Mahirə Hüseynova
filologiya elmləri doktoru, professor
ADPU, Filologiya fakültəsinin dekanı,
"İlin ən fəal dekanı” mükafatı laureatı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 1960-cı il noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. 1968-ci il də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Xalxal kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuş, yaşayış yerini dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir.
1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən bütün tədbirlərdə iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən "Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif edilmişdir. 2003-cü ildə isə "İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır.Həmçinin o, "Qızıl qələm” Media Mükafatı Laureatı, "İlin Alimi” Media Mükafatı Laureatı və s. mükafatlara layiq görülmüşdür.
Tələbəlik illərində bədii yaradıcılığa başlamış, şeirləri "Gənc müəllim” qəzetində çap olunmuşdur:Missiya (Ulu öndər Heydər Əliyevə həsr olunur). Bakı: ADPU-nun nəşri, 2020;Mənim anam. (şeirlər) Bakı: "Vətən” nəşriyyatı, 2006; Su at dalımca, ana. (şeirlər) Bakı: "Vətən” nəşriyyatı, 2006; Ana sevgisindən doğan nəğmələr. Bakı: "Avropa” nəşriyyatı, 2008; Yaşadacaq anam məni. (şeirlər). Bakı: "Qismət” nəşriyyatı, 2009; Ana kəndim Xalxalım. Bakı: "Avropa” nəşriyyatı, 2010; Ömrün çıraqdır sənin. Bakı: "Avropa” nəşriyyatı, 2010; Sözün hikməti. (şeirlər) Bakı: "Vətən” nəşriyyatı, 2012; Analı dünyam. (şeirlər) Bakı: "Vətən” nəşriyyatı, 2015; Haqqa çağıran səs. (şeirlər) Bakı: "Vətən” nəşriyyatı, 2015; Bayatılar. Bakı: "Apostroff” nəşriyyatı, 2015; Bayatılar və üç şeir. Bakı: "Apostroff” nəşriyyatı, 2015; Ruhuna beşiksə, tanı, Vətəndir. (şeirlər) Bakı: Afpoliqraf mətbəəsi, 2017; Onun daş nağılı. (şeirlər) Bakı: ADPU-nun nəşri, 2019; Yanından keçmə dağların (bayatılar). Bakı: ADPU-nun nəşri, 2020.
Respublika mətbuatında onun kitabları haqqında 300-dən çox məqalə dərc olunmuşdur.
***
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkədə mövcud sanitar-epidemioloji vəziyyəti, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini təhlil edərək xüsusi karantin rejiminin mayın 31-dək uzadılması barədə qərar verib.
Yada salaq ki, fevral ayının əvvəllərindən koronavirus infeksiyası dünyada gərginlik və bəzi hallarda laqeydliklə qarşılandığı halda, Azərbaycan o azsaylı dövlətlərdən oldu ki, metodik və ardıcıl yanaşmaları ilə əvvəlcədən vəziyyətə nəzarəti təmin edə bildi.
Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi "Koronavirus müharibəsinin ikinci fazası” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə deyilir ki, koronavirus pandemiyasının "dünyanı dolaşdığı” və sərhədlərimizə yaxınlaşmaq məqamlarında Azərbaycan vətəndaşlarının bütün diqqəti ölkənin ali siyasi rəhbərliyinə, Prezident İlham Əliyevə yönəldi. Bu qeyri-standart şəraitdə ölkə rəhbərinin atdığı addımların birinci uğurlu cəhəti ondan ibarət idi ki, dövlətin tədbirləri, ilk növbədə, sistemli və ardıcıllıqla hazırlanıb həyata keçirilirdi. İlk belə tədbir daha çox risk yükü olan sərhəd qapılarını bağlamaqla bağlı oldu. Ölkə üzrə vahid koordinasiya mərkəzinin yaradılması ideyası da dövlət başçısının adı ilə bağlı oldu və beləliklə, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı. Müxtəlif dövlət qurumlarının dəqiq və qüsursuz bir mexanizm halına gətirilməsi xüsusi olaraq diqqəti cəlb edən hal idi və o mexanizmdə Səhiyyə Nazirliyinin üzərinə düşən əsas yükün ağırlığı ilə bərabər məsuliyyəti də seçilirdi. O xüsusatı kursivlə verməyi lazım bilirik ki, öz gənc dövlətçilik tarixi müddətində ilk dəfə bu cür fövqəladə situasiya ilə rastlaşması, analoji vəziyyətlərdə təcrübənin olmaması fonunda baş verənlər çevik və mütəhərrik dövlət qurumlarımızın vahid orqanizm kimi qurulması faktını təsdiqlədi.
