Havada belə lüksü sevənlər var...

Ev qiymətinə təyyarə biletləri və onların ilginc üstünlükləri barədə bilmədiklərimiz

Təyyarə səyahəti edən əksər insanlar uçmaq əzabını uçuş zamanı yaşadıqları əziyyətlərlə əlaqələndirirlər. Zarafat deyil, bir neçə saat adi bir kresloda tərpənmədən yol getmək, üstəgəl, yorğunluq, qorxu, diskomfort... Amma pulu olanlar bu məsələdə də özlərinə müəyyən komfortlar yaşadırlar. Söhbət, təbii ki, biznes-klass bölümündə uçmağa haqq qazanan sərnişinlərdən gedir. Və bu biletlərin özəlliyindən...


Mən havada üstünəm, çünki biletim biznes-klassdır


Bir çox hava yolları şirkətinin biznes-klass uçuşları bir-birindən fərqlənir. Əgər sizin biznes-klass biletiniz varsa, xidmətlər təyyarə içində yox, aeroporta gəlmədən öncə də başlana bilər. Xüsusən də okean üstü uçuşlardakı biznes-klass biletləri sayəsində baqaj haqlarınız daha üstün olur. Aeroporta addım atdığınız andan etibarən növbə gözləmək məcburiyyətində qalmırsız. Özəl qapılardan təyyarəyə çatmaq şansı əldə edirsiniz.


Biznes-klassın özəl salonlarını da yaddan çıxarmayaq. Baqaj limiti ən azı 10 kilo olan hava limanlarında biznes-klass sərnişinləri xüsusi xidmətlərdən yararlanırlar. Bundan başqa, onların uçduğu salon daha geniş, oturduğu kreslolar daha rahat, enlidir. İnsanın özünü daha yaxşı hiss etməsi üçün salonlarda içki və yeməklərin dadına uçuşa qədər baxmaq şansını da unutmaq olmaz. Komfortlu kreslolarda internetdən faydalanmaq lüksü də bunların içərisindədir.


Biznes-klass sərinişinləri təyyarədə özlərinə yer tapandan sonra stüardessalar dərhal xidmətə başlayır. Uçuş özəl bir kabinədə baş tutduğu üçün bir stüardessa da yalnız sizə xidmət göstərmiş olur. Bu zaman sərnişinin heç bir istəyini xüsusi olaraq təkrarlamasına ehtiyac yoxdur. Uçuş müddətinə görə müəyyənləşən yemək saatlarında biznes-klass sərnişinləri çox özəl ləzzətlər arasında seçimini edə bilir. Biznes-klass sərnişinlərinin menyüdən istədiyi seçimi etmək imkanı var.


Biznes-klasla həyata keçirilən, uzun müddət davam edən uçuşlarda vaxtın necə keçdiyini anlamamağınız üçün çoxlu sayda əyləncə var. Filmlər, musiqilər, seriallar, sənədli filmlər, səsli kitab kanalı, xəbər kanalları, uşaq proqramları və daha bir çox seyr imkanı biznes klass sərnişinləri üçün nəzərdə tutulub. Bundan başqa, biznes-klass uçuşlar zamanı qısa mesaj və elektron məktub da yollaya bilirsiniz, qarşı tərəfdən də cavab almaq imkanınız yaranır. Beləliklə, təcili bir işiniz varsa, bu, axsamır və ya yaxınlarınızla əlaqələriniz heç zaman ləngimir. 
Daha bir üstünlük də baqajla bağlıdır. Məsələn, Azərbaycan Hava Yolları ilə uçan sərnişinlər üçün pulsuz baqaj daşıma haqqı:
Biznes-klassda - 50 kq baqajda və iki 5 kq-lıq yer (cəmi 10 kq) salonda;


Ekonom-klass üçün - 40 kq baqajda və bir 5 kq-lıq yer salonda;


yeri olmayan körpələr üçün - boş yer olduğu təqdirdə salona keçirilməsi mümkün olan 10 kq baqaj.


Bəzi təyyarələrdə tək bir düyməyə toxunaraq tamamilə yatağa çevrilən biznes-klass kresloların kefini çıxarmaq olur. Toxunmatik control ekranından istifadə edərək, kreslonuzu öz seçimlərinizə və komfortunuza uyğun şəkildə ayarlaya bilirsiniz. Tamamilə yatağa çevrilən biznes-klass kresloları bütün "Emirates A380" təyyarələrində və bir çox ”Boeing 777" təyyarəsində mövcuddur.


Britaniyanın "Skytrax” tədqiqat şirkəti 2 milyon sərnişin arasında sorğu keçirib. Qətərin 5 ulduzlu milli hava yolları şirkəti olan "Qatar Airways” 1993-cü ildə yaradılsa da ilk uçuşunu 1 il sonra Küveyt Hava Yollarından icarəyə götürdüyü "Boeing 767-200ER” təyyarəsi ilə başlayıb.


