Güneyçilər ABŞ-İran münasibətlərinin kəskinləşməsindən narahatdır

"İki ölkə arasında müharibənin başlaması güneyli soydaşlarımıza ciddi zərbə vura bilər”

Son zamanlar İranla-ABŞ arasında gərginlik daha da artıb. Hətta bu münasibətlərin müharibəyə gətirib çıxaracağı məsələsindən də danışılır. Belə ki, hazırda ABŞ-da İrana qarşı münasibətdə kifayət qədər sərt mövqe sərgilənir. Bundan əlavə, yeni prezident Donald Trampın hakimiyyətə gəldikdən sonra yürütdüyü siyasət də Obamanın dönəmində Vaşinqton və Tehran arasında qurulmuş yüksək səviyyəli bağları məhv edib. Tramp özünə xas ritorikası ilə anti-İran addımları atır. Belə ki, onun ilk xarici səfərini Səudiyyə Ərəbistanına etməsi də ekspertlər tərəfindən Tehranla düşmənçiliyin nümayişi kimi xarakterizə olunur. Bütün bunların fonunda bu gün Suriyada da ABŞ-İran münasibətləri heç də yaxşı deyil. Məlumatlara görə, ötən ay Suriyada İran tərəfindən dəstəklənən qüvvələrə üç dəfə zərbə endirilib.

Ekspertlər bildirirlər ki, İranla müharibənin başlaması bizim üçün də heç də yaxşı nəticələr vəd etməyə bilər. Xüsusilə də güneyli soydaşlarımız aspektindən məsələyə yanaşarsaq, müharibənin başlaması arzuedilən deyil.

Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, sülhün tərəfdarıdır: "İraqın, Suriyanın və başqa ölkələrin timsalında müharibənin heç bir xalqa xoşbəxtlik gətirmədiyini görmüşük. Ona görə də inanmıram ki, İranla başlanan Amerikanın hər hansı bir müharibəsi Azərbaycanın taleyində ciddi rol oynaya bilər. Mən bölgə ilə bağlı xəritələri görmüşəm. Xəritəyə görə o bölgədə yeni biçimlənməyə getməli, sərhədlər çəkilməlidir və sairə. İran da bilirik ki, neçə xalqın torpağını bölüb, ortasından sərhəd çəkib, orada bir dövlət qurub. Bunun hamısını görmüşəm. Ancaq o xəritədə həm də mənim torpaqlarımın başqa bir xalqa verildiyini də görmüşəm. Ümumilikdə isə inanmıram ki, Amerika ilə İran arasında ciddi bir müharibə olsun. Hər halda, Amerika bölgədə artıq əzələ nümayiş etdirir. Gözləyirdik ki, Amerikada seçkilərdən sonra münasibətlər dəyişiləcək. Ancaq təəssüf ki, bölgədə vəziyyət bir qədər də gərginləşdi. Bu baxımdan, qonşuluğumuzda belə bir müharibənin başlamasının tərəfdarı deyiləm. Nəzərə də alsaq ki, İran ordusunun yarısı Azərbaycan türkləridir, ona görə də belə bir vəziyyətdə, qeyd etdiyim kimi, müharibənin olmasını istəmərəm”.

Image result for Mehriban Vəzir


Milli Müqavimət Hərəkatının rəhbərlərindən biri olmuş, yazıçı-publisist Mehriban Vəzir də "Yeni Müsavat”a müharibənin əleyhinə olduğu bildirib:


"Bütün hallarda müharibənin əleyhinəyəm və bütün ölkələr, eləcə də Azərbaycan da öz növbəsində müharibənin əleyhinə öz rəsmi mövqeyini ifadə etməlidir. Çünki müharibə o deməkdir ki, bizim bütün fəaliyyətlərimiz, xüsusilə də Güney Azərbaycanda olan istiqlal, ana dili, milli mədəniyyət, milli kimlik tarixinin öyrənilməsi uğrunda başlanan proseslər yarımçıq qalacaq. Ona görə də biz müharibənin əleyhinə olmalıyıq. Bunun da təbliğatını aparmalıyıq. Düşünə bilərlər ki, müharibə olacaq və İran parçalanacaq, nəticədə Cənubi Azərbaycan müstəqil olacaq. Ancaq mən hesab edirəm ki, bu, heç də belə deyil. Bu, ümumiyyətlə, mümkün deyil. Əslində İran dövləti müharibənin ağırlığını İraq-İran müharibəsindəki kimi soydaşlarımızın üzərinə salacaq. Bu, onların bir siyasəti olub və bundan sonra da davam edəcək. Həm də qonşuluğumuzdakı müharibə, bu qədər zəif iqtisadiyyatı, sosial vəziyyəti olan ölkəmizə çox ağır təsir göstərə, ölkəmizə qaçqın axını da ola bilər. Ona görə də müharibə başlamamalı, bunun qarşısı alınmalıdır. Məncə, güneylə bağlı şimaldakı təşkilatlar da bu məsələni müzakirə edib, özləri bir qərar çıxarmalıdırlar. Bütün hallarda mən müharibə əleyhinə olan fəaliyyəti təqdir edirəm”.

Image result for Bütöv Azərbaycan Ocaqları başqanı Zahir Əlisoy


Bütöv Azərbaycan Ocaqları başqanı Zahir Əlisoy mövzu ilə bağlı bildirib ki, əslində İran rejimi bizim üçün ortaq düşməndir: "Ona görə də bizim Amerikaya qarşı hər hansı bir aksiya keçirməyimiz doğru olmaz. İran rejimi avtoritardır və bizim hüquqlarımızı tapdalayırlar. Bunun dağılması və İranda yaşayan xalqların, o cümlədən də Azərbaycan türklərinin öz milli haqlarına sahib olmasında maraqlıyıq. İran-Amerika münasibətlərinə gəldikdə isə hesab edirəm ki, onsuz da ya hərbi yol, ya da təzyiqlər vasitəsilə İranın daxilində milli qüvvələrə dəstək verib, orada rejimi dəyişməyə nail olunacaq. Çünki dünya qloballaşıb və bu qloballaşan dünyada hər hansı totalitar, avtoritar rejimin davam gətirib, qalib gəlməsi qeyri-mümkündür. Biz İran və Amerika münasibətlərinə çox təbii baxırıq. Ancaq eyni zamanda İranın hərbi yolla vurulmasında maraqlı deyilik. Çünki orada bizim soydaşlarımız yaşayırlar və yenə də ən çox zərərçəkən Azərbaycan türkləri olacaq. Bu baxımdan, biz hərbi variantı arzulamırıq. Hesab edirəm ki, İranda rejim dəyişərsə, bütün hallarda indikindən yaxşı olacaq. Mümkün qədər biz öz istiqlalımıza nail olmalıyıq və bu yolda mübarizəmizi aparmalıyıq. İrandakı ərəblər, kürdlər də farslarla ciddi toqquşublar. Bizimlə də onlar arasında müəyyən gərginliklər davamlı şəkildə artır. Digər xalqlarla müqayisədə farslar Azərbaycan türklərinə qarşı çox aqressiv davrana bilmirlər. Çünki Azərbaycan türkləri elə İranın özü deməkdir və əhalinin mütləq əksəriyyətini təşkil etdiyi üçün çəkinirlər. Bütün bunlara baxmayaraq, onlar öz şovinist siyasətlərini davam etdirirlər”.




[email protected]