Operativ Qərargahın ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayıraraq karantin zonaları yaradılması haqqında qərarı həmin yükü aydın fokuslaşdıra bildi. Üstəlik, koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərinmüayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilməsi, ixtisaslaşmış xəstəxanaların və laboratoriyaların xəstəliyin müayinəsi-müalicəsi üçün müvafiq avadanlıq və dərman preparatları ilə təmin edilməsi qarşıda duran vəzifələrin asan olmadığını göstərirdi. Operativ Qərargahın tədbirlər planına uyğun olaraq peşəkar həkimlərin bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunmaları, infeksiyaya yoluxmuş şəxslərin müalicəsinə cəlb edilmələri praktikasının işə salınması da bu istiqamətdə işlərin məhsuldarlığına yönəldi. COVID-19 virusuna qarşı mübarizə çərçivəsində paytaxtla yanaşı, ölkənin bütün regionlarını əhatə edən mərkəzlər yarandı. Bütün bunlar beynəlxalq qurumlar, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildi.
Yada salmaq istərdik ki, yaşadığımız əsrin biopolitikasını şərtləndirən COVID-19 ətrafında yaranan ajiotaj, əslində, bəşəriyyət üçün yeni tendensiya deyil, tarixi min illərə gedib çıxan qorxunc və dəhşətli pandemiyalardan adlayaraq günümüzə qədər gəlib çıxıb. Dünya tarixi dəfələrlə müxtəlif epidemiyaların yaratdığı fəlakətləri yaşayıb. Tarixçilərin Aralıq dənizi (Roma) sivilizasiyası ilə hind sivilizasiyanın kontaktından yarandığını iddia etdiyi ilk epidemiya faktı, əlbəttə, Çinin iştirakı olmadan yayılmayıb. Bu, indinin özündə də Çin sivilizasiyası ilə Hindistan sivilizasiyanın kontaktından meydana gəldiyi qənaətilə əsaslandırılır. Nə cür meydana gəlməsindən asılı olmayaraq iki qütbün - Qərbin və Uzaq Şərqin sakinləri üçün bu, "yeni xəstəlik” idi və ona qarşı immunitetin olmaması nəticələri ağırlaşdırdı. Bu, "Antonilər çuması”nın Roma imperiyasının ömrünə vurulan baltaları oldu.Bunun bədəlini ödəmək isə elə həmin imperiyanın bəxtinə yazıldı və o dağıldı. Nəticə isə romalılar arasında onların köhnə allahlarına inamı sarsıtdı. Elə bunun fonunda "nicat dini” kimi xristianlığın yayılması vüsət götürdü. Xristianlıq ölümdən qorxmamağı, xeyirxahlığı təbliğ edir, ölüm qarşısında olanların qayğısına qalmağı, xəstəxanalar yaradılmasını sürətləndirirdi. Bu, Aralıq dənizi hövzəsində xristianlığın rəsmi din kimi tanınmasını şərtləndirən başlıca amil oldu.
Çinlilər də nicat yolunu öz dinində - buddizmdə gördü. İki qütbdəki iki imperiya - Qərbdə Roma, Yaxın Şərqdə Xan imperiyaları isə ömrünü başa vurmaqla iki din, xristianlıq və buddizm möhkəmləndi: bu, insan əxlaqının dəyişməsi idi.