Mərkəzi ofisi Doha şəhərində yerləşir. Bu il istifadəyə verilən yeni Hamad Beynəlxalq Aeroportunda sərnişinlər çoxsaylı lüks mağazalar, konfrans zalları, uşaq otaqları, oyun meydançaları, tədris zalları, sauna, cakuzi, eləcə də restoranlar şəbəkəsindən yararlana bilərlər.
Britaniyanın "Skytrax” tədqiqat şirkətinin 2 milyon sərnişin arasında 10 aya yaxın müddətdə apardığı sorğuya əsasən, "Qatar Airways” dünyanın bir nömrəli hava yolları seçilib. 2014-cü ilin ən yaxşı "Business Class” kabini də "Qatar Airways”ə məxsusdur.


Təyyarə salonları:


"Birinci klass” - sərnişinlərə çarpayıya çevrilən rahat kreslolarla yanaşı, uçuş zamanı 15 düymlük videodispleyli sistem, televiziya, şəxsi telefon, elektrik şəbəkəsi, eləcə də yataq ləvazimatları və digər aksessuarlar təqdim edilir.


"Biznes klass” - sərnişinlərinə 160 dərəcə açılaraq çarpayıya çevrilən rahat oturacaqlar və bir sıra uçuş xidmətləri paketi təklif olunur. Gələcəkdə aviaşirkət uzunmüddətli uçuşlar zamanı "Boeing 777-200LR” təyyarələrində kreslo-çarpayı yeniliyini tətbiq edəcək.


Hazırda şirkət Afrika, Mərkəzi Asiya, Avropa, Uzaq Şərq, Cənubi Asiya, Orta Şərq, Şimali Amerika, Cənubi Amerika və Okeaniya da daxil olmaqla, dünyanın 144 şəhərinə uçuşlar həyata keçirir. Yaxın 4 ildə isə istiqamətlərin sayı 170-ə çatdırılacaq.


2013-cü ilin iyul ayından Qətər Hava Yolları İspaniyanın "Barselona” futbol klubunun sponsorudur. Bundan başqa, şirkət Anorthosis Famagusta klubu ilə də əməkdaşlıq edir.


Sizi təyyarəyə girən kimi lüksə qonaq edirlər


Türkiyənin "Milliyyət” qəzetində bununla bağlı maraqlı bir dosye hazırlanıb. Bu uçuşu gerçəkləşdirən bir mütəxəssis səyyah biznes-klass sərnişinlərinin yaşadıqlarını anladıb. Musavat.com təcrübəli səyyahın yazdıqlarını sizinlə bölüşür:


"Biznes Klass biletinizi aldınız, xeyirli olsun. Aeroporta gəldiniz, amma qeydiyyatda uzun bir növbə. Siz darıxmayın, çünki ayağınızın altına qırmızı xalılar sərilib. Sizdən əvvəl dayanan 1-2 nəfər var, ya da qarşınızda ümumən heç kim yoxdur. Ona görə də biznes-klass sərnişinləri üçün ayrıca girişdən qeydiyyatınızı həyata keçirəcəksiz. Üstəlik, ən azı 10 kilo daha artıq çəkidə baqaj daşımaq kimi üstünlüyünüz var. Əl baqajınız 10 kiloya qədər qəbul edilsə də, biznes-klass sərnişinləri üçün bu, 13-14 kiloya qədərdir. Təyyarəyə də eyni qaydada, özəl girişdən keçəcəksiz. Burda da uzun növbələr gözləmək əzabınız olmayacaq.


Təyyarə gəldi, qapıya çatdınız. Burda da tələsməyə ehtiyac yoxdur, növbəyə dayanmağa da. Siz təyyarədə toplam 20-30 oturacağı olan bizness sərnişinləri üçün açılan özəl sıradan içəri keçəcəksiniz. Boardinqini (keçid kartını) göstərən biznes-klass sərnişinləri hər kəsin mindiyi böyük avtobusa yox, özəl bir mikroavtbusa minir. Təyyarənin ən qabaq qapısından keçid isə ancaq biznes-klass sərnişinlərinə aiddir. Bu, xarici səfərlər üçün keçərlidir, daxili səfərlərdə belə bir sistem yoxdur. Buradakı əsas məntiq isə təyyarənin içinə girən biznes sərnişinin dərhal soyuq dəsmalla sərinlədilməsi, "xoş gəldiniz” deyərək, bəzi təamlara qonaq edilməsidir. Bundan başqa, təyyarənin digər sərnişinləri biznes-klasdakılara mane olmamaq üçün koridordan keçirlər.


