İran Total şirkəti ilə 4.8 milyard dollarlıq qaz sazişi bağlayacaq

Bu arada "Financial Times" yazır ki, Fransanın Total şirkəti İran İslam Respublikası ilə onilliklərdən sonra çoxmilyardlıq qaz sazişi bağlayan ilk Qərb şirkəti olacaq.

Bütün bunlar İranın əsas rəqibi ABŞ-la Avropa arasındakı bağların zəiflədiyi vaxtda baş verir.

Total şirkətinin sözçüsü bildirib ki, bu saziş Avropa ilə İran arasındakı münasibətlərin inkişafına böyük təkan verəcək.

Saziş bu gün, iyulun 3-də Tehranda xüsusi mərasimdə imzalanır. Total bunu da bildirib ki, ilk İPC (Iran Petroleum Contract) sazişini bağlayan ilk şirkət olması ilə fəxr edir.

Bu saziş dünyanın ən böyük qaz yatağının inkişaf etdirilməsini təmin edəcək. Bu yataq İran və Qətərin ərazi sularında yerləşir.

FT yazır ki, sazişin imzalanması bir qədər gecikdirilib, çünki Total ABŞ-ın İrana qarşı sanksiyalarının və beynəlxalq qanunların pozulmadığına əmin olmaq istəyirdi.

ABŞ prezidenti Donald Trump seçki kampaniyası ərzində İranla bağlanmış nüvə sazişini ləğv edəcəyi ilə hədələsə də, bu istiqamətdə hələlik heç bir praktik addım atmayıb.

Buna baxmayaraq, onun administrasiyası və Senat İran üzərinə yeni sanksiyalar elan edib.

İranın islahatpərəst ekspertlərindən Səid Leylaz deyib ki, Total-la bu sazişin imzalanması ABŞ administrasiyasının yeni siyasətinin iflasını nümayiş etdirir.

Onun sözlərinə görə bu həm də onu göstərir ki, İranla bağlanmış nüvə sazişindən geriyə dönüş olmayacaq.

İran böyüklüyünə görə dünyanın ikinci qaz ehtiyatlarına və dördüncü neft ehtiyatlarına malik olsa da, onun iqtisadiyyatının qarşıdan gələn beş ildə 200 milyard dollar investisiyaya ehtiyacı var.

FT yazır ki, ötən may ayında ikinci müddətə seçilmiş mötədil prezident Həsən Ruhani hazırda məğlub etdiyi sərt xətt-hərəkət tərəfdarları ilə qızğın qarşıdurmadadır.

Bu da qeyd edilir ki, ölkənin qüdrətli İslam Keşikçiləri Korpusu ölkə iqtisadiyyatının bütün sahələrində kök ataraq, əsasən İranın beynəlxalq aləmdə təklənməsindən mənfəət götürüb.

Cənab Ruhani deyib ki, "120 minlik korpusun biznes fəaliyyəti onu əlində tapança olan hökumətə çevirib və bu tapança ölkədə özəl sektoru təhdid edir".

İndi Ruhani hökumətinin texnokratları ümid edirlər ki, Total şirkəti ilə saziş başqa Qərb şirkətlərinin də İrana yolunu açacaq. Royal Dutch Shell və İtaliyanın Eni şirkətləri artıq İranla enerji sektorunda keçid sazişlərini imzalayıb.

Total bildirib ki, bu layihədə onun payı 50.01 faiz olacaq. Bu layihəyə qoşulan Çinin CNPC şirkətinə 30, İranın Petropars şirkətinə isə 20 faizdən bir qədər az pay düşəcək.

Bu layihə əsasında əldə olunan qaz 2021-ci ildək İranın bütün daxili qaz istehlakının ehtiyaclarını ödəyəcək. Total bu layihəyə artıq 1 milyard dollar vəsait yatırıb (BBC).




[email protected]