Ermənistana qarşı nəinki sanksiyanı, hətta qınağı belə görmürük.
"Mən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Ermənistanla danışıqlardan əslində heç bir şey gözləmirəm".
Bunu açıqlamasında Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
Millət vəkilinin sözlərinə görə, Ermənistan danışıqlar prosesini artıq heç imitasiya da etmir: "ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlardan Azərbaycanın ərazisini işğal etmiş Ermənistana qarşı nəinki hər hansı sanksiyanı, hətta qınağı belə görmürük. Belə olan halda özünün cəzasız qaldığını görən və sərbəst hiss edən Ermənistan təbii olaraq öz işğalçılıq siyasətini davam etdirir. Bu çərçivədə cəbhədə təxribatlar da törədilir və münaqişənin həlli ilə bağlı hər hansı inkişaf meyli görünmür.
ATƏT-in Minsk qrupu 25 ildən artıqdır ki, bir növ beynəlxalq diplomatik turizm sektoruna çevrilib. Həmsədrlər dünyanın ən gözəl paytaxtlarında görüşlər keçirirlər, amma danışıqlar prosesində heç bir irəliləyiş yoxdur.
Əsas səbəb odur ki, hüququn aliliyinə göz yumulur, beynəlxalq hüquq normaları istifadə edilmir. Ermənistan isə bu vəziyyətdən məharətlə istifadə edir və beynəlxalq ictimaiyyəti aldatmaqda davam edir".
A.Mollazadə hesab edir ki, Azərbaycan diplomatik tədbirlərlə yanaşı, hərbi sahədə gücünü də artırmaqda davam etməlidir: "Azərbaycan səbrlə beynəlxalq təşkilatların qərarlarını gözləməlidir. Həmçinin öz Silahlı Qüvvələrini gücləndirməlidir ki, cəbhədə erməni təxribatlarına, mümkün hücumlarına hər zaman cavab verə bilsin. Burada əsas problem odur ki, Ermənistan öz müstəqilliyini itirmiş bir ərazidir. Ermənistan iqtisadiyyatı Rusiya tərəfindən özəlləşdirilib, ordusu da artıq demək olar ki, Rusiya ordusunun tərkib hissəsinə çevrilib. Çox güman ki, Ermənistan bu münaqişənin həlli ilə bağlı qərarlar verməyə heç qadir də deyil".