Jan-Fransua Mansel: "Ümid edirəm Fransanın yeni prezidenti Ermənistanın Füzulidə törətdiyi son cinayətinə göz yummayacaq"

Füzuli rayonunun Alıxanlı kəndində günahsız nəvə və nənənin ölümü yolverilməz və bağışlanmaz cinayətdir.

İctimaifikir.az bildirir ki, bunu Reportun Fransa bürosuna müsahibəsində Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Alıxanlıda törətdiyi təxribat nəticəsində kənd sakinləri Quliyeva Sahibə və iki yaşlı Quliyeva Zəhranın həlak olması ilə bağlı məsələyə münasibət bildirən Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel deyib.

Jan-Fransua Mansel: "Ümid edirəm Fransanın yeni prezidenti Ermənistanın Füzulidə törətdiyi son cinayətinə göz yummayacaq"

O, günahsız nəvə və nənənin qətlini yolverilməz və bağışlanmaz cinayət adlandıraraq Azərbaycan xalqının kədərini bölüşdüyünü bildirib.

Hər zaman öz övladlarını itirərkən Azərbaycan xalqının yaşadığı əzab-əziyyətdən xəbəri olduğunu söyləyən Jan-Fransua Mansel deyib:

"Biz çox gözəl başa düşürük ki, Ermənistan ikiüzlü siyasət yürütməkdədir. Özünü "qurban" ölkə kimi qələmə verməyə çalışan Ermənistan dövləti Azərbaycana münasibətdə təcavüzkar siyasət yürüdərək, onun ərazilərinin 20%-ni işğal edib və bu ərazilərdən Azərbaycana, onun dinc əhalisinə qarşı təcavüzkar əməlləri üçün istifadə edir. Ermənistan özünü haqsızlığa məruz qalmış dövlət kimi qələmə verməkdə davam edə bilməyəcək. Ümid edirəm Fransanın yeni Prezidenti bu baş vermiş hadisəyə gözünü yummayacağ və Ermənistanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə hörmət etməyə təhrik edəcək".

Jan-Fransua Mansel, həmçinin qeyd edib ki, qaçqın düşmüş minlərlə azərbaycanlının öz doğma yurd-yuvasına qayıda bilməsi üçün Azərbaycan torpaqlarını erməni işğalından azad etmək Dağlıq Qarabağ münqişəsinin həlli istiqamətində aparılan sülh prosesinin ayrılmaz hissəsi olmalıdır.




[email protected]