Almaniyanın Tübingen Universiteti apardığı tədqiqatın nəticələrini təqdim edib: çox arıq ayaqlar insanın sağlamlıq durumunun pis vəziyyətdə olmasını göstərən etibarlı markerdir.
Belə bədən quruluşuna malik adamlar çox vaxt ürək-damar xəstəliklərinə meyilli olurlar.
Azertag.az "maddaily” saytına istinadla xəbər verir ki, ekspertlər 981 könüllünü müşahidə ediblər. Tədqiqatın bütün iştirakçılarını metabolik sindromun standart parametrlərinə müvafiq yoxlayıblar. Bu sindrom bel nahiyəsində visseral piyin olması, insulinə həssaslığın azalması, maddələr mübadiləsinin pozulması və təzyiqin artması kimi bir sıra səciyyəvi kənara çıxmaları birləşdirir.
Məlum olub ki, 18 könüllüdə metabolik sindrom əlamətləri var, hərçənd onların çəkisi normada olub. Bu insanları birləşdirən yeganə ümumi cəhət onların son dərəcə arıq ayaqları olub. Ola bilsin, çox arıq ayaqlar piyin qeyri-bərabər paylanmasına gətirib çıxaran genetik faktorlarla bağlıdır. Alimlər lipodistrofiyadan – piy yığınlarının formalaşmamasına səbəb olan piy toxuması patologiyasından da danışırlar.