Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir və 30 ildə şərəfli yol keçərək böyük uğurlara imza atıb.
Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatına daxil oldu və bununla da Azərbaycanın tarixində yeni dövr başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə, öz seçimlərində yanılmayıblar. Bu gün də Yeni Azərbaycan Partiyası möhtərəm Prezident, partiyanın Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyanın ölkənin bugünki sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir.
Ümummilli Lider Heydər Əliyevin ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirdi və siyasi səhnədə yüksəlişə keçərək layiqli yer tutdu:"Bunu mümkün edən bir çox strateji faktor var idi. Ən əsası o idi ki, Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət konsepsiyasını və prioritetlərini, məhz dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirmişdi, Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qəytiyyətli müdafiəçisinə çevrilmişdi. Digər tərəfdən, Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu. YAP qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək, ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi. Bütün bu uğurlu işlər möhtərəm Prezidentimiz, partiyamızın Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik surətdə inkişaf edir". Qeyd olundu ki, Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq, siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli həmrəyliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük qayıdışın yüksək səviyyədə həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Təbii ki, hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının da bu istiqamətdə üzərinə mühüm vəzifə və məsuliyyət düşür.
Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.
Bu gün isə Qarabağın yaraları sağaldılır, bu yerlərə həyat qayıtmağa başlayır.