YAŞASIN ALİ BAŞ KOMANDAN!

 YAŞASIN ALİ BAŞ KOMANDAN!
TURƏ QASIMOVA 
Abşeron rayonu Ə.Qadaşov adına Perekeşkül 
tam orta məktəbin direktoru

Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. 30 illik yurd həsrətimiz, ürəklərimizdəki Qarabağ nisgili sona çatdı, yüz minlərlə məcburi köçkün qəribçilikdən qurtuldu. Bu möhtəşəm qələbəni xalqımıza Azərbaycan Ordusu ərməğan etdi. Vətənimizin azadlığı uğrunda müzəffər yürüşə çıxan qəhrəman oğullarımız, gecə-gündüz bilmədən, dərə-təpə demədən, soyuq-şaxta hiss etmədən, qorxunu, ölüm xofunu xəyallarına belə gətirmədən mərd-mərdanə yürüdülər yağının üzərinə... İllərdir işğal altında olan dədə-baba torpaqlarımızın üzərindən düşmənin nəfəsini kəsdilər, yaralı yurdumuza məlhəm oldular.
Bu 44 günün hər birində şücaətli əsgərlərimiz şanlı tarix yazdılar. Canlarını Vətənə sipər edərək addım-addım, qarış-qarış irəlilədilər, yurdumuzu kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər azad etdilər, bayrağımızı zirvələrdə dalğalandırdılar. Bu 44 gün ərzində hər gün qələbə müjdəsi ərməğan etdilər bizə...
Qarabağ uğrunda döyüşən hünərli oğullarımızın hər birinin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanlarınadək vuruşub düşməni darmadağın etmək idi.
And içmişdilər, öldü vardı, döndü yox!
Daim irəli atıldılar, sıldırımlar aşdılar, silah-sursat olmadıqda belə, yalın əllə düşmənin nəfəsini kəsdilər, yaralansalar belə döyüşməkdən vaz keçmədilər, mənfurları diz çökdürdülər, dəmir yumruqlarının bir zərbəsi ilə məhvə məhkum etdilər.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində haqq savaşımız qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı...
İndi isə növbə bu qəhrəman oğullarımızı görmək, onlarla yaxından tanış olmaq idi...
Dekabrın 10-da bütünlüklə Azərbaycan xalqı bu şir ürəkli qəhrəmanlarını fəxr, qürur hissi ilə seyr etdi, hər birinə minnətdarlıq duydu...
Sıra-sıra, cərgə-cərgə qələbə əzmiylə addımlayan qartal baxışlı igidlərimiz gözlərimizin önündən keçib getdikcə, sanki biz də 30 illik o zülməti yararaq, onlarla bərabər işıqlı sabahlara irəlilədik. Xocalının qisasının alındığı, günahsız insanlarımızın, körpələrimizin qanının yerdə qalmadığı üçün mənəvi dinclik hiss etdik...
Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ruhunun şad olduğunu bildik...
Qorxmaz oğullarımızın darmadağın etdiyi düşmən texnikalarının nümayişi isə bir başqa zövq verdi hər birimizə...
Azərbaycan dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Cənab Prezident İlham Əliyevin Zəfər Paradında vurğuladığı kimi: "...Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.
 
24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Ali BAş Komandan İlham Əliyev Cənablarının ad günüdür. Bu münasibətlə Cənab Prezidenti ürəkdən təbrik edir, tarixin yaddaşına əbədi həkk olan Zəfər dolu fəaliyyətində uğurlar diləyirəm! 
Yaşasın Ali Baş Komandan! 




[email protected]