Ermənistanın blokadasını gücləndirən layihə təhlükədə – gizli düşmənimiz kimdir?

10 ildir tikilən Bakı-Tiflis-Qars dəmir yolunun açılışı yenə ertələndi; Türkiyədən projenin əngəlləməsini xahiş edən "nüfuzlu dairələr” kimdir və ermənilər niyə və nəyə arxayındır?..

Azərbaycanın işğalçı Ermənistana qarşı təcrid siyasəti davam edir. Əsas hədəf şübhəsiz ki, işğalçı ölkəni bütün iri regional iqtisadi və energetik-kommunikasiya layihələrindən kənarda qoymaq, onun maliyyə-iqtisadi dayaqlarını sarsıtmaq, dirçəlməsinə və hərbi güc toplamasına imkan verməməkdir.

İllərdir aparılan bu siyasətin artıq müsbət nəticələri də var. Ermənistandan yan keçən Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, tezliklə istifadəyə veriləcək Bakı-Tiflis-Qars dəmir yolu və "Şimal-Cənub” nəqliyyat dəhlizi işğalçı tərəfin maliyyə durumunu daha da pisləşdirib və pisləşdirməkdədir. Ermənistan region və dünya iqtisadiyyatı üçün tranzit ölkə kimi də əhəmiyyətini itirməkdədir.


Bütün bunların məntiqi yekunu odur ki, təcavüzkar ölkənin iqtisadiyyatı hələ də sovet dönəmindəki rüşeym formasından çıxa bilmir. Ermənistan sürətlə boşalır, iş qabiliyyətli əhali ölkənin iqtisadi-biznes gələcəyinin olmadığına əminlik hasil edib ölkəni kütləvi şəkildə tərk edir. Paralel surətdə Ermənistan öz ordusuna çağırışçı problemi ilə üzləşib.


***

Image result for Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri


Ancaq bu arada məlum olub ki, Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi Türkiyə tərəfindən dəfələrlə səslənən vədlərə rəğmən, iyul ayında da baş tutmayacaq. Məlumatlara görə, bu ay layihədə iştirak edən ölkələrin dəmir yollarının rəhbərləri növbəti dəfə toplaşaraq layihənin həyata keçirilməsinin gedişini müzakirə edəcəklər.


Fineko/abc.az agentliyi ləngimə ilə bağlı maraqlı iddia ortaya qoyub (Virtualaz.org). Belə ki, türk mənbələrinin bildirdiyinə görə, qardaş ölkədən bu layihəni əngəlləmək üçün mümkün olanı etməyi xahiş edən "çox nüfuzlu adamlar” var. Bəlli olur ki, həmin adamlar illərdir bu iri layihənin reallaşmasını əngəlləyə biliblər.


Siyasi müşahidəçilərə fikrincə, ilk baxışda bu, xeyli qəribə görünə bilər. Çünki Türkiyə özü də Avropa ilə Asiyanı birləşdirəcək bu strateji nəqliyyat dəhlizinin açılmasından iqtisadi, siyasi baxımdan çox maraqlıdır. Qardaş ölkə habelə öz ərazisində dəmir yollarını Gürcüstan dəmir yolları ilə birləşdirmək üçün mürəkkəb relyefə malik bölgədə illərdir gedən tikinti işlərinə yüz milyonlarla dollar xərcləyib. O zaman qardaş ölkənin hansı "nüfuzlu adamların” istəyi ilə öz iqtisadi maraqlarına zərbə vura biləcəyi gerçəkdən də çox maraqlıdır.


***

Image result for Bakı-Tiflis-Qars


İşğalçı Ermənistanda isə bu xəbərlərdən dolayı aşkar bir məmnunluq yaşanır. "Yeni Müsavat”ın məlumatına görə, o da diqqətçəkicidir ki, erməni mediasında və ekspert dairələrində Bakı-Tiflis-Qars dəmiryolunun ümumiyyətlə, heç vaxt açılmayacağı və rentabelli olmayacağı haqda bir əminlik var. Görəsən, bu əminlik haradan qaynaqlanır? Axı Bakı-Tiflis-Qars dəmir yolu doğrudan da başa çatmaq üzrədir. Di gəl, hər dəfə hansısa problem meydana çıxır və yolun istifadəyə verilməsi ertələnir.


