Heydər Əliyev tarixdə az-az təsadüf olunan müdrik şəxsiyyətlərdən idi

 «Liderləri qalib edən nədir? Elə bir konkret keyfiyyəti ayırmaq çətindir ki, o qalibi məğlubdan fərqləndirsin. Liderlik ətrafında yaranan situasiyalar müxtəlif olur. Hər bir böhran liderə meydan oxuyur. Amma qalib gələn liderlərə məğlubiyyətlə barışmamaq qabiliyyəti xasdır. Onlar üçün qalibiyyətin alternativi yoxdur, odur ki, qələbə yolunu əvvəlcədən düşünür və əllərində olan bütün ehtiyatlardan istifadə edərək bu yolla gedirlər.»
Əsrlərin sınağından çıxmış liderliyin «Qələbə qanunu»nun ifadəsi olan bu sözlər bütünlükdə türk dünyasının əvəzolunmaz lideri Heydər Əliyev şəxsiyyətində ifadəsini tapmışdır. İki mərhələ üzrə Azərbaycana başçılıq etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində işlədiyi dövrdə, 1991-1993-cü illərdə Naxçıvan MR Ali Məclisinin Sədri olduğu müddətdə respublikanın üzləşdiyi ən çətin, bəlkə də başqa dövlət başçılarının öhdəsindən gələ bilmədiyi problemləri aradan qaldıran ulu öndər Heydər Əliyev qətiyyət, cəsarət tələb edən «güclü həmlə» qanunundan bəhrələnməyi də bacarırdı. Keçmiş SSRİ tarixində Siyasi Büro üzvlüyündən uzaqlaşdırılanlar arasında Heydər Əliyev istisna şəxsiyyət idi ki, xalqının qəlbində əbədi yaşayır. Siyasi analitiklərin sözləri ilə deyilsə öz komandası olmayan keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun ən güclü rəqibi ulu öndər Heydər Əliyev idi. Ermənilərin havadarı kimi artıq tarixə qovuşan «Dağlıq Qarabağ münaqişəsi»ni dəstəkləyən Qorbaçov ulu öndər Heydər Əliyevin zəkası qarşısında aciz olduğunu sonralar etiraf etmiş, onu təcrübəli siyasətçi adlandırmışdı. Siyasi fəaliyyəti dövründə «Bu sadəcə mümkün deyil! Bunu etmək olmaz!» sözləri dahi lider Heydər Əliyev üçün yad idi. «Əgər istək varsa, imkan da olacaqdır» ifadəsinin hikmətinə inanan ulu öndər Heydər Əliyev üçün Uinston Çörçillin bu sözləri daha xarakterik idi: « Və bax, budur dərs: Heç vaxt təslim olma… Heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt… Heç nədə, kiçik və ya böyük, əhəmiyyətli və ya əhəmiyyətsiz- heç vaxt təslim olmayın, vicdanın hökmündən və yaxşı zövqdən başqa.» Dərin təhlil, konseptual düşünmək, səbəb-nəticə əlaqələrini üzə çıxarmaq qabiliyyətinə malik ulu öndər Heydər Əliyev tarixdə az-az təsadüf olunan müdrik şəxsiyyətlərdən idi.
Ümumxalq məhəbbəti qazanmış, bitib-tükənməyən enerjisi ilə xalqını inkişaf yolu ilə irəliyə aparan Ulu Öndərin adı dünya siyasətçiləri, türk dünyası öndərlərinin ön sırasında çəkilir. «1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu prosesi uğurla getmişdir, dövlətin əsasları qoyulmuşdur. Məhz buna görə biz həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Hər dəfə o tarixi yada salaraq, təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. O, heç vaxt imkan verməzdi ki, orada separatçılar baş qaldırsınlar. Heç vaxt imkan verməzdi ki, xalqımıza qarşı bu qanlı cinayət törədilsin» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi bu gün Azərbaycan sözün əsl mənasında inkişaf yolundadır. Əbəs yerə deyilmir ki, hər bir azərbaycanlının taleyində ulu öndər Heydər Əliyev dühasının bir zərrəsi vardır. XXI əsrin çağırışlarına hazır olan Azərbaycanda ulu öndər Heydər Əliyev siyasəti zənginləşdirilir, vətəndaş həmrəyliyi formalaşır, cəmiyyət vahid amal uğrunda birləşir.
 Heydər Əliyev tarixdə az-az təsadüf olunan müdrik şəxsiyyətlərdən idi
Günel Dadaşova
Azərbaycan Dövlət Pedaqoji Kollecinin
Azərbaycan dili müəllimi



[email protected]