Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. 
XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuz ilk gündən düşmənin müdafiə xəttini yararaq sonrakı 44 gündə yalnız irəli getdi.
Azərbaycan müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından (PUA) yüksək peşəkarlıqla istifadə edərək dünya hərb tarixində mühüm yeniliklər etdi. İkinci Qarabağ müharibəsinə qədər PUA-lardan bu miqyasda, bu cür səmərəli şəkildə istifadə olunmamışdı.
Şuşanın azad olunması əməliyyatından danışan Prezident İlham Əliyev qeyd edib ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər.
Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: "Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Vətən müharibəsində şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 2907 nəfər şəhid olub. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.
Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Habelə 83 nəfər "Vətən Müharibəsi Qəhrəmanı” adına, 33 nəfər isə "Zəfər” ordeninə layiq görülüb.
Dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər Paradı keçirildi. Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkələrimiz arasındakı qardaşlığın bariz nümunəsi kimi Vətən müharibəsində şəhid olan azərbaycanlıların sayı qədər türk əsgərlər iştirak etdilər. Zəfər Paradında müzəffər Azərbaycan Ordusunun şəxsi heyətinin və hərbi texnikasının, habelə ələ keçirilən hərbi qənimətlərin bir qismi və Şuşaya sancılmış Qələbə Bayrağı nümayiş etdirildi.
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması istiqamətində işlər davam etdirilir. Düşmən üzərində qələbənin təbliği məqsədilə Bakıda açılan Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlıda sonsuz iftixar və qürur hissi yaradır.
Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi
Müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə "Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı.
Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Bir sıra beynəlxalq təşkilatlar və Azərbaycana dost ölkələr ədalətli mübarizəmizdə ölkəmizə böyük dəstək verdilər. Bu sırada Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, qardaş Türkiyə, eləcə də Pakistan, İsrail, Ukrayna və digər ölkələrin adını çəkmək olar. Qoşulmama Hərəkatına üzv ölkələrin nümayiş etdirdikləri prinsipial mövqe sayəsində Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında ölkəmizin mənafeyinə zidd olan qətnamə layihəsinin qəbul edilməsinin qarşısı alındı.
Zəfər ardınca zəfər: "Böyük qayıdış”a doğru inamlı addımlar atılır
Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Böyük qələbənin rəmzi olan və Şuşaya çəkilən Zəfər yolu artıq başa çatmaq üzrədir. Şuşada, Cıdır düzündə 27 ildən sonra ilk Novruz tonqalının alovlandırılması, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Prezident İlham Əliyevin Qarabağın hava qapısı adlandırdığı Füzuli Beynəlxalq Aeroportunun uçuş-eniş zolağının istifadəyə verilməsi, Zəngilanda "ağıllı kənd”in inşasına başlanması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığını göstərir.
Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: "Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.
Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi
 
 
 
 
 
 
 
 
 
  44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.
 Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Bu tarixi qələbənin şahidləri Lənkəran şəhəri H.Aslanov adına 3 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti "Zəfər Yolu " adlı ümumməktəb tədbiri keçirdi.Tədbiri məktəbin direktoru Aqil Sadiyev şəhidlərin ruhunun sükutla yad edilməsi ilə açaraq Qarabağ müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin tarixi əhəmiyyətindən, rəşadətli Azərbaycan Ordusunun qüdrətindən qürurla danışdı.
Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi 
Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi
Tədbir Qarabağ qazilərinin çıxışları və məktəblilərin bədii kompazisiyası ilə davam etdi.Sonda məktəb rəhbərliyi pedaqoji və ictimai fəaliyyəti ilə fərqlənən müəllim və şagirdləri Fəxri Fərmanla təltif etdi.

 
Hazırladı: Mahilə Qurbanova




[email protected]