"Obamakeyə” adlanan tibbi sığorta qanununun ləğvini Senat qəbul etmədi. Trampın rəhbərliyi ilə respublikaçılar "Obamakeyə” qanununu "Ağlabatan qiymətlə tibbi sığorta aktı” ilə əvəzləmək niyyətində idi.
Üç respublikaçı senator Con Makkeyn, Susan Kollins və Liza Murkovski demokratlara qoşularaq 49 səsə qarşı 51 səslə qanununun ləğv edilib yenisi ilə əvəz edilməsinə əngəl oldular.
Respublikaçıların Senat, Nümayəndələr Palatası və Ağ Evə nəzarət etməsinə baxmayaraq, Respublikaçılar "Obamakeyə” qanununun ləğvi üçün aylardır, mübarizə aparırlar. Qanun eks-prezident Obama tərəfindən 2010-cu ildə qəbul edildi. Qanuna görə, əvvəllər tibbi sığortası olmayan milyonlarla amerikalıya tibbi sığorta verildi.
Prezident Tramp seçki kampanyasında Obamakeyənin ləğv edəcəyini bildirmişdi. Ağ Evin mətbuat katibi Senatın yeni qanunu qəbul etməməsi barədə rəsmi açıqlama bildirməyib.
Əleyhinə səs verən respublikaçı Murkovski haqqında Tramp tvitter hesabından yazıb. O, Murkovskini tənqid edərək onun Respublikaçılar Partiyası və ölkəyə zərər verəcəyini demişdi.
Makkeynin də "yox” deməsini alqışlayan senator Şumer Makkeyni "qəhrəman” adlandırıb. "O, qəhrəmandır, mənim qəhrənım” – Şumer səsvermədən sonra bildirib.
Beyin xərçəngi diaqnozu qoyulan Makkeyn işə qayıtdıqda Tramp da onu "qəhrəman” adlandırmışdı.