Bu gün Hamburqda böyük "İyirmilik" ölkələri liderlərinin iki günlük sammitinin açılışı olacaq.
G20-yə sədrlik 2016-cı ilin dekabrında Almaniya Federativ Respublikasına keçib.
Almaniya sammitdə bu mövzuları prioritet kimi müəyyənləşdirib: - iqlim dəyişikliyinə qarşı mübarizə, Afrikanın inkişafı, planetdə aclığın nəticələrinin aradan qaldırılmasına yardım, cəmiyyətdə qadının rolunun gücləndirilməsi.
Sammitin ilk iş günündə terrorizmə qarşı mübarizə, iqlim, ticarət və iqtisadi problemlər müzakirə olunacaq. Sammitin ikinci günü Afrikada vəziyyətin yaxşılaşdırılması, miqrasiya problemi, səhiyyə və rəqəmsal texnologiyaların inkişafı barədə müzakirələrə həsr olunacaq.
Lakin "İyirmilik" ölkələri liderlərinin rəsmi proqramları bunlarla məhdudlaşmayacaq və onlar ikitərəfli və çoxtərəfli görüşlər keçirəcəklər. Onlardan ən çox gözlənilənlərdən biri də Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın görüşü olacaq.