Putin və Tramp Suriyanın cənubunda atəşkəs bölgəsində razılaşdılar, ölkədə uzun müddətlik atəşkəs nə vəd edir?
ABŞ və Rusiya prezidentlərinin G-20 sammitində Suriyada atəşkəs mövzusunda anlaşması Suriya məsələsində ümid yaradıb. Bir çoxlarına görə iki nəhəng dövlətin atəşkəs razılaşması Suriyanın taleyində dönüşə çevriləcək.
Məsələ ondadır ki, G-20 sammitinin gedişində Putin və Tramp arasında ilk görüş baş tutub və tərəflər bir sıra məsələlərlə bağlı, o cümlədən Suriyanın cənubunda atəşkəsin əldə olunması haqda razılıq əldə ediblər. Razılaşmaya əsasən Suriyanın cənubunda Dəra vilayətində qüvvəyə minəcək atəşkəsə İordaniya və ABŞ nəzarət edəcək.
Qeyd edək ki, Suriyada atəşkəs bölgələrinin yaradılması təklifini Rusiya irəli sürüb və Astanada bu barədə razılaşma əldə olunub. Mayın 5-də qüvvəyə minən atəşkəs razılaşmasına əsasən, Suriyada 4 atəşkəs zonası yaradılıb. Ancaq iyulun 5-də keçirilən sayca 5-ci Astana görüşündə atəşkəs bölgələrində uçuşların qadağan olunduğu zonaların yaradılması təklifi dəstəklənməyib. Suriya heyətinin rəhbəri Bəşər Cəfəri Türkiyənin təklifi qəbul etmədiyini bildirib. Bununla da gözlənilən Astana görüşündən ciddi nəticə əldə etmək mümkün olmayıb. Eyni zamanda müşahidəçilər iyulun 10-da baş tutacaq növbəti Cenevrə danışıqlarından ciddi nəticə çıxacağına ümid etmir.
Məsələ ondadır ki, Suriyanın və Bəşər Əsədin gələcək taleyi ilə bağlı anlaşma əldə olunmayıb. ABŞ dövlət katibi Reks Tillerson deyib ki, G-20 sammitində Putin və Tramp görüşündə Əsədin taleyi ilə bağlı hər hansı razılaşma və ya qərar olmayıb. Ancaq Tillerson Əsədin "Suriyada taleyinin çox uzun davam etməyəcəyini” əlavə edib. Lakin o, bu barədə hər hansı razılaşmanın əldə olunmadığını və keçid prosesinin danışılıb razılaşdırılmadığını qeyd edib.
Qeyd edək ki, hazırkı vəziyyətdə Suriyada müəyyən mənada təmizlənmə adlandıra biləcəyimiz bir proses gedir. ABŞ və onun kürd müttəfiqləri Suriya Demokratik Qüvvələri adlı koalisiya ilə birlikdə İŞİD-ə qarşı Suriyanın şimalında əməliyyatlar aparır. Hazırda SDQ gücləri Raqqaya daxil olmağa çalışır. Bundan başqa, ölkənin şimal-qərb hissəsində İdlib vilayətində silahlı müxaliflər və İŞİD arasında toqquşmalar başlayıb. Cənubda isə əldə olunan razılaşmaya əsasən müxaliflər və hökumət gücləri arasında atəşkəs imzalanıb və İŞİD-ə qarşı əməliyyatlar hazırlanır.
