə soydaşımızın canına qıydılar; Birinci Qarabağ Müharibəsində 30 mindən artıq şəhid verdik; 20 yanvarda bir gecədə mindən çox insanımız yaralandı, qətlə yetirildi; 1918-ci ilin mart qırğınlarında ermənilər Azərbaycanda 12 mindən çox insanımızı həyatdan qopardı. Tarixin hansı səhifəsini qaldırsan, tökülən qan və göz yaşlarımızı görərsən. 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ Müharibəsi tariximizdə dönüş nöqtəsinin başlanğıcı oldu. 44 gün davam edən müharibə Azərbaycanın parlaq zəfəri, həm də ermənilərin diz çökərək yalvarması ilə tamamlandı. Müharibə başa çatan gün verdiyimiz şəhid sayı 2783 rəqəmi ilə ifadə olundu. Təbii ki, qarşı tərəfin itkisi ən azı beş dəfə artıq idi. 2783 rəqəmi əslində bizim üçün zəfərin rəmzi halına gəldi, çünki onlar ardınca qələbə bayrağı ucaldaraq, zəfər sevinci buraxaraq şəhadət şərbəti içmişdilər. Təbii ki, sonrakı günlərdə şəhidlərimizin sayı daha da artdı, amma 2783 rəqəmi bizim üçün dəyişməz qalmalıdır, özü də bu rəqəm təkcə İkinci Qarabağ Müharibəsi şəhidlərini deyil, bütün şəhidlərimizi təmsil etməlidir. 2783 - qələbəmizin rəmzidir, 2783 - bütövlüyümüzün simvoludur. 2783 rəqəmi təqvimimizdən çox qara ləkələri sildi, işğal olunmuş şəhər və kəndlərimizin ağrısını unutdurdu, ən başlıcası isə Şuşanı bizə qaytardı, 8 mayı 8 noyabrla yuyub təmizlədi. Çox yaralarımız sağaldı, çox ağrılarımız səngidi 2783 sayəsində. Ona görə də, Azərbaycanın hər şəhərində, hər qəsəbəsində 2783 adını daşıyan küçə və meydanlar, abidələr olmalıdır, amma unutmadığımız, unutmaq haqqına sahib olmadığımız yaralarımız, ağrılarımız var, Xocalı kimi.
 
25.02.2023




[email protected]