Atasını maşınla vurub öldürən oğul cəzadan azad ola bilərmi?; vəkil Ceyhun Yusifov: "Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi önəmlidir”
Sumqayıt şəhərində oğul idarə etdiyi avtomobillə atasını vurub. Hadisə şəhərin 20-ci məhəlləsinin ərazisində baş verib. Yolu keçən Şabran rayon sakini Nizami Rəsulov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. İlkin olaraq cinayətin ehtiyatsızlıqdan törədildiyi haqda məlumat yayıldı. Sonrakı araşdırmalar zamanı bəlli oldu ki, N.Rəsulovu vuran avtomobilin sükanı arxasında oğlu Nazim Rəsulov olub. İstintaqın sonrakı gedişatında olayın qəsdən törəilməsi haqda əlamətlər müəyyən olundu.
Azərbaycanda tez-tez ehtiyatsızlıqdan baş vermiş cinayətlər haqda məlumatlar yayılır. "Əsgər yoldaşını ehtiyatsızlıqdan yaraladı”, "Ov zamanı ehtiyatsızlıqdan dostunu öldürdü” kimi xəbərlər ara-sıra eşidilir.
Belə cinayətlərin araşdırılması, istintaqı zamanı olayın qəsd və ehtiyatsızlıq olması necə müəyyən edilir?
Əgər qatillə qətlə yetirilən qohumdursa, vəziyyət dəyişirmi? Məhkəmə hökm çıxararkən qohumluq əlaqələrinə və hadisənin sırf ehtiyatsızlıqdan baş verməsinə görə daha yüngül cəza təyin edə bilərmi?
Tanınmış vəkil Ceyhun Yusifov deyir ki, Azərbaycanda ehtiyatsızlıqdan baş vermiş cinayətlərin qəsdən törədilmiş cinayət kimi tövsif olunması praktikası var. Və ya əksinə, qəsdən törədilən cinayətlərin ehtiyatsızlıqdan törədilən cinayətlər kimi təqdim edilməsi hallarına da rast gəlinir: "Ehtiyatsızlıqdan törədilən cinayətlərin əlamətləri var. Həmin əlamətlərə əsasən cinayətin qəsdən və ehtiyatsızlıqdan törədilməsi müəyyən olunur. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı nəzərə alınır.
Qəsdən adam öldürmə cinayəti birbaşa və dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən - məsələn, başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi üzündən baş vermir.
Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-in 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqla ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi önəmlidir. Bu məsələ həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası - məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi, həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.
Cinayət Məcəlləsinin 124.1 maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürməyə görə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Bu maddənin 2-ci bəndinə əsasən ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürməyə görə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Azərbaycanda məsələ belə qoyulur ki, əgər ölüm varsa, daha çox qətl versiyası işlənir. Son zərurət, zəruri müdafiə institutları əsasən tətbiq edilmir. Ölüm varsa mütləq deyil ki, burada qəsd var. Zəruri müdafiə həddini aşma da, ehtiyatsızlıqdan adam öldürməyə səbəb ola bilər".
Vəkil deyib ki, insanın həyatdan məhrum olunmasına yönələn hərəkətlərin onun yaxın və ya uzaq qohumu, qohumluğu olmayan şəxs tərəfindən törədilməsi elə də əhəmiyyət kəsb etmir.
C.Yusifov deyir ki, ehtiyatsızlıqdan törədilən cinayətlərin düzgün tövsif olunması üçün məhkəmə praktikası ümumiləşdirilməlidir.