WhatsAppla zəng qadağası bitdi, amma müəmmalar bitmir

Ekspertlər məsələnin təkcə təhlükəsizliklə bağlı olmadığını iddia edir

Xəbər verdiyimiz kimi, Skype və WhatsApp-da beynəlxalq görüntülü əlaqə bərpa olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərində bəzi problemlərin olmasına münasibət bildirib.


Nazilikdən verilən məlumatda qeyd olunub ki, ölkəmizdə uğurla keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (Skype, Viber, WhatsApp və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaradıb: "Həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib. Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər”.


"Yeni Müsavat” isə xatırladır ki, qadağa prosesi bir neçə mərhələli davam etdi. Öncə WhatsApp-da görüntülü və görüntüsüz danışıqlar qadağan edildi. İnsanlar internet vasitəsilə alternetiv danışıq üsulları axtarmağa başladılar. İlk köməyə gələn Viber oldu. Bir neçə gün ondan istifadə edənlər daha sonra onunla da danışığın mümkünsüz hala gəldiyini gördülər. Ardınca Messenger vasitəsilə danışıq imkanları tətbiq olundu. Qısa müddət sonra ona da qadağa qoyuldu. Əhalinin daha sonra tətbiq etdiyi danışıq vasitələri isə İmo və Facetime oldu. Ötən həftənin sonlarına doğru onlara da qadağa qoyuldu. Halbuki həmin vaxt İslam oyunları bitmişdi və səbəb heç də oyunlarla bağlı görünmürdü. 
Məhz əksər vasitələrə qadağa qoyulandan bir neçə gün sonra Skype və VhasApp-da danışıq bərpa olundu. Bu isə ilk gündən bəri qadağanın oyunlarla bağlı olmaması versiyasını gücləndirdi.

Image result for Ekspert Arzu Nağıyev


Ekspert Arzu Nağıyev daha öncə "Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, bu qadağa tək antiterror tədbirləri ilə bağlı deyil. Onun sözlərinə görə, böyük tədbirlərin keçirilməsi vaxtı təhlükəsizlik məsələsi kompleks şəkildə təmin edilməlidir: "Dünya təcrübəsinə nəzər salsaq görərik ki, əsasən əməliyyat -axtarış fəaliyyətini həyata keçirən orqanlarla birlikdə belə qərarlar verilə bilər. İlk növbədə həmin messenger servisi fəaliyyəti həyata keçirən qurumlar oz üzərinə götürdükləri öhdəlikləri də yerinə yetirməlidirlər. Məsələn Rusiyada rəsmi olaraq BlackBerry Messenger, Imo i Line Roskomnadzor tərəfindən qadağa edilib və bağlıdır. Səbəb də onlar tərəfindən əhəmiyyət kəsb edən məlumatların təqdim edilməməsidir. Eyni zamanda həmin servislər özlərinin yayıcı funksiyasının təşkilatçısı olmadığını və buna cavabdehlik daşımadıqlarını bildirirlər. Bundan başqa, ən çox uzaq məsafəyə yük daşıyan avtomobillərdə istifadə edilən Zello ratsiyaları da bağlanıb, səbəb də məlumatın təqdim edilməməsidir. Zello pulsuz proqramı smartfonları və planşetləri real rejimdə ratsiyaya çevirə bilir. Yəni ölkədə qeydiyyatdan keçən hər bir bu formalı rabitə növləri mütləq şəkildə son altı aylıq arxivini yaratmalı və xüsusi xidmət və ya hüquq-mühafizə orqanlarının əməliyyat fəaliyyəti ilə bağlı sorğu əsasında təqdim etməlidirlər. Bu məlumatlara istifadəçinin kimliyi,qeydiyyat nömrəsi və s. aiddir. Bu, eyni zamanda şifrələnmiş məlumatlara da aiddir”.


WhatsApp üzərindən doğmaları ilə əlaqə quranlar, biznesini təmin edənlər əhəmiyyətli şəkildə əziyyət çəkdi. İnsanlar daha çox yerli və beynəlxalq zənglər üçün yerli mobil operatorların xidmətlərindən istifadə etdilər. Bu isə onların şəxsi büdcəsinə zərbə vurdu. Bundan başqa, ilk gündən etibarən insanlara bu barədə hər hansı hesabat verilmədi, onları sualların içində saxladılar. Beynəlxalq tədbirə görə bu qadağanın tətbiqi isə istifadəçiləri daha çox narahat edir. Axı gələcəkdə Azərbaycan bu cür tədbirlərə çox ev sahibliyi edəcək. O halda ölkə insanı ildə neçə dəfə, neçə günlük aralıqlarla beynəlxalq danışıqlar məsələsində əziyyət çəkəcəklər?


Bundan başqa, insanlar son günə qədər alternativ vasitələrdən istifadə edə bildilər. Bu isə o deməkdir ki, qara məqsədli insanlar da bu cür vasitələrdən asanlıqla istifadə edə bilərlər. O halda təhlükəsizliyin təminatı üçün alternativ vasitələrdən istifadə olunması daha məqsədəuyğundur.


Bəzi ekspertlər isə deyirlər ki, bu, əslində İslam Oyunlarından daha çox yerli mobil operatorlarla bağlı qəbul olunan qərar idi. Çünki məqsəd beynəlxalq zənglərdən dolayı gəlirləri azaldılmış mobil operatorların əvvəlki imkanlarını geri qaytarmaq olub.





[email protected]