Əhməd Qəşəmoğlu: "Bunu inzibati yolla qadağan etmək lazımdır”
Ötən gün Biləsuvarda baş verən intihar hadisəsi hər kəsi şoka saldı. Belə ki, ilkin məlumata görəz rayonun Aşağı Cürəli kəndindən olan Könül Abbasova valideynləri tərəfindən zorla xalası oğluna ərə verildiyi üçün özünü asaraq intihar edib. Məlum olub ki, Azərbaycan dili və ədəbiyyat müəllimi olan Könül Abbasova 4 ay əvvəl ailə quraraq Bəydili kəndinə gəlin köçüb. Hadisənin əsl səbəbləri hələ ki aydınlaşmasa da, ölkəmizdə artan səviyyədə davam edən qohum nikahları ilə bağlı mövzunu yenidən aktual edib.
Qohum nikahların fəsadları haqda həkimlərin xəbərdarlıqlarına baxmayaraq ölkəmizdə bu cür nikahlar azalmır, hətta regionlarda daha da artmağa başlayıb. Cəmiyyətimizdə bu gün də "əmi qızı ilə əmi oğlunun nikahı göydə kəsilib”, "qohum ətimizi yesə də, sümüyümüzü çölə atmaz” deyə ifadələr populyardır. Təkcə əmi uşaqları deyil, xalaqızı-xalaoğlu, bibioğlu-dayıqızı və sairə, qohumlar nikaha girməkdə davam edir və nəticədə həm fiziki, həm də əqli cəhətdən qüsurlu uşaqlar dünyaya gəlməkdədir.
Halbuki bir çox Avropa ölkələrində, o cümlədən İngiltərədə, Hollandiyada, İsveçdə, hətta Küveytdə, Hindistanda, Fələstində, Livanda, Ərəbistanda qohum evliliklər çox nadir hallarda rast gəlinir. Türkiyəyə gəldikdə isə qardaş ölkədə vəziyyət Azərbaycanda olduğu kimidir. Yalnız Trayka bölgəsində qohumların evliliyi xoş qarşılanmır.
Statistik məlumatlardan belə məlum olur ki, ölkəmizdə baş tutan nikahların demək olar ki, 50 faizi qohumlar arasında olan evliliklərdir. Qohumların nikahı daha çox bölgələrdə, o cümlədən Şəki, Masallı və digər yerlərdə müşahidə olunmaqdadır. Təəssüflə qeyd edək ki, bu cür nikahlardan doğulan uşaqların böyük əksəriyyəti qüsurlu olaraq dünyaya gəlir. Statistik məlumata görə, daha çox xalaoğlu-xalaqızı evliliyindən olan uşaqlar qüsurlu doğulurlar. İkinci yerdə əmioğlu-əmiqızı, digər sırada isə bibioğlu-dayıqızı nikahları durur. Ekspertlər qeyd edirlər ki, ana tərəfdən olan qohumların nikahlarından dünyaya gələn uşaqlar daha çox əqli cəhətdən zəif olurlar. Eyni zamanda müxtəlif xəstəliklər var ki, yadla evlilikdə onlar özlərini büruzə verməsə də, qohum genlər birləşən zaman daha tez ortaya çıxa bilir. Buna görə də qohum cütlüklərin qüsurlu uşaq dünyaya gətirmə riski çox böyük olur.
Bəs qanun nə deyir?
Azərbaycan qanunvericiliyində yalnız bacı-qardaş nikaha girə bilməz. İkinci və üçüncü dərəcəli qohumların nikahında isə qadağa yoxdur. Qanuna əsasən 1-ci dərəcəli qohumlardan başqa hər kəs könüllü olaraq, tərəflərin qarşılıqlı razılığı əsasında nikaha girə bilər.
Cəmiyyətimizin bəlasına çevrilən qohum nikahlardan necə qurtulmaq olar?
Sosioloq Əhməd Qəşəmoğlu mövzuya bu cür şərh bildirdi:
"Bu bizim cəmiyyətimizdəki cəhalətlə bağlıdır. Bu cəhaləti ortadan götürə bilmirik. Tez-tez mətbuatda, mediada məlumatlar dərc olunur, qohum nikahların fəsadları açıqlanır. Sadəcə, valideynlərin düşüncəsini dəyişə bilmirik. Görünür ki, bunu inzibati yolla qadağan etmək lazımdır. Çünki əgər bu məsələ neçə dəfə izah edilib və bildirilib ki, bu nikahlardan doğulan uşaqlar əsasən qüsurlu olur, bu da həm ailə üçün və cəmiyyət üçün bir problemə çevrilir, lakin buna əhəmiyyət verən yoxdur. Bir daha qeyd edirəm, əgər insanlar bunu başa düşmək istəmirsə, məsələni inzibati yolla həll etmək lazımdır. Valideynlərin maarifləndirilməsi ilə bağlı görünür ki, xüsusi işlər aparılmalıdır. Bu məsələdə televiziyaların öhdəliyinə çox böyük iş düşür. Son vaxtlarda cəmiyyətimizdə elə bir böyük dəyişikliklər yaranıb ki, valideynlərin hər sahədə maarifləndirilməsinə böyük ehtiyac yaranıb, istər təhsil, istər də evlilik barədə”.