Fəaliyyəti
ilə zaman və məkanın fövqündə dayanan tarixin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən
biri kimi Ulu Öndər Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin
davamlı olmasını təmin etmək üçün böyük fədakarlıq göstərib. Bunun ən bariz
nümunələrindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik
edərək qazanılan uğurların davamlılığı təmin edəcək, xalqın alternativsiz
liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir.
Bu gün Ümummilli Liderin ideyaları Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində
yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının
apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Bu
siyasətin təməlində isə Azərbaycan dövlətinin güclənməsi, onun müstəqilliyinin
qorunması, iqtisadiyyatının inkişafı və əhalisinin maddi rifah halının
yaxşılaşması durur.
XX əsrin sonlarına doğru müstəqil dövlətçiliyin bərpasına
nail olmuş, onu möhkəmləndirərək yeni inkişaf magistralına çıxarmış müdrik
xalqımız taleyini məhz qəlbən inandığı, etimad göstərdiyi siyasi liderə etibar
edib. "Əsl siyasət – konkret, real iş görməkdən ibarətdir" – deyərək
fəaliyyətə başlayan Prezident İlham Əliyev hələ 2003-cü ildə verdiyi vədə sadiq
qalaraq, öz fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti
olduğunu sübuta yetirib.
2018-ci ilin 11 aprel seçkilərində xalqın böyük dəstəyi
ilə Azərbaycana rəhbərlik kimi məsuliyyətli missiyanı növbəti mərhələdə də üzərinə
götürmüş İlham Əliyev ona göstərilən etimadı fəaliyyəti ilə hər zaman
doğruldur, Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün əzmlə, qətiyyətlə
çalışır. Təkcə onu demək kifayətdir ki, respublikamız son Prezident seçkilərindən
sonra daha da güclənib, zənginləşib, hərtərəfli inkişaf yolunda yeni uğurlara
imza atıb, insan amili faktoru isə həyata keçirilən siyasətin ana xəttində yer
almaqdadır.
Heydər Əliyevin ilk günlərdən ölkə ictimaiyyəti qarşısında bütün çıxışlarını Azərbaycan dilində etməsi və sadə insanların gün-güzəranı, problemləri ilə bağlı toxunduğu məsələlər onun xalqın adamı olması barədə düşüncələrin öz təsdiqini tapması demək idi. Bunu Heydər Əliyev haqqında əvvəlki yazılarımda da qeyd etmişəm. Bir daha vurğulayıram ki, biz adətən, ölkənin rəhbər şəxsləri qismində əsasən qeyri-azərbaycanlı soyadlarını eşitməyə öyrəşmişdik. Televiziyada, radioda rəhbərlərin nitqlərini başqa dillərdə dinləməyə adət etmişdik. İlk dəfə idi ki, Azərbaycan rəhbərliyində rəsmi çıxışlarını ana dilimizdə və həm də bu qədər mükəmməl səviyyədə edən, milli ruha bağlılığını hər vəchlə büruzə verən lider görürdük. Ona görə də Heydər Əliyev adı və soyadı bizə, hər şeydən əvvəl, hakimiyyət zirvəsindəki milli qüdrət simvolu kimi görünürdü. Bu hiss ruhumuzun oyanışına təkan verirdi.
Heydər Əliyevin böyüklüyü onda idi ki, o, bu inama, ümidə heç zaman zərrə qədər də olsun xələl gətirmədi. İnsanların gözündə heç vaxt dəyişmədi. Sadə adamlar daim onu haqqın-ədalətin təminatçısı kimi gördülər. Özlərinə doğma sandılar. Bir çətinliklə üzləşəndə, hansısa səlahiyyət sahibinin ədalətsizliyi ilə qarşılaşanda ona üz tutdular. Hər zaman sidq-ürəkdən inandılar ki, Heydər Əliyev vəziyyətin belə qalmasına, kiminsə haqsızlıq etməsinə, insanların hüquqlarını pozmasına, özünü qanunlardan üstün tutmasına imkan verməz. Və ulu öndər həqiqətən buna imkan vermədi. Özünü xalqdan ayrı salanların, müştəbehliyə qapılanların, vətəndaşların narazılığına səbəb olanların, pis əməllərə uzanan əllərin tənbehini gecikdirmədi.
Böyük dövlət xadimi Heydər Əliyev hakimiyyət olimpinə
xalqın arzularından gəlmiş adam idi. O, sovet Azərbaycanına da, müstəqil
dövlətimizə də rəhbərliyi dövründə bu saf arzuya, xalqın ona münasibətinə daim
sadiq qaldı.
Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini
yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən cənab İlham Əliyev xalqın
problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və bunu bütün məmurların
qarşısında zəruri tələb kimi qoyur. Fəaliyyətində xalqına güvənən, arxalanan
dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur. "Mənim işim ondan ibarətdir
ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün
işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən
dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı" – deyən ölkə
başçısı idarəçilikdə, fəaliyyətdə, düşüncədə yenilik və sivil dəyərlərin
tətbiqini zəruri sayır.