Yoluxucu xəstəliklər üzrə aparıcı milli ekspert doktor Entoni Fauçi deyib ki, o, həyat yoldaşı ilə birgə koronavirus pandemiyası səbəbindən Milad bayramında üç övladını görə bilməyəcək.
Doktor Fauçi amerikalıları da bu cür davranmağa, bununla da pandemiyanın daha geniş yayılması riskinin qarşısını almağa çağırıb.
E.Fauçi bildirib ki, o, hər il Milad bayramını uşaqları ilə qeyd edirdi, lakin bu il istisna olacaq. "Bu, bizim üçün əlamətdar dövrdür, çünki Milad axşamı mənim ad günümdür, Milad bayramı isə öz yerində", - deyən Fauçi əlavə edib ki, həmin gün onun 80 yaşı tamam olacaq. O vurğulayıb ki, amerikalılar Şükranlıq Günündə buraxdıqları səhvi yenidən təkrarlamamalıdırlar. Həmin vaxt bir çoxları ekspertlərin tövsiyələrinə məhəl qoymayaraq, özünütəcridə riayət etmədilər. Buna görə də Milad bayramına mümkün qədər məsuliyyətlə yanaşmaq lazımdır.
Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da COVID-19 infeksiyasından ölənlərin sayı 300 mini ötüb. Bu göstərici Şükranlıq Günündən sonra sürətlə artıb. Hazırda bir gün ərzində koronavirusdan ölənlərin orta sayı təqribən 2400 nəfər təşkil edir.