Beləliklə, mayın 5-də əldə olunmuş atəşkəs bölgələri razılaşmasına əsasən İdlib vilayəti, Hama və Hums şəhərləri arasındakı bölgə, Dəməşq və ətrafı, nəhayət, Dəra vilayəti atəşkəs zonaları hesab olunur. Bu bölgələrdən geri qalan ərazilərdə silahlı radikal ekstremistlər, o cümlədən İŞİD təmizlənəcək. Bu əməliyyatın ABŞ və Rusiyanın nəzarətində aparılması, mübahisəli bölgələrdə uçuşlara nəzarət edilməsi və ya qadağa qoyulması gözlənilir. Beləliklə, əsasən Rusiyanın irəli sürdüyü bu plan qüsursuz işləyəcəyi təqdirdə yaxın aylarda İŞİD və digər "terror siyahısında” olan qruplaşmalar məhv ediləcək. Suriyada 3 əsas güc qalacaq. Bunlar: Bəşər Əsədin rəhbərlik etdiyi Suriya hökuməti, Azad Suriya Ordusu və digər müxaliflərin cəmləşdiyi müxalifət və nəhayət, kürdlər, ya da başqa adla Suriya Demokratik Qüvvələri.
Rusiyanın təklif etdiyi plandan belə aydın olur ki, Raqqa əməliyyatı uğurla nəticələndikdən, İŞİD bölgədə ləğv edildikdən sonra kürdlərə status verilməsi məsələsi gündəmə gələcək, hələlik Dəməşq bu məsələdə etiraz etsə də, ehtimal ki, təzyiqlər qarşısında tab gətirməyəcək. Danışıqların əsas hissəsi isə təbii ki, Suriya hökuməti ilə müxaliflər arasında aparılacaq. Bu isə necə deyərlər son mərhələ olacaq. Ancaq buna qədər əsas şərt davamlı atəşkəsin təmin olunması və terrorçu hesab olunan qruplaşmaların birgə mübarizə nəticəsində ləğv edilməsidir.
Bu isə o deməkdir ki, rusların və amerikalıların nəzarəti altındakı Suriya atəşkəsi uzun illər davam edə və danışıqlar uzana bilər. Buna qədər isə Suriyada terrora qarşı mübarizə davam edəcək və bu mərhələdə Rusiya Əsədə qarşı olan qruplara zərbələr endirəcək. ABŞ isə əksinə, fürsət olduqca Bəşər Əsədin daha da zəifləməsi üçün ara-sıra zərbələr endirə bilər. Bu siə münaqişənin daha da uzanmasına səbəb olacaq. Burada daha bir faktor körfəz ərəb ölkələrinə bağlı müxalif qrupların təlimat aldıqları ölkələrin maraqlarına uyğun davranmaları da rol oynayacaq.
Nəhayət, Suriyada münaqişənin daha da dərinləşməsinə səbəb olacaq daha bir faktor İsraildir. İsrail kürdlərin dövlət və muxtariyyət yaratmasını dəstəkləməklə yanaşı, Əsədin yenidən Suriyada hakimiyyəti ələ almasından narahatdır. Bu səbəblə də İsrail yeni müharibəyə hazırlaşır.
Ehtimal ki, bu dəfə Livanın cənubu ilə yanaşı Suriyanın Colan bölgəsinə hücumlar olacaq. Çünki Suriyanın cənubunda işğal olunmuş Colan bölgəsi ilə sərhəddə İsrailə yaxın qruplaşmalar var. İsrail o qüvvələri dəstəkləməklə bir mənada sərhədlərini təhlükəsizlikdə saxlamağa çalışır. Suriyada savaşın daha da qızışması, Əsədin zəifləməsi İsrail üçün çox vacibdir, çünki bu həm də Hizbullahın Suriyada ilişib qalması deməkdir. İsrail Suriyaya zərbələr endirərsə, bu, Suriya ordusunu daha da zəiflədə, müxalifləri daha da cəsarətləndirə bilər. Bu səbəbdən də İsrailin Suriyaya müdaxiləsi ehtimalı indi çox yüksəkdir.
Beləliklə, nəticə etibarı ilə Suriyada müəyyən müddətə bir təmizlənmə və arxasınca uzun illər davam edən "nə hərb, nə sülh” - atəşkəs prosesi başlayacaq. Münaqişənin taleyini isə böyük güclərin anlaşması həll edəcək. Planetin digər nöqtələrində olduğu kimi.