Həsənova Eleonora Həsən qızı
AMK-nin tərkibində İG-nin müəllimi,
biologiya elmləri namizədi, psixoloq,
"Qızıl qələm" media mükafatı laureatı
"Şuşaya olan bütün sevgilər, bütün münasibətlər fərqlidir, ən yüksək ehtirama layiqdir. Kiçik bir uşaqdan ağsaqqaladək, əsgərdən generala qədər hər kəs Şuşaya öz doğması kimi münasibət bəsləyir. Bu cazibənin sirri də yəqin ki, Şuşanın müqəddəs ruhuna bağlıdır. Ancaq düşünürəm ki, bir münasibət hamını təsirləndirir, hər kəsi başqa cür həyəcanlandırır. Bu, Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin Şuşa haqqında fikirləri və Şuşaya hər səfərində Qarabağın tacına müşahidə etdiyimiz münasibətidir. Şuşaya ayaq basmağa ən çox haqqı olan Müzəffər Ali Baş Komandan sanki bu ulu yurdun hər qarışına sığal çəkir, Şuşanın işğal dönəmində çəkdiyi acıları, aldığı yaraları unutdurmağa çalışır. Şuşada aparılan milli koloritli, sistemli və unikal quruculuq işləri, göstərilən ali diqqət həm də bu məqsəddən irəli gəlir.
Şuşa da yorulub-usanmışdı işğaldan, yad tapdağından. Ona görə də azad olunduğu gündən Şuşa bir başqadır, quruculuq meydanıdır, toylu-büsatlı, çal-çağırlıdır. Varlığı ilə düşmənə göz dağı olan xan şəhəri, öz əzəmət və qürurunu qaytarmaqda, doğmalarını qarşılayıb yola salmaqdadır. Yəqin fikir verirsiniz, Şuşaya hər kəs müqəddəs məkan kimi sanki ziyarətə gedir, geri qayıdanda oradan su, çörək gətirərək yaxınlarına paylayır. Əslən Şuşadan olan, hələlik özündə cəsarət tapıb Şuşaya gedə bilməyən, xəyalındakı şəhərini dağılmış görmək istəməyən nə qədər adam tanıyıram. Mən əslən şuşalı olsam da, oraları üç yaşından sonra görməmişəm. Ancaq valideynlərimin, doğmalarımın dediklərindən elə təsəvvür edirəm ki, o yerləri qarış-qarış tanıyıram. Bu yaxınlarda xəyallarımın Şuşasına səfər etməyi planlaşdırıram. Qəribə hisslər keçirirəm, uzun illərin həsrətinin ayırdığı doğmaların qovuşmadan öncə keçirdiyi həyəcanlı duyğular yaşayıram. Şuşanı azad edən igid Vətən oğullarının, müqəddəs şəhidlərimizin ruhu və igid qazilərimizin qarşısında baş əyirəm. Nə etsək də, onlara bir ömür boyu borcumuzu qaytara bilmərik.
Səməd Vurğun o qədər gözəl vəsf edib ki, Şuşanı: "Səndə vardır başqa lətafət, Şuşa!”. İnanıram ki, doğma yurda qovuşanda hisslərimi daha aydın anlaya, ifadə edə biləcəyəm. Ona görə hələlik sonu vüsal olan həsrətin izaholunmaz hissləri də doğmadır mənə. Adı kimi hər anlamı doğma olan Şuşam kimi...
[email protected]