Onların yemək menyusu olduqca fərqlidir


Təyyarənin içində ancaq biznes-klass sərnişinlərinin istifadə edə biləcəyi özəl ayaqyolları da var. Beləcə, gecənin bir saatı oyandığınız zaman ayaqyolu növbəsində də gözləməmiş olursunuz. Üstəlik, onlara aid ayaqyoluların içində ekonomdan fərqli olaraq, parfümeriya, kolonya, yaş dəsmal, diş fırçalama seti, üz qırxma seti, əl kremi də olur.


Bundan başqa, "biznes klass” sərnişinlərinin son dərəcə geniş bir yemə-içmə menyusu və yol boyunca "qa” deyəndə yemək, "qu” deyəndə su istəmək kimi bir lüksü var. Biznes sərnişinlər üçün özəl hazırlanmış bir torbanın içində isə əsasən daraq, yatmaq üçün parçadan hazırlanan eynək, üz qırxma dəsti, qulaq tıxayıcı, əl və ya dodaq kremi, diş fırçalama seti və xüsusi corab olur. Corab deyib keçməyin, siz o corabla səyahət boyunca rahat hərəkət edə bilirsiz, ayaqqabılarınızı təyyarədə çıxarmaq, ayaqyoluna belə corabla getmək lüksünüz var.


Yeməkdə limit yox, yatmaq üçün xüsusi oturacaq və...


Əgər səyahətiniz uzundursa, o zaman səhər, nahar, şam yeməklərini də burda edəcəksiz. Menyunu da təbii ki, özünüz seçəcəksiz. Yemək aralarında mədəniz istəsə, yenə də sizə özəl hazırlanan sendviçlər, kekslər, peçenyelər, atışdırma xarakterli yeməklər xidmətinizdədir. 
Biznes-klass sərnişinləri üçün təyyarə daxili bəzi əyləncələr də var. Belə ki, pultla, ekran üzərinə toxunaraq və ya cib telefonu tərzli bir pultla idarə edilən ekranlarda istədiyiniz filmə, klipə, seriallara, sənədli filmlərə baxa, səyahətinizi zövqlü hala gətirə bilərsiz. Uşaqlar üçün oyunlar da öz yerində.


Yazıda qeyd edilib ki, biznes-klass uçuşunun ən böyük özəlliyi sərnişinlərə rahat yatma şəraitinin yaradılmasıdır. 12-18 saat arası səyahət edənlər üçün rahat yuxu vacib şərtdir. Əgər ekonom-klasla uçuş gerçəkləşdirsəniz, istədiyiniz kimi, rahat yata bilməyəcəksiniz ki, bu da səfərinizin sonrakı hissəsində sizə problem yaradacaq. Biznes-klass sərnişinləri isə 140-160 dərəcə və hətta 180 dərəcəyə qədər açılan oturacaqlarda yata bilirlər və səfər bitəndə özlərini daha rahat hiss edirlər".


14 min dollarlıq lüks bilet də var, 30 min dollarlıq da


Bu, bir səyyahın danışdıqları və gördükləri idi. Amma bizim bildiyimiz fakt budur ki, "biznes klass” təyyarə biletləri standartdan ən azı iki-üç dəfə fərqlənir. Bununla yanaşı, dünyada astronomik məbləğlərə, uzun məsafələr üçün biznes-klass bilet qiymətləri də var. Ev qiymətinə, maşın qiymətinə biletlərdən danışırıq sizə. Onların bəzilərini nəzərinizə çatdıraq:


Nyu York-Sinqapur


"Singapur Havayolları” - bir nəfərlik bilet 14.000 dollar
Los Angeles - Melbourne
"Qantas Havayolları” - bir nəfərlik bilet - 14.974 dollar
Los Angeles - Tokyo
"Japon Havayolu”. Burada isə təkcə oturacaq yox, sərnişinlər özlərinə aid bir suit alırlar az qala. Bir nəfərlik bilet - 16.078 dollar
New York- Singapore
"Virgin Atlantik” Havayolları" ilə. Bir nəfərlik bilet - 21.000 dollar 
New York - Sinqapur
İsveçrə Havayolları ilə. Bir nəfərlik bilet - 22.265 dollar
Hong Kong - New York
"Cathay Pacific” Havayolları ilə. Bir nəfərlik bilet - 26.247 dollar. 
New York - Pekin
Koreya Havayolları ilə. Bir nəfərlik bilet - 27.000 dollar. 
San Francisco - Abu Dabi 
"Emirates” Havayolları ilə. Bir nəfərlik bilet - 28.090 dollar. 
Los Anceles-Dubay 
"Emirates” Havayolları ilə. Birnəfərlik bilet - 30.000 dollar





[email protected]