Astanada Azərbaycan şərablarının ticarət evi açılır

Astana şəhərində (Qazaxıstan) Azərbaycan şərablarının ticarət evinin açılması planlaşdırılır.

İctimaifikir.az  bu barədə Qazaxıstan mətbuatına istinadən xəbər verir.

"Azərbaycan ixrac missiyasının bu ilin aprelində baş tutan səfəri çərçivəsində Azərbaycan şərabları qazax idxalçılarının marağına səbəb olub. Həmin vaxt Azərbaycan istehsalı şərabların Qazaxıstana ixracı və satışının təşkili ilə bağlı müəyyən razılıq əldə olunub. Hazırda Azərbaycan şərablarının ticarət evinin açılması üzrə danışıqlar aparılır”, - deyə Azərbaycan İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Qazaxıstanla yanaşı, Çin, Latviya və Estoniyaya da yerli istehsal məhsullarının ixracını artırır.

"Azərbaycanda yetişdirilən üzüm dəfələrlə Cənubi Qafqazın ən yaxşısı seçilib. Bu, keyfiyyətli və nadir növlərdən sayılır. Müasir zavodlarda bu üzümlərdən istehsal olunan şərab bütün beynəlxalq standartlara uyğun gəlir və dəfələrlə beynəlxalq sərgilərdə mükafatlandırılıb”, - deyə Nazirlikdən bildirilib.

Qeyd edək ki, ilin sonunadək Azərbaycan şirkətlərdən ibarət ixrac missiyasının Qazaxıstana daha bir səfəri planlaşdırılır.

Xatırladaq ki, 2016-cı ildə Azərbaycan hökuməti ixracın artırılması üçün "Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının xaricdə təşviqi layihəsinə başlayıb. Bunun üçün 2016-2017-ci illərdə 8 ixrac missiyası təşkil edilib.




[email protected]