BAYRAMIMIZ MÜBARƏK!

 BAYRAMIMIZ  MÜBARƏK!
 
Sücəddin Əbdülov 
Lənkəran Şəhər Uşaq Xəstəxanasının nəzdində olan
Zond Uşaq Reanimasiya Şöbəsində 23 il şöbə müdiri işləmiş, ali 
dərəcəli sertifikat almış reanimatoloq, 
"Tərəqqi” medallı, "İlin həkimi”, "Heydər Əliyev - 98” media medalı mükafatları laureatı
 

Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsinin tarixini xatırlarkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli lider Heydər Əliyevin ölməz ruhu qarşısında baş əyir. 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qalıb. Həmin dövrdə iqtidarda olanların səriştəsiz və xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı 1993-cü ilin iyununda artıq kulminasiya həddinə çatıb. Ölkəni xaos və anarxiya bürüyüb, dövlət müstəqilliyimiz çox ciddi təhlükə ilə üzləşib.
Belə bir dövrdə əsrlər boyu arzulanan güclü Azərbaycan dövlətini qurmaq, xalqımızı problemlər məngənəsindən xilas etmək kimi tarixi missiyanı yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət yerinə yetirə bilərdi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev öz müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edə bilib. Bu səbəbdən də 15 iyun - Milli Qurtuluş Günü, eyni zamanda, Azərbaycan dövlətçiliyinin xilası günüdür.
1993-cü ilin 15 iyununda başlayan milli qurtuluş yolu 2020-ci ilin 8 noyabrında Azərbaycana öz tarixinin ən böyük Zəfərini yazmaq imkanı yaradıb. Əminliklə demək olar ki, Azərbaycan xalqı böyük Zəfərə gedən yolda ilk addımlarını məhz 1993-cü ilin 15 iyununda atmışdı. Azərbaycan xalqının qurtuluşdan böyük Qələbəyə gedən yolu, həm də xalqımızın Zəfər tarixidir.
İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb. 




[email protected]