Hüquqşünas: "Kompensasiyanın məbləğinə yenidən baxılmasına ehtiyac var”
Mətbuatda tez-tez müxtəlif vəzifə sahiblərinin dünyalarını dəyişməsi ilə bağlı xəbərlərə rast gəlirik. Son olaraq Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İlqar Dadaşovun vəfatını qeyd etmək olar. Belə ki, 1956-cı il təvəllüdlü İlqar Dadaşov Lənkərandan Bakıya gedərkən yolda ürəktutmadan ölüb.
Bəs maraqlıdır, ölkədə qanunvericiliyə görə dövlət vəzifəsində təmsil olunan şəxslər dünyasını dəyişərlərsə onların ailələri üçün hər hansı bir güzəşt, təzminat tətbiq olunurmu?
"Yeni Müsavat”a danışan hüquqşünas Ələsgər Məmmədli bildirib ki, Azərbaycan qanunverciliyinə görə ailə başçısı dünyasını dəyişərsə, azyaşlı uşaqlara dövlət tərəfindən yardım edilir: "Əgər ailədə azyaşlı uşaq varsa, valideyn itirməyə görə 18 yaşına qədər ona dövlət tərəfindən yardım edilir. Uşaq təhsilini davam edərsə, kompensasiyanın müddəti onun 23 yaşına qədər uzadılır. Bu normalar vəzifəsindən asılı olmayaraq hər kəsə tətbiq olunur. Lakin prezident və onun ailəsi ilə bağlı xüsusi qanun mövcuddur. Belə ki, onun ailə üzvləri də qoruma altındadırlar və müəyyən kompensasiya alırlar. Qanuna görə hansısa dövrdə prezident olmuş şəxsin özünə və dünyasını dəyişdikdə ailəsinə də istər təchizatı, istərsə də maddi baxımından yardım edilir. Yəni prezident və onun ailəsi üçün digər şəxslərə aid olmayan proseduralar müəyyən olunub. İş prosesində isə dünyasını dəyişən hər kəsin ailəsinə kompensasiya ödənilir. Yəni bu məsələdə hər hansı bir fərq qoyulmur. Bundan başqa isə son zamanlar qanuna məcburi sığorta məsələsi də salınıb. Belə ki, ölən şəxslərin ailələrinə onların işinin risk qrupuna görə müəyyən sığorta tətbiq olunur. Bəzən bu prosedura uyğun olaraq ailəyə ödənilən məbləğ 100 min manatdan da çox ola bilir. Həmçinin daha az miqdarda da sığorta oluna bilər. Əgər şəxsin bilavasitə iş prosesini yerinə yetirən zaman dünyasını dəyişməsi həqiqətən də sübut olunarsa, o zaman sığorta olunmuş məbləğ ailəyə tam həcmdə ödənə bilər”.
Hüquqşünas bildirib ki, Azərbaycanda bu məsələ ilə bağlı proseduralar getdikcə beynəlxalq standartlara uyğunlaşdırılır: "Lakin müəyyən problemlər də yox deyil. Xüsusilə bizdə problem o zaman yaranır ki, bir şəxs uzun müddət eyni yerdə işləyib, ancaq hansısa səbəbdən işdən çıxarılırsa, verilən kompensasiyanın məbləği çox az olur. İşdən çıxma müavinəti olaraq staja görə daha çox kompensasiya verilməlidir. Ailə başçısını itirməyə görə də verilən kompensasiya məbləğləri, hesab edirəm ki, çox aşağıdır. Bununla bağlı gerçək iqtisadi, sosial şərtlər nəzərə alınıb daha sonra doğru rəqəmlər müəyyən olunmalıdır. Məsələn, bir ailə başçısının itirilməsinə görə 100 manat müavinətin verilməsi əslində o ailənin faktiki olaraq heç bir işinə yaramır. Bu məbləğ sadəcə olaraq çörəkpuluna çata bilər. Ancaq normalda dünyasını dəyişən ailə başçısının maddi baxımdan boşluğu dolmur. Ona görə də təəssüf ki, iqtisadi baxımdan bu məsələlərə yanaşılması zəruri olduğu halda, belə addım atılmır. 100 manat bir uşağın inkişafı üçün heç də normal məbləğ deyil. Bu gün əgər minimum istehlak səbəti bir nəfər üçün 150 manat müəyyən olunursa, 5 nəfərlik ailə üçün minimum 750 manat lazımdır. Bu məsələlər gərək düzgün hesablansın. Hesab edirəm ki, problemin həlli üçün müəyyən fondlar təyin olunmalı və dövlətin qayğısı hiss edilməlidir”.
Xarici ölkələrdə bu məsələlərin necə tənzimlənməsinə gəlincə isə Ə.Məmmədli aşağıdakıları bildirib: "İnkişaf etmiş ölkələrdə bununla bağlı demək olar ki, heç bir problem yoxdur. Həmin ölkələrdə dövlət tərəfindən ailə başçısını itirmiş şəxslərin qayğısı tam olaraq nəzarətə götürülür. Çünki orada həm də məcburi olaraq normalar nəzərdə tutulub. Bu normalara görə işləyən şəxsin həyatı, əməyi sığortalanır”.