Təcrübələrin birində könüllü təcrübəyə qoşulanlar boş otaqda 15 dəqiqə tək qalıb. Otaqda olduqları müddətdə edə biləcəkləri tək şey bir ipi ayaqlarına dolayaraq özlərinə elektrik şoku verə bilmələri olub. Təcrübədə iştirak edənlərin çoxu sıxıntıdan qurtulmaq üçün bu yolu seçib.
İngiltərənin Lənkəşər Universitetindən (Lancashire) Sandi Mann can sıxıntısının həyatımıza olan təsirlərini öyrənən az sayda olan psixoloqlardan biridir.
Araşdırmalar can sıxıntısının insanın sağlamlağına ciddi təsirləri olan və ömrü qısaldan bir vəziyyət olduğunu göstərir. Lakin Mann qeyd edir ki, can sıxıntısı insanda olan yaradıcılıq özəlliyinin ortaya çıxmasına müsbət təsir göstərir.
"Sıxıntıdan ölmək"
Can sıxıntısı gündəlik həyatımızda çox rast gəlinən bir hal olsa da, İngilis dilində bu sözü ifadə edən "boredom" ilk dəfə 1852-ci ildə Çarlz Dikkensin kitabında işlənib. Bu da alimlərin təəccübünə səbəb olub. Dikkens "Soyuq ev" romanında Ledi Didlukdan danışan zaman "evliliyi onu sıxıntıdan öldürəcək hala gətirmişdir" kimi bir cümlə işlədir.
Kanadada yerləşən "York Universiteti"nin sosial alimi olan Estvud da bu mövzuya maraq göstərir. O, can sıxıntısından əziyyət çəkənləri iki qrupa bölür:
Birinci qrupa tələskən və daima yeni təcrübələr axtarışında olan insanlar daxildir. Sadə həyat tərzi bu cür insanların diqqətlərini davamlı olaraq canlı saxlamaları üçün yetərli deyil.
İkinci qrupda isə problem tam tərsinədir. Xarici aləm onlar üçün tam bir təhlükə mənbəyidir. Özlərini rahat hiss etdikləri yerdən kənara çıxmırlar. Estvudun fikrinə görə bu cür insanlar "kədərə qarşı hədsiz dərəcədə həssas olduqlarından öz dünyalarında yaşayırlar". Bu vəziyyət onların rahatlığını təmin etsə də, uzun müddət davam edə bilməz. Bir müddət sonra onlar can sıxıntısından əziyyət çəkməyə başlayırlar.
Can sıxıntısı və pis vərdişlər
Bu vəziyyətdə olan insanlarda özünə ziyan vurmağa meyillilik yaranır. Siqaret, yüksək miqdarda alkoqol qəbulu, narkotik maddələr və s. bu kimi pis vərdişlərə bağlılıq güclənir.
Cənubi Afrika gəncləri arasında aparılan bir təcrübədə onların bu cür vərdişlərinə can sıxıntısının səbəb olduğu ortaya çıxır. Bu sadalanan vərdişlərə nisbətən daha az zərərli görünsə də, sıxıntıdan çox yeməyə meyillilik artır. İngiltərədə dövlət məmurları arasında aparılan bir araşdırmada can sıxıntısından şikayət edənlərin 3 il ərzində ölmə riski digərlərinə görə 30 faiz daha çox müşahidə edilir.
Maraq hissi
Bütün bunlar təkamül psixologiyası sahəsində araşdırma aparan və duyğuların insanlara olan müsbət təsirinə inanan sosial alimləri təəccübləndirir. "Texas Universiteti"nin alimi Hezar Lençə görə, "gündəlik həyatda can sıxıntısı insana öz müsbət təsirlərini göstərir". Necə ki, qorxu hissi təhlükədən qoruyur, kədər hissi gələcəkdə ediləcək səhvlərin qarşısını almağa yardım edir, eləcə də can sıxıntısının bunlara oxşar xüsusiyyəti olmalıdır.
Lenç bildirir ki, bu insanın maraq hissini ortaya çıxarır və insanlar yeni şeylər sınayır. Bir təcrübədə könüllülər boş bir otaqda 15 dəqiqə tək saxlanılmışdır. Edə biləcəkləri tək şey otaqda olan ipi ayaqlarına bağlayıb, bədənlərinə elektroşok verə bilmələri idi. Könüllülərin çoxu darıxmaqdan xilas olmaq üçün bu yolu seçir.
Sıxıntıya qucaq açmaq
Sandi Manna görə, can sıxıntısı insanların maraq hissini, xəyal gücünü və yaradıcı özəlliyinin inkişaf etməsinə şərait yaradır. Bunu nəzərə alaraq, bu hissdən qorxmaq lazım deyil. "Uşaqlarımın yaradıcılıq özəlliklərini ortaya çıxarmaq üçün darıxmaqlarına şərait yaradıram", Mann bildirir.
Estvud isə can sıxıntısından tez xilas olmaq üçün təmkinli davranmaq lazım gəldiyini bildirir: "O qədər iyrənc bir hissdir ki, ondan tez bir zamanda canını qurtarmaq istəyirsən, amma bu hissə özünü təslim edib, onun sənə nə demək istədiyini dinləməlisən".
Estvuda deyir ki, canın sıxıldığı zaman telefon və tabletdən istifadə etməyə tələsməyin. Çünki bu əks təsir göstərə bilər. "Texnologiya sayəsində artıqlaması ilə xəbərdar edilmiş vəziyyətdəyik. Maraqlarımızı canlı saxlamaq üçün hər zaman daha asan yollar axtarırıq. Lakin bu hal daha çox canımızın sıxılmağına səbəb olur", deyə Estvud bildirir.
Estvud qeyd edir ki, bu hissdən can qurtarmaq yerinə daha ağır problemləri həll etməyə baş yormağın nəticəsi xeyirli ola bilər. Məsələn, insana həyatın daha böyük anlamı olduğunu hiss etməsini təmin edəcək şəkildə yaxınlaşanda, daha az sıxıldıqları nəzərə çarpır.