8 noyabr 2020-ci il tarixində Şanlı Azərbaycan Ordusu qədim Şuşa şəhərini düşmənin işğalından azad etməklə Ermənistanı kapitulyasiya etmək məcburiyyəti qarşısında qoydu. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə məhz bu günün respublikamızda Zəfər Günü kimi qeyd olunması da 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsilə başa çatmasında Şuşanın işğaldan azad olunmasının ən önəmli faktor kimi çıxış etdiyini bir daha vurğulayır.
Şuşanın işğaldan azad edilməsi həm strateji baxımdan, həm də daşıdığı mənəvi dəyərlər baxımından müstəsna əhəmiyyət kəsb edir. Şuşa Qarabağın dağlıq ərazilərini nəzarətdə saxlamaq üçün tutduğu coğrafi mövqeyinə görə böyük strateji əhəmiyyət kəsb edir. Şuşaya nəzarət etmək Xankəndinə və bir çox digər yaşayış məntəqələrinə nəzarət etmək deməkdir. Əlbəttə, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı bu ədalətli Vətən müharibəsinin sonu elə hərbi əməliyyatların başlandığı ilk gündən heç kimdə şübhə doğurmurdu. Ali Baş Komandan cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə demişdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə olaraq xalqımızın sülhsevərliyi, möhtərəm dövlət başçımızın insanpərvərliyi qarşı tərəfə münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan sonadək yararlanmaq şansı verdi. Lakin bizi düzgün başa düşmədilər. Bizi aciz bildilər. Hətta başqa ərazilərimizə də göz dikdilər. Nəhayət Azərbaycan xalqının da səbri tükəndi. Və budur, ermənilərin beş il ərzində işğal etdikləri, otuz il ərzində hərbi-mühəndis qurğuları ilə, güclü istehkamlarla möhkəmləndirdikləri ərazilər 44 gün ərzində Azərbaycan Ordusu tərəfindən ardıcıl azad edildi. Düşmən torpaqlarımızdan qovuldu! 2020-ci il noyabr ayının 8-də isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz Şuşanı azad etdi. Bu möhtəşəm qələbə bütün dünyaya Azərbaycan xalqının öz Prezidentinin ətrafında bir yumruq kimi necə sıx birləşdiyini, bu birliyin qarşısında heç bir qüvvənin dura bilməyəcəyini bir daha göstərmiş oldu. Eyni zamanda da Şuşanın işğaldan azad olunması Vətən müharibəsinin tezliklə zəfərlə başa çatacağına, yəni bütün torpaqlarımızın işğaldan tamamilə azad ediləcəyinə artıq sayılı günlərin qaldığına dair açıq-aydın bir müjdə olmuşdu.
Münaqişənin guya ki, sülh yolu ilə həlli məqsədilə 30 il ərzində aparılan danışıqlar heç bir nəticə vermirdi. Bu müddət ərzində erməni qəsbkarları xalqımıza qarşı olmazın qanlı cinayətlər törətdilər. Dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Beynəlxalq təşkilatların bütün səyləri münaqişənin dondurulmasına, Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan verməməyə yönəlmişdi. Eyni zamanda da erməni qəsbkarları artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Cəzasızlıq mühiti, havadarlarının dəstəyi artıq ermənilərin özlərini də hansısa güc sahibi olduqlarına inandırmışdı. Son bir neçə ildə isə ermənilər mütəmadi olaraq bütün sərhəd boyunca atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparılırdı. Dövlət başçımız gözəl bilirdi ki, Azərbaycan gec-tez məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq. Və bu gün gəldi, 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu.
Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və ölkəmizin regionda oynadığı aparıcı roldur. Qeyd olunmalıdır ki, bu gün Azərbaycanda davam edən, o cümlədən artıq işğaldan azad edilmiş ərazilərimizi də əhatə edən quruculuq işləri son illər Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilmiş önəmli islahatlar sayəsində daha da intensivləşmiş və onların səmərəliliyi daha da artmışdır. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin birbaşa dövlətin xüsusi nəzarəti altında həyata keçirildiyini təsdiqləyən ən önəmli məqamlardan biri budur ki, həmin torpaqlarda möhtərəm dövlət başçımız şəxsən özü müqəddəs üçrəngli bayrağımızı qaldırır və tikiləcək ən əhəmiyyətli infrastruktur obyektlərinin təməlini şəxsən özü qoyur. O cümlədən Zəfər günü elan olunmuş 8 noyabrda işğaldan azad edilmiş Şuşanın bərpası işləri istiqamətində ötən bir il ərzində böyük işlər görülmüşdür. Məlumdur ki, erməni vandalları Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etdikdən sonra tarixi, mədəni abidələrimizi dağıdıb, görkəmli şəxsiyyətlərin ev muzeylərini qarət ediblər. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var idi. Dinc sakinlərə qarşı əsl soyqırımlar törətməklə kifayətlənməyən bu vəhşilər büstləri də güllələmişdilər. Sonradan həmin büstlər Ulu Öndər Heydər Əliyevin səyləri ilə ermənilərdən pulla alınaraq Bakıya gətirilmişdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenidən Şuşaya qaytarılacaq və öz əvvəlki yerlərinə qoyulacaq. Artıq bir ildir ki, dövlətimizin başçısının bu sözləri də öz təsdiqini tapıb. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Həmçinin Şuşada "Xarıbülbül” festivalı bərpa edildi, Vaqif Poeziya Günləri bərpa edildi və hal-hazlrda dövlətimiz tərəfindən Şuşa sakinlərinin öz şəhərlərinə qayıtmaları üçün zəruri tədbirlər həyata keçirilir. Sadalanan faktlar bir daha bütün dünyaya xalqımızın yaradıcı ruhunu və eyni zamanda da erməni faşizminin əsl simasını nümayiş etdirir.