Bu xüsusda yada salaq ki, az öncə Türkiyənin nəqliyyat naziri Ahmet Arslan Bakı-Tiflis-Qars dəmir yolu ilə ilk sınaq qatarının iyun ayında yola çıxacağını elan etmişdi. Lakin iyun başa çatsa da, bəlli oldu ki, Türkiyə ərazisində işlər hələ də yekunlaşmayıb. Yaxud Türkiyə tərəfinin dediyi kimi "işlər praktiki olaraq başa çatıb, ancaq bəzi problemlər var”. Hansı problemlər və nədən Türkiyə ərazisində tikinti işlərini aparan podratçılar işləri tam yekunlaşdırmırlar, bu haqda ətraflı bilgi yoxdur.


Avropa dəmir yolları Agentliyinin analitiki Roman Münqe də RJD-Partner Rusiya agentliyinə açıqlamasında deyib ki, dəmir yolunun açılması bu ilin sonlarında baş tutacaq. Ekspert deyir ki, magistral artıq işə hazırdır, lakin son tamamlama işləri aparılmalıdır. Gürcüstanın dövlət "Mardaba-Kartasxi dəmir yolları” şirkəti isə bildirir ki, Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə veriləcəyi ilə bağlı yeni tarix 2018-ci ilin sonlarıdır.


Gürcü ekspert, nəqliyyat dəhlizləri araşdırmaları Mərkəzinin rəhbəri Paata Tsaqareişvilinin sözlərinə görə, əsas problem Azərbaycanla Gürcüstan arasındadır. Çünki tərəflər hələ vahid tarif siyasətini müəyyən edə bilməyib. Məlumatlara görə, Gürcüstan istəyir ki, tarif məsələsində müstəqil siyasət yeritsin. Bu isə əsas investor ölkə kimi Azərbaycanı qane edə bilməz. Çünki dəhlizin uğurlu fəaliyyəti üçün vahid tarif siyasəti böyük əhəmiyyət daşıyır.


Digər tərəfdən, Azərbaycan şərt qoyub ki, Bakı-Tiflis-Qars dəmir yolu ilə Ermənistan yükləri daşına bilməz. Hansı ki, bu dəmir yolunun tikintisindən ən çox narahat olan Ermənistandır və bu ölkə başa düşür ki, layihənin həyata keçirilməsi onun təcrid olunmasını gücləndirəcək. Lakin məlumatlar var ki, Gürcüstandakı "Gürcü arzusu” hökuməti Ermənistan yüklərinin də bu dəhlizə buraxılmasına meyllidir. Azərbaycan isə sözsüz ki, heç bir halda buna razı ola bilməz.


***


Beləcə, 2007-ci ildə əsası qoyulan layihənin reallaşması yenə sual altında qalıb. Səbəbin siyasi və iqtisadi motivli olduğunu söyləmək hələlik çətin olsa da, bir şey dəqiqdir ki, təcavüzkar Ermənistan onun həyata keçməməsində ən çox maraqlı olan ölkədir.


Əlavə edək ki, yeni dəmir yolu Azərbaycan üçün strateji baxımdan da böyük önəm daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək, bir günə Qarsa və iki gün yarıma isə İstanbula getmək mümkün olacaq. Bakı-Tiflis -Qars dəmiryolu Bakı-Tiflis-Ceyhan xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.


Onu da yada salaq ki, ABŞ və Avropa Birliyi işğalçı ölkədən kənar keçdiyi üçün bu layihəyə qarşı çıxıblar və erməni lobbisinin də təzyiqləri altında vaxtilə tikintini maliyyələşdirməkdən imtina ediblər. Onlar Bakı-Tiflis-Qars dəmiryolu əvəzinə Qars-Gümrü-Tiflis xəttinin açılmasını tələb edirdilər. Lakin Azərbaycan bu tələblər rədd edib və tikintinin maliyyələşdirilməsini öz üzərinə götürüb. Bu məqsədlə Gürcüstana ildə 1% faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verib.





[email protected]