"Yustinnian tifi” isə VI əsrə Yaxın Şərqdə qəfildən göründü. O, indinin özündə də Bizans İmperiyası ilə Persiya arasında gedən müharibələrin nəticəsi kimi qəbul edilir. Nəticə olaraq epidemiya ərəb dövlətlərinin yaranması ilə yanaşı, İslam dininin meydana gəlməsi dövrü olaraq tarixə düşdü.
XIV əsrdə Monqolustandan Ukraynaya qədər yayılan "Qara ölüm” epidemiyası, XVI əsrdə Amerika qitəsində yayılan, Meksika və Peru əhalisinin 95 faizini, bütövlükdə böyük sivilizasiyanın axırına çıxan, iki yüz ildən sonra Avstraliya və Okeaniyada, avropalılarla aborigenlərin təması ilə yenidən alovlanan "Ağ ölüm” kütləvi ölüm gətirdi. Ardınca XVIII əsrdə Avropa, Rusiya, Şimali Amerikada yaranan tif epidemiyasının ocaqları isə iri şəhərlər oldu, elə yeri gəlmişkən, həmin dəhşətli epidemiyadan sonra Amerika Birləşmiş Ştatları dünyanın siyasi xəritəsində peyda oldu. Nəhayət, I Dünya müharibəsinin axırlarına yaxın başlayan tif, vəbadan sonra başlayan qrip pandemiyası üç il müddətində Avropanın başı üzərində kabus kimi dolaşaraq bütün qitələrdəki insanlar üçün ölüm təhdidinə döndü. Sonuncu pandemiyaya qarşı mübarizə metodu sonralar şəxsi gigiyena kimi insanların məişətində kök salan sosial gigiyena mədəniyyətini bərqərar etdi. Sabun, qaynadılmış su, kanalizasiya ilə bərabər, milli səhiyyə sistemlərinin əsasları yaradılmağa başlanılaraq gündəlik həyat normasına çevrildi.
Tarixin dəhşətli pandemiyaları üzərində insan iradəsi qələbə çalıb.
Bu, həqiqətdir və bizim müasirlərimizə stimul verməli olan ən başlıca dərslərdən biri, bəlkə də birincisi olmalıdır. Bunu yadımızda saxlamaqla bərabər, onu da unutmamalıyıq ki, pandemiyalar bizə qədər barəsində məlumatlar gəlib çatmış, tarixi 2 mindən çox illərin ibrətamiz gerçəkliyidir. İnsanların, ümumilikdə 2 milyon il müddətində təkamülünün onun immunitet sistemini möhkəmləndirməsi amilini nəzərə alsaq, koronavirusla bağlı təlaşlanmağın deyil, sistemli və metodik mübarizənin effektivliyini təmin etmiş oluruq. Bunun üçün başlıca silahımız elmi-texniki tərəqqinin nailiyyətləri olmalıdır.
