Ramil Usubov ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikerini qəbul edib

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkədə səfərdə olan ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnardı qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycanın ABŞ ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran nazir iki dövlət arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini və onun 1997-ci ilin yayında ikitərəfli münasibətlərin zirvəsi hesab olunan ABŞ-a rəsmi səfərini məmnunluqla xatırladıb. Ulu Öndərin ölkəmizin dünyaya inteqrasiyasının, bölgədə lider dövlətə çevrilməsinin, müstəqil siyasət yeritməsinin əsasını qoymuş kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birləşmiş Ştatlarla bütün sahələrdə əlaqələrin bu gün yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb.

Cavan Mesnard Azərbaycanda ilk dəfə olduğunu, səfəri çərçivəsində Bakı və regionlar ilə tanışlığının, ölkəmizin ecazkar təbiətinin, sürətli iqtisadi inkişafının, hər yerdə insanların dostluq və qonaqpərvərlik nümayiş etdirməsinin onda dərin təəssüratlar yaratdığını bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.




[email protected]