Azərbaycan iqtisadiyyatının neftdən asılılığı azalırmı?

Ekspertlər müsbət tendensiya görürlər, ancaq...

Neftin dünya bazarında ucuzlaşmasından sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində dövlət proqramları tətbiq olunub, islahat yönümlü addımlar atılmağa başladı. Dövlət başçısı da keçirdiyi müşavirələrdə sahibkarların fəaliyyətinə dəstək və qayğıdan bəhs edib, onların inkişafının prioritet məsələ olduğunu vurğulayıb. Bəs görülən tədbirlər nəticəsində ötən dövr ərzində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı nə dərəcədə azalıb?


Deputat Vahid Əhmədova görə, bu asılılıq getdikcə azalır: "Uzun müddətdir ki, bu barədə çox danışılıb, dövlət başçısı tərəfindən də müəyyən göstərişlər verilib. Əsasən 2016-2017-ci illərdə asılılıq müəyyən qədər aradan qaldırılıb. Düzdür, hazırda neft yenə də əsas ixrac məhsulumuzdur, milli valyutamız da faktiki olaraq neftdən asılıdır. Amma buna baxmayaraq qeyri-neft sektorunun inkişafı üçün işlər görülür. Xüsusən də kənd təsərrüfatında inkişaf var, müxtəlif sənaye obyektləri tikilir və s. Eyni zamanda son vaxtlar idxal 2 dəfə azaldılıb ki, bu da müsbət haldır. Ölkə prezidentinin 2016-cı ildə təsdiq etdiyi strateji yol xəritəsində 11 sahənin inkişafı nəzərdə tutulub. Bura maşınqayırma, bank, nəqliyyat sektorları və s. daxildir. Hazırda Sumqayıtda, Mingəçevirdə, Balaxanıda salınan sənaye zonaları, nəqliyyat sektorunda gedən ciddi irəliləyişlər aparılan işlərin göstəricisidir. Bu gün Qaradağda Böyük Dəniz Limanı tikilir. Bütün bunlar prosesin getdiyini göstərir. İşlər görülür, lakin müəyyən qədər zaman lazımdır. Amma ümumi götürəndə qeyri-neft sektorunun inkişafı, əlbəttə, ürəkaçan deyil. İstərdik ki, bu sektor inkişaf eləsin və Azərbaycan ümumiyyətlə, neftdən asılı olmasın. Amma hələlik asılılıq var. Çünki bizim dövlət büdcəmizin hardasa 50 faizdən çoxunu neft gəlirləri təşkil edir və sosial layihələr də neftdən gələn gəlirdən asılıdır. 2017-ci ilin 5 ayında qeyri-neft sektorunda daha çox artım olub. O cümlədən idxal kəskin azalıb, ixrac artıb. Əgər qeyri-neft sektorunun inkişafına 10 il əvvəl başlasaydıq, bu gün elə ciddi bir problemimiz olmazdı”.


İqtisadçı ekspert Natiq Cəfərli də ölkə iqtisadiyyatının neftdən asılılığının azaldığını bildirsə də, bunun çox az olduğunu dedi: "Əslində makroiqtisadi göstəricilərə baxanda görürük ki, asılılıq azalmayıb. Çünki xarici ticarətdə hələ də neftin hegemonluğu hiss olunur. Son illərdə, sadəcə, qazla bağlı artım var. Belə ki, ixracatın 8 faizni qaz təşkil edib. Halbuki bu göstərici 1 il bundan öncə 2 faizə çatmırdı. Lakin bu da neft-qaz sektorudur. Neftdə müşahidə olunan azalma da təbiidir. Çünki son illər Azərbaycanda neftin hasilatı azalıb. Xarici ticarətdə neftin payının azalması qazın payının çoxalması hesabına baş verib. Amma buna yenə də resursdan asılılıq demək mümkündür. Yeganə azalmalar ondan ibarətdir ki, əvvəllər neftin qiymətinin yüksək, hasilatın çox olduğu dövrdə Azərbaycanda ümumdaxili məhsulda neftin payı kifayət qədər yüksək görünürdü. İndi ümumdaxili məhsul dollar ekvivalentində xeyli dərəcədə azalıb. Cəmi 3 il bundan öncə bizim ümumdaxili məhsulumuz dollar ekvivalentində devalvasiyalardan öncə təqribən 72 milyard dollar idi, bu gün artıq 32-35 milyard dollara qədər azalıb. Yəni ümumdaxili məhsulun azalması fonunda neftin payı da azalıb. Yəni bu, qeyri-neft sektorundakı ciddi irəliləyişin nəticəsi deyil. İnkar etmək olmaz ki, keçən il kənd təsərrüfatının inkişafında az da olsa artım müşahidə olundu. Bu da Rusiya il Türkiyə arasında gedən münaqişənin nəticəsidir ki, bu münaqişə zəminində Azərbaycan malları Rusiya bazarında Türkiyə məhsullarını əvəz eləməyə nail oldu. Əsasən də pomidor ixracatı təqribən 7 dəfə artıb. Bütün bu xırda artımlara baxmayaraq, ümumən götürəndə Azərbaycan iqtisadiyyatında həm ümumdaxili məhsulun, həm xarici ticarətin formalaşmasında, həm büdcədə neftin rolu, hələ də kifayət qədər yüksək səviyyədədir. Neftdən gələn gəlirlər büdcənin 50 faizini təşkil edir. Dolayısı ilə neftdən asılılıq var. Neft sahəsindən gələn vergilər ümumi vergi toplanmasının 30 faizini təşkil edir.


Dövlət tərəfindən qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan işlərə gəldikdə isə, ekspert dedi ki, bunların ən yaxşı halda növbəti iki ildə nəticə verməsi gözlənilir.




[email protected]