Səhər yataqdan qalxmaq üçün yaxşı bir səbəbi olan insanların, gecələr daha rahat yatdığı müşahidə olunub.
İctimaifikir.az deyerler.org-a istinadən bildirir ki, "Sleep Science and Practice" jurnalında dərc olunan araşdırma çərçivəsində, yaşları orta hesabla 79 olan 823 iştirakçıya həyatlarının məqsədi və yuxu rejimləri haqqında suallar verilib.
Araşdırmada həyatlarının bir məqsədi olduğunu deyən iştirakçıların, yuxu apnesindən 63% daha az əziyyət çəkdiyi müşahidə olunub. Bu insanlarda yuxu keyfiyyətini pozan narahat ayaq sindromuna da 52% daha az rast gəlindiyi qeyd edilib.
Alimlər adətən gənclərdən daha az yatan yaşlıların üzərində aparılan araşdırmanın, cəmiyyətin geniş təbəqəsi üçün keçərli ola biləcəyini qeyd edirlər.
Tədqiqat qrupunun rəhbəri, ABŞ-dakı Şimal-Qərb Universitetindən doktor Ceyson Onq belə danışıb: "İnsanların həyatlarında bir məqsədlərinin olmasına kömək etmək, xüsusilə getdikcə artan şəkildə yuxusuzluqla üzləşmiş bir cəmiyyətdə, dərmana istifadə etmədən təsirli bir strategiya ola bilər".