Dünyanın istənilən nöqtəsindəki istənilən hadisə ilə bağlı xəbərlər kimi, koronavirusla bağlı məlumatların Yer kürəsinin istənilən nöqtəsinə çatdırılması üçün dəqiqələr bəs edir. Biz bu silahın gücündən maksimum yararlanmağımızla bərabər, fəaliyyəti ölkə əhalisinin etimadını qazanmış Operativ Qərargahın xətti ilə aidiyyəti dövlət qurumlarının tövsiyələrini mübahisəsiz olaraq qəbul etməliyik. Unutmamalıyıq ki, xalq olaraq doğmalarımıza xüsusi münasibətimizlə seçilirik və ona görə də atdığımız hər addımda onları fikirləşməliyik. Bu zaman yaddan çıxarmamalıyıq ki, Azərbaycan Respublikasında hakimiyyətin başlıca qayğısı vətəndaşlarını koronavirus yoluxmasından qorumaqdır. Unutmamalıyıq ki, əgər COVID-19 infeksiyası insanların kontaktı ilə yayılırsa, deməli o, uzaqda deyil, böyür-başımızda dolaşır, bizə və bizim şəxsimizdə doğmalarımıza yoluxmaq üçün məqam gözləyir. Buna görə də ekspertlər, ən mükəmməl mütəxəssislər haqlı olaraq tövsiyə edirlər ki, COVID-19 mühitində yaşamağa hər kəs fərd olaraq psixoloji cəhətdən özünü hazırlamalıdır. Həmin "psixoloji hazırlığı”n başlıca şüarını, yeri gəlmişkən, çoxlarımızın həkimlərin "şəkər” xəstəliyi ilə bağlı artıq cəmiyyətdə aforizmə çevrilən sözlərini xatırlayaq: "Diabet xəstəlik deyil, həyat tərzidir”. Bu, alışmalı olduğumuz gerçəklikdir və pandemiya tamamilə çəkilib gedənəcən hər birimiz koronavirusa xəstəlik kimi deyil, həyat tərzi kimi yanaşmalıyıq. Bundan əlavə, özümüzün hər vaxt xatırladığımız bu həyat formulunu imkan düşən məqamda başqalarının da yadına salmalıyıq. Cəmiyyətin hər bir üzvü kimi, sizli-bizli, hər birimiz Operativ Qərargahın yaydığı məlumatlara, tövsiyə və təlimatlara riayət etməyin birmənalı vacib olduğunu ətrafımızdakılara aşılamalıyıq. Şəxsi gigiyena qaydalarına əməl etməyə, insanlarla təmaslardan maksimum qaçaraq özünütəcridi, bu, mümkün olmadıqda sosial məsafəni gözləmək məcburiyyətini şəraitin diktəsi kim qəbul etməliyik.
Xüsusi karantin rejiminin yumşaldılaraq mayın 31-dək uzadılmasını dövlətin öz vətəndaşının sağlamlığı naminə atdığı addım kimi qiymətləndiririk. O da var ki, Azərbaycanı koronavirusdan öncəki həyatına qaytarmaq üçün hər birimiz məsuliyyət daşıyırıq. Arxada qalan gərgin 2 ay göstərdi ki, təhsil işçiləri, istər ali, istərsə də ümumtəhsil məktəblərinin müəllim heyəti hər bir məqamda vətəndaş məsuliyyəti nümayiş etdirir. Bu heyət Təhsil Nazirliyinin təlimatlarına uyğun olaraq qısa müddətdə distant təhsil praktikasını tətbiq etməklə yanaşı, təkcə tədrislə məşğul olmadılar. Eyni zamanda, hər bir müəllim nəinki şagird-tələbə kontingenti, imkan düşəndə onların valideynləri ilə də geniş iş apardılar. Müəllimlər bunu təkcə dərs prosesində deyil, sosial şəbəkələrin bütün imkanlarından maksimum yararlanmaqla da təşkil etdilər və bu missiyanı davam etdirirlər.
Bəli, "Biz birlikdə güclüyük!” çağırışı yaşadığımız əsrə bərabər günlərin təcrübəsində bir daha sübut edilən gerçəklikdir. Buna görədir ki, koronavirusla mübarizədə dünyanın örnək olacaq ölkələrindən biri kimi qəbul edilən Azərbaycanın qazandığı nəticələrlə fəxr edə bilərik. Bu nəticələrin qazanılmasında Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın rolu şübhəsizdir, bununla bərabər, dövlət və hökumət qurumları ilə yanaşı, hər bir vətəndaşımızın payı var.
Hesab edirik ki, sadaladığımız faktların yaratdığı mənzərə nə qədər qürurverici olsa da, qazanılan nəticələr cəmiyyətimizdə arxayınlıq yaratmamalıdır. Ona görə ki, bu, müharibə qaydalarına daban-dabana zidd olan taktikadır. Biz isə COVID-19, təkmil və amansız düşmənlə qarşı-qarşıyayıq.
[email protected]