"Danışıqların formatını dəyişdirmək cəhdləri – "Qondarma, oyuncaq xunta rejimi ilə Azərbaycan danışıqlar aparmalıdır” sözləri danışıqlar prosesinə tamamilə ziddir. Adekvat cavab aldımı? Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni".
"İctimaifikir.az" xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu fikirləri Ermənistanın danışıqların formatını dəyişdirmək cəhdləri barədə danışarkən bildirib.
Dövlət başçısı sözünü davam etdirərək deyib:
"Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə "andiçmə mərasimi” keçirmişdir. Baxım görün, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa!”